Ankaranın Suriya siyasəti yenidən dəyişir - TƏHLİL

Ankaranın Suriya siyasəti yenidən dəyişir - TƏHLİL


14:52     12 Avqust 2016 turkey%20sur3.jpg

Ərdoğanla Putin arasında keçirilən Sankt-Peterburq görüşünün mühüm geosiyasi nəticələrini artıq görməkdəyik. “Ərəb baharı”ndan bu yana Suriya ilə bağlı qəti mövqe sərgiləyən Türkiyə iqtidarı yavaş-yavaş fərqli siyasi xətt cızmağa başlayır.


Çıxışlarında Rusiyanın Suriyadakı fəaliyyətini kəskin tənqid edən, “Bəşər Əsəd Rusiya ilə birlikdə sivilləri öldürür” şəklində fikirlər səsləndirən Ərdoğan Türkiyənin xarici siyasətində 180 dərəcə dönüş etmək üzrədir. Sankt-Peterburq görüşündən dərhal sonra jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir fikir vurğulayır: Türkiyə və Rusiyanın Suriya üzərindəki maraqları çox oxşardır. Bundan bir qədər sonra Rusiyanın "Rossiya Seqodnya" agentliyinə danışan Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım Suriyanın bütövlüyünün tərəfdarı olduqlarını və Suriya ilə bağlı danışıqlarda hazırkı Əsəd iqtidarının da iştirakını dəstəklədiklərini bildirib.

“Biz Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasında, vahid dövlət kimi qalmasında, siyasi strukturunun saxlanılmasında Rusiya ilə eyni fikirdəyik” deyən səfir Türkiyənin xarici siyasətindəki tarixi dönüşün də ilkin siqnallarını verdi.

Dünən isə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NTV kanalına açıqlamasında regionla bağlı mühüm mesajlar verib. Qərbdən heç bir dəstək görmədiklərini ifadə edən XİN rəhbəri yaxın vaxtlarda Türkiyənin Rusiya ilə birlikdə Suriya ərazisində hərbi əməliyyatlara başlaya biləcəklərini vurğulayıb. Çavuşoğlu bildirib ki, İŞİD-ə qarşı həyata keçirilən hərbi əməliyyatlarda Türkiyənin qırıcıları aktiv iştirak edəcək.

Söz yox ki, rəsmi Ankaranı həmişəkindən fərqli mövqe sərgiləməyə vadar edən ən önəmli etkən qərbin Türkiyə ilə bağlı tutumudur. NATO-nun aktiv üzvlərindən biri olmasına baxmayaraq son illər Türkiyə nə ABŞ-dan, nə də Avropadan kifayət qədər dəstək ala bilməyib. Türkiyəli rəsmilərin bildirdiyinə görə, məlum “darbə” olayından sonra qərb ölkələrindən bir dəfə də olsun, dəstək mesajı gəlməyib. Çevriliş cəhdində əsas günahkar hesab olunan FETO lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməməsi, Almaniya, Fransa, Belçika kimi ölkələrin Türkiyəni insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandırması qərblə Türkiyə arasında əməlli başlı uçurum yaradıb.

Məhz bu amillərdən qaynaqlanan səbəblərə görə Türkiyə regionda yeni müttəfiqlər axtarışına çıxıb. Qonşu ölkələrlə “sıfır problem” strategiyasına yenidən qayıtmağı qarşısına məqsəd qoyan Ankara ilk növbədə Rusiya ilə münasibətləri normallaşdırmalı idi. Türkiyə və İran regionda rəqib olsalar da, Moskva ilə yaxınlaşmanın fonunda Ankara-Tehran münasibətlərində də yeni səhifə açılacağı tamamilə gözləniləndir. Bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə səfər etməsi bu mətləblərdən xəbər verir. Jirinovskinin də dediyi kimi regionda Rusiya, Türkiyə, İran və İraqdan ibarət yeni bir koalisiya yaradılır. Moskva-Tehran-Ankara geosiyasi üçbucağının Türkiyənin region ölkələri ilə münasibətlərini normallaşdıracağı sözsüzdür. Lakin belə bir ittifaqın Ankaranı qərbdən uzaqlaşdıracağı da istisna deyil.

“Türkiyə qərbdən qopa bilməz” deyən analitiklər isə Türkiyə iqtidarının əslində qərbi qıcıqlandırmaq üçün ssenari qurduğunu bildirirlər. Onların fikrincə, əgər ABŞ və Avropa ölkələri Türkiyəyə qarşı olan tutumunu yumşaltsa, Ankara da regional siyasətinə yenidən baxa bilər.

Hər halda Türkiyə yaxın vaxtlarda Rusiya ilə birlikdə Suriya ərazisində İŞİD-ə qarşı əməliyyatlara qoşulsa və son nəticədə Əsəd hakimiyyəti öz dayaqlarını möhkəmlətsə, AKP iqtidarının cızdığı yeni geosiyasi xəttin heç də oyun olmadığı qənaətinə gələ bilərik.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10425