Kərimovsuz Özbəkistan Azərbaycana nə vəd edir? - TƏHLİL

Kərimovsuz Özbəkistan Azərbaycana nə vəd edir? - TƏHLİL


14:46     05 Sentyabr 2016 32239.jpg


26 ildir, iqtidarda olan Özbəkistan Respublikasının prezidenti İslam Kərimov 2 sentyabr 2016-cı il tarixində həyata gözlərini yumdu. Onun ölümü Mərkəzi Asiyada yaranacaq yeni geosiyasi mənzərə ilə bağlı bir sıra sualları da özü ilə gətirdi. Özbəkistanın ta qədim zamanlardan müəyyən klanlar tərəfindən idarə olunduğunu nəzərə alsaq, Kərimovun ölümündən sonra da klanlararası mübarizənin başlayacağını təxmin edə bilərik. Sözsüz ki, ölkənin xarici siyasət strategiyası da hakimiyyətdə hansı klanın təmsil olunmasından asılı olaraq dəyişəcək. Bu baxımdan formalaşacaq yeni hakimiyyətin Azərbaycanla hansı səviyyədə münasibət quracağı böyük maraq doğurur.

***

Azərbaycanla və Özbəkistan xalqlarını yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Hər iki dövlət uzun illər SSRİ-nin müttəfiq respublikaları olub. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlının sığınacaq tapdığı Özbəkistanda hazırda 40 mindən çox həmvətənlimiz yaşayır. 1966-cı ildə Daşkənddə baş verən dağıdıcı zəlzələdən sonra azərbaycanlıların Daşkəndin bərpasında göstərdiyi səylər hələ də yaddaşlardan silinməyib. Azərbaycanın Orta Asiya ölkələrindəki ilk səfirliyinin məhz Özbəkistanda açılması rəsmi Bakının Daşkəndə nə qədər önəm verdiyinin göstəricisidir. İki dövlət arasındakı münasibətlərin inkişafı 1996-cı ilin mayında Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərindən sonraya təsadüf edir. Daha sonra mərhum prezidentimiz Heydər Əliyevin və hazırkı prezidentimiz İlham Əliyevin bu ölkəyə səfərləri ikitərəfli əlaqələri daha da möhkəmləndirdi. Rəsmi Daşkəndin Dağlıq Qarabağ münaqişəsinə yanaşması da Azərbaycanı tam qane edir. Prezident İslam Kərimov birmənalı şəkildə bəyan edib ki, Özbəkistan Respublikası problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə tərəfdardır. Özbəkistanın hələ də İrəvanda diplomatik nümayəndəliyinin olmaması bu ölkənin Azərbaycanla eyni mövqedən çıxış etməsinin əyani göstəricisidir. Bötövlükdə nəzər salsaq, görərik ki, hər iki dövlətin istər regional, istərsə də beynəlxalq məsələlərə dair maraqları üst-üstə düşür.

***

Klanlararası balansı qoruyaraq ölkəni idarə edən İslam Kərimovun yerinə hansı namizədin keçəcəyi və bu şəxsin Cənubi Qafqaz, xüsusilə də Azərbaycana münasibətdə nə cür siyasət yeridəcəyini indidən təxmin etmək bir az çətin olsa da, bəzi ehtimallar üzərində fikir yürüdə bilərik.

Baş nazir Şövkət Mirzəyev;
Milli təhlükəsizlik naziri Rüstəm İnyatov.


Bu şəxslər hazırkı dövr etibarilə İslam Kərimovun yerinə keçə biləcək ən real namizədlərdir. Ölkənin Baş naziri funksiyasını daşıyan Şövkət Mirzəyevin prezident seçilmək şansı daha yüksək qiymətləndirilir. Səmərqənd klanına mənsub olan Mirzəyev İslam Kərimova çox bağlı siyasətçi olub. Hətta onun prezidentin “sağ əli” olduğu da bəzi mənbələr tərəfindən tez-tez ortaya atılır. Bu baxımdan Kərimovun Mirzəyevlə əvəz olunması Özbəkistanın xarici siyasətində əsaslı dönüşə gətirib çıxarmayacaq. Bu isə rəsmi Daşkəndin Bakı ilə əvvəlki münasibətləri qoruyub saxlayacağı anlamına gəlir. Şövkət Mirzəyevin Rusiyaya meyilli siyasətçi olduğu və prezident seçildiyi təqdirdə Özbəkistanın postsovet məkanındakı inteqrasiya proseslərinə önəm verəcəyi deyilsə də, İslam Kərimovun dövründə olduğu kimi Avropa ilə Rusiya arasında balansın qorunacağı istisna edilmir. Özbəkistan həmişə Avropa-Qafqaz-Asiya marşrutunun qatı tərəfdarı olub. Məhz bu amillərə görə TRASEKA layihəsi çərçivəsində həyata keçirilən görüşlərin hamısına yüksək səviyyədə qatılıb. Kərimovun Özbəkistanı həm Qərbə, həm də Rusiyaya münasibətdə tərəddüdlü siyasət yürüdüb. Rusiya Mərkəzi Asiyanın açarı hesab edilən bu ölkəni dəfələrlə MDB məkanındakı inteqrasiya birliklərinə daxil etməyə cəhd göstərsə də, Özbəkistan prosesləri kənardan müşahidə etmək ənənəsinə sadiq qalıb.

Rüstəm İnyatov isə Daşkənd klanının nümayəndəsidir. İnyatovun yaşının çox olması onun prezident seçilməsi yolunda ən böyük əngəldir. Buna görə də onun prezident seçkilərində Şövkət Mirzəyevə dəstək verəcəyi gözlənilir. Bununla da Kərimovun dövründə olduğu kimi iki klanın üzvlərindən ibarət hakimiyyət strukturu yaradılacaq. Rüstəm İnyatov haqqında cüzi araşdırma apardıqda məlum olur ki, bu şəxs Özbəkistanın Avro məkana inteqrasiyasının qatı tərəfdarıdır. Onun rəhbərlik etdiyi qurumun əsas postlarında Avropada təhsil almış kadrların əyləşməsi bu fikri bir daha təsdiq edir. Özbəkistanın Avropaya çıxışında Azərbaycanın “açar” dövlət olduğunu nəzərə alsaq, İnyatovun əsas sima olduğu Özbəkistanın Azərbaycana verəcəyi önəmi də indidən təxmin edə bilərik.

Bütün bunlar təbii ki, ehtimaldır. Hadisələr bu fonda davam etsə və hazırkı Baş nazir Şövkət Mirzəyev, yaxud da Rüstəm İnyatov prezident postunda əyləşsə, Özbəkistan-Azərbaycan münasibətləri zərər görməyəcək. Yox əgər klanlararası mübarizə qızışsa və Fərqanə klanı proseslərə qoşulsa, tamamilə fərqli mənzərənin şahidi ola bilərik. Sözsüz ki, əks prosesin davam etməsi Özbəkistanın keçid dövrünə qədəm qoyacağı anlamına gəlir. Bu isə Daşkəndlə Bakı arasında müəyyən soyuqluğun yaranmasına gətirib çıxara bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 9760