Ermənilər Kremlə yumruq göstərir


04:25     09 İyul 2015 aksiya_ermenistan_072.jpg

Srağagün Ermənistan paytaxtında elektrik enerjisinin qiymətinin bahalaşmasına etiraz edənlərin aksiyası zor gücünə dağıdılsa da, dünən səhər etirazçılar Azadlıq meydanına yığışıblar.


"Öz çıxışları zamanı fəallar gündüz Baqramyan prospektinin açılması əməliyyatı zamanı polis tərəfindən tətbiq olunan zorakılığı tənqid ediblər. Fəallardan biri sosial tələblərdən siyasi tələblərə keçid etmək təklifini irəli sürüb", - deyə yayılan xəbərdə bildirilir.

Fəallardan bəziləri artıq öz etiraz strategiyasını müəyyənləşdirib. Məsələn mitinqin təşkilatçılarından biri olan David Sansaryan "İnterfaks" agentliyinə bildirib ki, iştirakçılardan biri ağzını tikib. "Bununla o, öz etirazını bildirir", - deyə D.Sansaryan bildirib.

Fəallar onu da əlavə ediblər ki, Azadlıq meydanı ətrafına çoxlu polis alayı cəmləşib. Mitinqin dağıdılması nəticəsində 46 nəfər saxlanılıb. Bundan əvvəl iyun ayının 23-dən davam edən aksiyaların polis tərəfindən zorla dağıdıldığı xəbəri verilmişdi. Hazırda meydanda bir neçə yüz adam var.

Beləliklə, aksiya səngisə də, onun yenidən start götürəcəyi şübhə doğurmur. Narazılıq dalğası o qədər güclüdür ki, artıq bölgələrdə də etirazlar başlayıb. Bu bir neçə gündə etirazlara Qərb mətbuatı da diqqət yetirməyə başlayıb və şübhəsiz ki, öz maraqlarından çıxış etməklə. Məsələn, "DIE ZEIT" nəşri "Biz bir daha Rusiyanın müstəmləkəsi olmaq istəmirik" başlıqlı məqalə dərc edib . Burada aksiya fəallarından Babken Ter-Qriqoryanla müsahibə verilib. Onun sözlərinə görə, artıq ermənilərin bu aksiyasını ümummilli məsələ kimi nəzərdən keçirmək gərəkdir. "Mobilləşmə elektrik enerjisinin qiymətlərinin qaldırılmasından sonra başladı. Bu, artıq son beş ildə beşinci qiymət artımı idi. Biz axı niyə enerji konserninin itkilərinin hesabını verməliyik? İnsanlar bu sualı bir-birinə tez-tez verirdilər. Elektrik enerjisini Ermənistana Rusiya şirkəti verir. Lakin o da qiymətləri Ermənistan hökuməti ilə razılaşdırmalıdır, - deyən aksiya fəalı daha sonra nümayişlərin son günlər kütləvi xalq hərəkatına çevrilməsinin səbəblərinə də aydınlıq gətirib. - Əvvəlcə bu, sadəcə, sosial şəbəkələrdə yaradılmış bir qrup idi. Zaman-zaman bura insanlar qoşulmağa başladılar. Sonra isə bir qrup insan Azadlıq meydanını tutmaq istədi. Burada qeyri-adi bir şey yox idi. Lakin görünən o oldu ki, hökumət bunlardan qorxdu. Fəallar parlament binasından Prezident Administrasiyasına doğru yürüş etdikdə, əraziyə həddən artıq polis əməkdaşı cəlb olundu. Mən bu sayda polis əməkdaşına hələ rast gəlməmişdim. Polisin etirazı əks effekt verdi və nəticədə yüzlər on minlərə çevrildi. İnsanlar küçələrdə gecələməli oldular. Səhərisi gün polis zor tətbiq etməklə aksiyanı dağıtmağa çalışdı. Nəticədə qarşıdurma yarandı. Əvəzində vətəndaşlar daha artıq sayda şəhərin mərkəzinə doğru irəliləməyə başladılar. Ertəsi gün insanlar zibil qutularının köməyi ilə barrikadalar quraraq, hakimiyyətə qarşı etirazlarını bu formada çatdırdılar. Bundan sonra bizim kiçik Ermənistan barədə "Guardian", "New York Times", "BBC" və "Al Jazeera" informasiyalar verməyə başladı".

Aksiyalara daha çox hansı təbəqənin qatıldığı da maraqlıdır. Erməni fəal müsahibəsində aksiyalara cəmiyyətin ən müxtəlif təbəqələrinin qatıldığını bəyan edib: "Gənclər, pensiyaçılar, valideynlər, uşaqlar, sosial şəbəkə istifadəçiləri və bu xidmətdən istifadə etməyənlər. Bəzən aksiya gecələri musiqi festivallarını xatırladırdı. Aksiyaların kulminasiya nöqtəsində artıq iştirakçıların sayı 50-60 minə çatmışdı. Ermənistanın digər yerlərində də nümayişlər və etirazlar keçirildi. Hökumət nə etdiyini artıq bilmirdi". Qəzetin əməkdaşı rəqəmlərə şübhə ilə yanaşdıqda, erməni fəal deyib: "Biz nümayişçilərin tutduqları ərazinin ölçüsünü apardıq və orada nə qədər insanın yerləşə biləcəyini müəyyənləşdirdik. Mənim magistr işim Ermənistanda vətəndaş cəmiyyəti hərəkatına həsr edilib və bu səbəbdən də bilirəm ki, indiyə qədər siyasətə təsir edəcək belə aksiya olmamışdı".

Gürcüstan və Ukraynada keçirilən aksiyalarla Ermənistanda keçirilən aksiyaların fərqinə gəldikdə isə o deyib: "Oxşarlıq sadəcə, başlanğıcdadır. Ukraynada da gənclər internet vasitəsilə görüşmək qərarına gəliblər. Yerdə qalan məsələlərdə Ukrayna Ukrayna olaraq qalır, Ermənistan isə Ermənistan. Yerevanda aksiya iştirakçılarının çoxu Ukraynanı dəstəkləyir, lakin onlarla müqayisə olunmağı istəmirlər. Burada ruslara nifrət eləsələr, böyük qonşu ilə münasibətləri kəsmək variantı ortaya çıxır. Ruslar bizi elektrik enerjisi ilə təmin edir, eləcə də Azərbaycanla müharibədə təhlükəsizliyimizin qarantı rolunda çıxış edirlər. Yeri gəlmişkən, Maydanda baş verənlərlə müqayisə ilk olaraq Rusiyadan daxil oldu. Rusiyanın kütləvi informasiya vasitələri burada keçirilən aksiyaları Maydanda keçirilən aksiyalarla müqayisə etdilər. Sonra isə bunu Birləşmiş Ştatların aksiyası kimi qələmə verdilər. Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin fəal rolundan yazdılar. Bu, başdan-ayağa təbliğat xarakterli yalandır. Dünyada, o cümlədən Birləşmiş Ştatlarda, Britaniyada çoxsaylı erməni diasporu fəaliyyət göstərir. Lakin Mərkəzi Kəşfiyyat İdarəsinin buradakı aksiyalarda fəal iştirak etdiyi barədə xəbərlər yalandır. Aksiya iştirakçılarının çoxu ingiliscə danışa bilmirlər və ümumiyyətlə, amerikayönümlü deyillər. Onlar Ermənistanda sosial ədalət uğrunda mübarizə aparır, Rusiya tərəfindən hörmət qoyulmasını istəyirlər".

Fəal əhalinin aktivlik göstəricisinin günbəgün artdığını bildirsə də, baş verənləri inqilab adlandırmağın əleyhdarıdır. Aksiyaların davam edəcəyini qeyd edən bu şəxs diqqəti maraqlı bir məcraya yönəldib: "Biz Rusiyadan asılılığımızı azaltmaq istəyirik və Rusiyanın müstəmləkəsi olmaq istəmirik. Ermənilər ölkələrinin Avrasiya İqtisadi İttifaqına üzvlüyünü şantaj kimi qəbul etdilər. 2013-cü ilin dekabrına kimi Ermənistana verilən rus qazının 80 faizi Rusiyanın nəzarətində idi. İndi isə bu rəqəm 100 faizdir. Hadisələrin qızğın vaxtında isə prezident Serj Sarkisyan Moskvaya yollanır və geriyə iri məbləğdə kredit vədi ilə dönür. İnsanlar da hesab edirlər ki, asılılıq daha da güclənir".

Erməni fəal sonda bildirib ki, aksiyada səsləndirdikləri tələblər yerinə yetiriləcəyi təqdirdə küçələrə çıxmayacaqlar: "Bu tələblər elektrik enerjisinin qiymətinin aşağı salınması, zor tətbiq edən polislərin cəzalandırılmasıdır. Belə də ola bilər ki, bu tələblər yeni prezident tərəfindən qəbul edilsin".

Açar sözlər:

Oxunub: 892