“Bu böyük bəla aradan qaldırılıb” – İlham Əliyev

“Bu böyük bəla aradan qaldırılıb” – İlham Əliyev


14:29     10 İyul 2015 fb88cea563a06cb6b73d03311954370c.jpg

“Azərbaycan qədim diyardır. Çox zəngin mədəniyyətə, tarixə, memarlıq abidələrinə malikdir. Ancaq müstəqil ölkə kimi bizim cəmi 24 yaşımız var. Ona görə ölkəmizi dünyada, Avropada tanıtmaq üçün müxtəlif tədbirlər keçirilir. Onların içərisində “Milan 2015” əlbəttə ki, xüsusi yer tutur. Eyni zamanda, bizim pavilyonumuzda bugünkü Azərbaycan reallıqları da əksini tapıb”.


Femida.az xəbər verir ki, bunu prezident İlham Əliyev İtaliyanın Milan şəhərində “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda təşkil olunan “Milli gün”də deyib. Prezident vurğulayıb ki, Azərbaycan dinamik sürətlə inkişaf edən, dünyaya açıq olan ölkədir, Şərq ilə Qərb arasında yerləşir. Həm coğrafi, həm siyasi, həm mədəni baxımdan Şərq ilə Qərb arasındakı bir körpüdür: “Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi, sülh, əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir. “Milan Expo”nun mövzularından biri də məhz multikulturalizmdir.

Eyni zamanda, digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içərisində ərzaq təhlükəsizliyi bu gün dünya gündəliyinin əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. FAO-nun hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşmüşdür. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb”.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər möhkəmdir: “Bir neçə il bundan əvvəl biz 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu, bizim ölkəmizin beynəlxalq nüfuzunu göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar bu gün imkan verir ki, biz çoxşaxəli iqtisadiyyata malik olaq. Son illər ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri açılmışdır. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun cəmi 10 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Yəni, bu, gənc müstəqil dövlət üçün böyük göstəricidir.

Əlbəttə ki, ölkə qarşısında duran məsələlər var. Biz onları həll edirik. Ancaq son illərdə atdığımız addımlar və əldə edilən nailiyyətlər deməyə əsas verir ki, qarşıda duran məsələlər də uğurla icra ediləcək. Bir sözlə, bu gün Azərbaycan dünyaya açıq, müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən möhkəm dayaqları olan bir ölkədir”.

Dövlət başçısı çıxışında daha sonra deyib: “Bu gün İtaliyada olarkən İtaliya-Azərbaycan əlaqələri haqqında bir neçə kəlmə demək istəyirəm. Bu əlaqələr bu gün ən yüksək səviyyədədir. İtaliya bizim üçün yaxın dost, tərəfdaş ölkədir. İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri inkişaf edir, ilk növbədə, siyasi əlaqələr. Düz bir il bundan əvvəl iyul ayında mən İtaliyada növbəti dəfə rəsmi səfərdə olarkən iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmişdir. Yəni, strateji tərəfdaşlıq iki ölkə arasındakı əlaqələrin ən yüksək zirvəsidir. Bu gün biz bu əlaqələri belə görürük və siyasi əlaqələr möhkəmlənir.

Mən bu gün buradan Romaya yola düşürəm. Romada İtaliya rəhbərləri ilə mənim görüşlərim olacaq. Siyasi əlaqələr, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Onu da qeyd etməliyəm ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu da çox əlamətdar haldır. Bu, bizi sevindirir. Çünki İtaliya bizim üçün çox yaxın ölkədir və Azərbaycan əhalisi İtaliyaya çox böyük sevgi ilə, rəğbətlə yanaşır. Azərbaycanda olan, işləyən, yaxud da turist kimi gələn italyanlar əlbəttə ki, bunu hiss edirlər.

Bizim iqtisadi əməkdaşlığımız dərinləşir. Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Bu gün Azərbaycan və İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan “Cənub” qaz dəhlizinin icrası ilə birgə məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. Üç min kilometrdən çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək. Beləliklə, bundan sonra uzun illər, onilliklər ərzində İtaliya və Azərbaycan, o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaq. Bir sözlə, bizim ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı üçün çox gözəl imkanlar var.

İki ay ərzində artıq bir milyondan çox qonaq Azərbaycan pavilyonunda ölkəmizlə tanış olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, ölkəmizə çox böyük maraq var və bu maraq qarşılıqlıdır.

Burada qeyd edildi ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunları bir neçə gün bundan əvvəl başa çatmışdır. Başqa qitələrdən fərqli olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdi. Onu da qeyd etməliyəm ki, bu Oyunların keçirilməsi haqqında qərar məhz İtaliyada verilmişdir. 2012-ci ilin dekabr ayında Romada Avropa Olimpiya Komitəsi bu qərarı verdi və bu şərəfli missiya bizim üzərimizə düşdü. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə təşkil etdi və keçirdi. Bu, doğrudan da böyük idman və dostluq bayramı olmuşdur. İtaliya komandası yarışlarda çox böyük nəticələr əldə etmişdir. Mən bu qələbələr münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm”.

Prezident onu da qeyd edib ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək və bu, bir daha mənim sözümü təsdiqləyir: “Çünki Azərbaycan həm Avropaya yaxın olan bir ölkədir, Avropa təşkilatlarının üzvüdür və bu təşkilatlarında çalışır, eyni zamanda, müsəlman aləminin tərkib hissəsidir. Biz öz siyasətimizlə çalışırıq ki, sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoqu gücləndirək. Hesab edirəm ki, İtaliyanın və Azərbaycanın bu sahədə gördüyü işlər təqdirəlayiqdir və biz öz səylərimizi bundan sonra da gücləndirəcəyik.

Bu sərgidə Azərbaycan çalışdı ki, öz imkanlarını ortaya qoysun. Dediyim kimi, bir milyondan çox insan artıq pavilyonumuzla tanış olmuşdur. Amma ən yaxşı tanışlıq əlbəttə ki, Azərbaycanı görməkdir. Mən sizi, bizim dostlarımızı Azərbaycana dəvət edirəm. Ölkəmizə gəlin və siz görəcəksiniz ki, Azərbaycanda italiyalılara çox böyük rəğbət var.

Əziz dostlar, bizimlə bərabər olduğunuza görə sizə bir daha minnətdaram. İtaliya xalqına yeni uğurlar, qələbələr və xoşbəxtlik arzu edirəm”.

Açar sözlər:

Oxunub: 1001