Generalın oğlu haqda xəbər yalan çıxdı


20:05     17 Aprel 2015 teleqraf.com1417678886respublika-bash-prokurorlugu4.jpg

Baş Prokurorluq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb: “Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, bu gün bəzi KİV-də T. Əsədullayevin bıçaq xəsarəti yetirdiyi şəxsin ölməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T. Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

T. Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 1014