Qanunsuz tikililərə görə töhmətə start verildi


22:33     17 Aprel 2015 014.JPG


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə töhmət verilib.


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovanın APA-ya verdiyi məlumatda bildirib ki, İ. Mehdiyev rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə töhmət alıb: “Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadan Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılıb və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.

Bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən ərazidə qanunsuz tikinti işləri aparan “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə xəbərdarlıq edilib. Orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb”.

N. Məmmədova qeyd edib ki, sözügedən ərazidə tikintiyə icazə sənədi almadan tikinti işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz olaraq zəbt edərək dolduran “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib.
Femida.az

Açar sözlər:

Oxunub: 721