Əmək kitabçaları nəyə yarayır? - ARAŞDIRMA


17:29     07 İyul 2015 mək%20k5.jpg

Əmək kitabçası işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir.


Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər.

2013-cü ilin dekabrın 27-də Əmək Məcəlləsində dəyişikliklər haqqında qanun qəbul edildi. Bu dəyişilikllər 3 fevral 2014-cü il tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq edildi. Dəyişikliklərə əsasən, işçinin əmək fəaliyyəti haqqında məlumatları öyrənmək üçün yeni elektron məlumat bazası yaradılacaqdı. Bununla da əmək kitabçaları öz funksional əhəmiyyətini itirməyə doğru gedirdi. Çünki informasiyaların hamısı bu elektron məlumat bazasında olacaqdı.

Lakin qanunun qəbul olunmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də bəzi hallarda əmək kitabçalarının istifadəsi halları ilə qarşılaşırıq.

Mütəxəssislər bir müddət köhnə və təzə sistemin paralel işləyəcəyini bildirmişdilər. Lakin bu qədər uzun müddət keçməsinə baxmayaraq əmək kitabçalarının nəyə görə tarixə qovuşmadığı sual doğurur.

Femida.az hazırda ləğv olunmaq mərhələsində olan əmək kitabçalarının işə qəbul prosesində hansı rolu oynadığı ilə bağlı dolğun məlumat əldə etmək üçün hüquqşünas və iqtisadçı-ekspertlərlə əlaqə saxladı.

“İşə qəbul prosesində əmək ktabçalarından hələ də istifadə edilir” deyən iqtisadçı-ekspert Natiq Cəfərli:



“Əslində elektron bazanın yaradılmasından sonra əmək kitabçaları ilə işə qəbul olmaq artıq öz əhəmiyyətini itirməli idi. Təəssüflər olsun ki, cəmiyyətimiz bununla bağlı ətraflı məlumatlandırılmayıb. Bu məlumatsızlıq həm işçiləri, həm də işəgötürənləri bürüyüb. Hətta, bəzi müəssisələr işçilərin onlayn qeydiyyatı qaydasını bilmirlər. Məhz bu məlumatsızlığın nəticəsidir ki, həmin müsəssisələr yeni işçilər qəbul edərkən əmək kitabçalarından istifdə edirlər. Müəssisələrin işçi qəbul edərkən əmək kitabçalarına müraciət etməsi əhalinin az məlumatlandırılmasından irəli gəlir. Əmək müqaviləsi bağlanarkən elektron qeydiyyata üstünlük verilmir. Əslində belə hallara görə ciddi cərimələr nəzərdə tutulub. Dövlət əmək müfəttişliyi bu kimi halların qarşısın almaq üçün ciddi tədbirlər görür. Əgər onlayn formada işçilər qeydiyyatdan keçsə, bu həm büdcəyə gedən vergilərin düzgün nizamlanmasına xidmət edər, həm də qeyri-leqal məşğulluğun qarşısını alar. Şirkət rəhbərliyi isə qəbul etdikləri işçiləri onlayn qeydiyyatdan keçirməməklə vergidən yayınmağa çalışırlar”

Bəs hazırda istifadə olunan əmək kitabçalarının hüquqi əhəmiyyəti nədən ibarətdir? Sualı cavablandırmaq üçün Femida.az hüquqşünas mövqeyini öyrənib.

“Yeni qanun ləğv edilənədək mövcud olan bütün əmək kitabçaları öz hüquqi əhəmiyyətini qoruyub saxlayır” deyə hüquqşünas Anar Qasımlı münasibət bildirib:



“Əmək kitabçalarının ləğvi ilə bağlı qanun onu nəzərdə tutmur ki, artıq bu kitabçalar istifadə olunmayacaq. 2014-cü ildə yenin qanun qəbul edilənədək bütün münasibətlər həmin kitabçalara əsasən tənzimlənir. Hazırda işçi qəbul edən müəssisələr əvvəlki əmək kitabçalarının əvəzinə elektron əmək kitabçası ilə işçilərin qeydiyytını aparırlar. Qanun qəbul olanadək mövcud olan əmək kitabçaları öz hüquqi əhəmiyyətini qoruyub saxlayır. Sadəcə olaraq, 2014-cü ildə həmin qanun qəbul edildikdən sonra əvvəlki kimi işçilərə əmək kitabçaları açılmır. Bu elektron formada tətbiq edilir. Bir sözlə qanun qəbul edilənədək verilmiş əmək kitabçaları köhnə münasibətlərlə bağlı öz hüquqi əhəmiyyətini qoruyub saxlayır”

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7399