Gürcüstan bazarı uğrunda Bakı-Tehran savaşı - TƏHLİL


14:42     15 Avqust 2016 14012217_829402213862644_669020619_n.jpg

Əminliklə deyə bilərik ki, dünyada gedən geoenerji savaşları Azərbaycandan da yan keçməyəcək. Artıq reallıq dəyişir, yeni-yeni rəqiblər meydana gəlib. Belə olan halda isə mövcud bazarlar uğrunda mübarizə aparmaq ön plana çıxır. Yaxın perspektivdə belə bir savaşın Azərbaycanla İran arasında gedəcəyi də istisna edilmir.


Bu gün İran əlində olan 30 trilyon kubmetrlik qazını bazarlara çıxarmaq haqqında düşünür. Bütöv regionun qaza olan tələbatını ödəməyi qarşısına məqsəd qoyan İran hətta Uzaq Şərqə, o cümlədən, Çinə, Yaponiyaya da qaz satmağı planlaşdırır. Bu məqamda bizim üçün əsas təhlükə, heç şübhəsiz, Gürcüstan bazarını itirmək ola bilər. Hazırda Gürcüstanın qaza olan tələbatının 80%-dən də çoxunu Azərbaycan ödəyir. Gürcüstan həmçinin tranzit ölkə statusunda olduğuna görə Rusiyadan Ermənistana nəql olunan qazdan 10%-lik haqq əldə edir. Aydındır ki, hər bir ölkə özünün enerji tələbatlarını diversifikasiya etməyə çalışır. İstənilən halda bir mənbədən asılılıq ölkənin zərərinə işləyən amildir. Gürcüstan da bu baxımdan Azərbaycan qazından asılılığını minimuma endirmək hədəfindədir. Buna görə də hələ ötən ilin sonlarından etibarən ortaya atılan İran-Gürcüstan qaz boru xətti layihəsi yenidən gündəmə gəlib.

Gürcüstanın qaza olan illik tələbatı 2.5 milyard m3-dir. Hazırda Azərbaycandan Gürcüstana iki xətt üzrə qaz nəql olunur. Bu xətlər vasitəsilə illik 3 milyard m3 qaz ötürmək mümkündür. Yəni hazırkı şəraitdə bütün Gürcüstanı təbii qazla təmin etmək üçün mühüm infrastruktur var.

Bu ilin mart ayında mətbuata açıqlama verən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Gürcüstanla bağlanan yeni müqaviləyə əsasən, Azərbaycan sözügedən ölkəni 2030-cu ilə qədər təbii qazla təmin edəcək. Gürcüstanın energetika naziri Kaka Kaladze də belə bir fikir səsləndirmişdi ki, İrandan Gürcüstana qaz nəqli Azərbaycan üzərindən həyata keçirilə bilər. Bu açıqlamalar Bakını bir xeyli rahatlandırmışdı. Çünki həmin ərəfələr Ermənistan üzərindən Gürcüstana qaz boru xəttinin çəkilməsi gündəmdə idi.

Həyəcan təbiri çalınmalıdır

İndiki şəraitdə rahat dayansaq, Gürcüstan bazarını qısa bir zamanda İrana qapdıra bilərik. İyul ayının sonlarında Azərbaycanı xeyli narahat edəcək bir olay yaşandı. Belə ki, İranın Milli Qaz Şirkəti ilə Gürcüstanın GİEC şirkəti arasında qazın nəqlinə dair mühüm sənəd imzalandı. Müqaviləyə əsasən, İran Gürcüstana sınaq kimi 4 ay müddətinə 40 milyon m3 qaz nəql etməli idi. İşin ən pis tərəfi isə nəql olunacaq qazın Ermənistan üzərindən Gürcüstana çatdırılacaq olması idi. Əslində bu, pilot layihədir. Yəni əgər qaz nəqli özünü doğrultsa, yaxın gələcəkdə İranla Gürcüstan arasında daha böyük həcmdə qazın nəqlinə dair müqavilə imzalana bilər.

Hazırda İrandan Gürcüstana birbaşa qaz boru xətti yoxdur. Yaxın vaxtlarda nəql olunacaq 40 milyon m3-lik qaz İran-Ermənistan marşrutu vasitəsilə Gürcüstana çatdırılacaq. GİEC şirkəti (Georgian International Energy Corporation) İran-Ermənistan boru xəttinin Ermənistan ərazisində bitən hissəsindən qazı götürərək Gürcüstanda fəaliyyət göstərən iri fabrik və zavodlara çatdıracaq. Əsası 2005-ci ildə Tiflisdə qoyulmuş bu şirkətin əsas funksiyalarından biri sənaye müəssələrini qazla təmin etməkdir. Azərbaycandan dizel yanacağının Gürcüstana idxalını da bu şirkət həyata keçirir.

Qeyd etmək yerinə düşər ki, İrandan Ermənistana uzanan qaz boru xəttinin maksimum ötürücülük qabiliyyəti illik 2.3 milyard m3-dir. Hazırda bu kəmər vasitəsilə Ermənistana il ərzində cəmi 300-400 milyon m3 miqdarında qaz ötürülür. Bu isə o deməkdir ki, İran həmin xətt üzrə illik 2 milyard m3-lik əlavə qaz ötürə bilər. Həmin əlavənin isə Gürcüstana çatdırılması İranın əsas məqsədləri sırasındadır.

Həm siyasi, həm də iqtisadi anlamda itirə bilərik

Əgər İran-Ermənistan qaz boru xəttinin Gürcüstana qədər uzadılması ideyası baş tutarsa, Azərbaycan təkcə Gürcüstan kimi bir bazarı itirməklə qalmayacaq, həmçinin, mənfur düşmənlərimiz olan Ermənistan da bu prosesdə qazanmış olacaq. Regionda tam olaraq təcrid vəziyyətində yaşayan Ermənistan tranzit ölkəyə çevrilməklə sözün əsl mənasında “nəfəslik” əldə etmiş olacaq. Bu həm də regionda Gürcüstan-İran-Ermənistan iqtisadi ittifaqının yaranmasını sürətləndirəcək.

Nə etməli?


Sözsüz ki, Azərbaycan belə bir şəraitdə adekvat addımlar atmalıdır. Bu addımlar həm Gürcüstan bazarını əlimizdə tutmağımıza, həm də Ermənistanın tranzit ölkəyə çevrilməməsinə şərait yaratmalıdır. Gürcüstanın tez-tez İrandan qaz nəqli məsələsini ortaya atması həm də Azərbaycanla münasib şərtlər daxilində bazarlıq məqsədi daşıyır. Bu baxımdan rəsmi Bakının yaxın vaxtlarda Gürcüstanla yenidən masa ətrafına oturacağı gözlənilir. Gürcüstana elə təkliflər təqdim olunmalıdır ki, rəsmi Tiflis Ermənistan üzərindən qaz nəqli layihəsinə “yox” desin. Bu təkliflər içərisində Azərbaycanın qazın qiymətində endirimə getməsi də öz əksini tapa bilər.

Söz yox ki, Gürcüstan İran qazından imtina etməyəcək. Dəfələrlə yüksək dairələrdə vurğulanıb ki, Tiflis ya Ermənistan, ya da Azərbaycan üzərindən İran qazının idxalında maraqlıdır. İranın da yaxın gələcəkdə Gürcüstan vasitəsilə Avropaya çıxış əldə etmək məqsədi var. Bu baxımdan İranı özümüzə yaxınlaşdırmalı və bu ölkənin Azərbaycandan Avropaya uzanan marşutlara qoşulmasını təmin etməliyik. Yox əgər əks proses baş versə, yəni İran Ermənistan üzərindən Avropaya çıxmağı üstün tutsa, bu, hər cəhətdən bizim uduzmağımıza gətirib çıxaracaq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 12380