“Space”in yayımı bir aylıq dayandırıla bilər”- MTRŞ


03:42     04 İyul 2015 98217.jpg

“Space” TV-nin efirində baş verən son qeyri-etik olaylar cəmiyyətdə narazılıq yaradıb.


Bu gün “Əsl şou” verilişində baş verən növbəti belə olaydan sonra Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən “Space” TV-nin tamamilə efir yayımının dayandırılacağı barədə də məlumatlar yayılıb.

Femida.az xəbər verir ki, MRTŞ-nın aparat rəhbəri Toğrul Məmmədov musavat.com-a açıqlamasında “Space” telekanalına qarşı daha ciddi tədbirlərin görüləcəyini deyib: “Növbəti həftədə MTRŞ bu məsələyə ciddi yanaşacaq. Burada yol verilən qanun pozuntusuna görə hansısa tədbirin görülməsi Şuranın hüquqlarına aid məsələdir. Cəza olaraq, sanksiyalar tətbiq edilə, televiziyanın yayımı bir aylıq müddətə dayandırıla və ya proqram tamamilə ləğv edilə bilər. Təbii ki, bütün bunlar MTRŞ-nın verəcəyi qərara bağlı olacaq”.

Toğrul Məmmədov telekanal rəhbərliyindən konkret hesabatın tələb ediləcəyini də deyib: “Şifahi danışıqdan söhbət gedə bilməz. Biz televiziyanın rəhbərindən konkret hesabat istəyəcəyik. Yəni proqrama və yaxud işçilərə verilən cəza və ya intizam məsuliyyətinə cəlb edilməsi, rəsmi qaydada proqramın hansı vaxtdan dayandıralacağı barədə əmrin surətini, rəsmi sənədlə tələb edəcəyik. Bir sözlə, hər şey rəsmiyyətlə olacaq. Əgər tələb olunan sənəd təqdim edilməzsə, təbii ki, daha ciddi sanksiyalar tətbiq edəcəyik”.

Aparat rəhbəri cəmiyyətin mənafeyinə uyğun olmayan bütün verilişlərin MTRŞ-nın nəzarətində olduğunu və bu barədə artıq müzakirələrin getdiyini də qeyd edib.

Xatırladaq ki, bu günlərdə “Space” TV-nin efirində yayımlanan və Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu arasında qalmaqal yaşanmışdı. Bu gün isə adıçəkilən telekanalın “Əsl şou” verilişində müğənni Səidə Sultan həmkarı Rəhim Rəhimli ilə müğənni Niyam barəsində danışarkən “Adə, uşağımın xətrinə dəymə, cıraram səni...” kimi qeyri-etik sözlər işlədib.


Açar sözlər:

Oxunub: 1117