Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib


02:45     11 İyul 2015 b6922aec7913.jpg


Bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Femida.az-ın məlumatına görə, geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində əldə olunan nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilib. Beynəlxalq İqtsadi Forumun 2014-2015-ci illər üzrə hesabatına əsasən, Azərbaycan, dünyanın 144 ölkəsi arasında "Polis orqanlarının etibarlılığı" indikatoru üzrə 15-ci, "Mütəşəkkil cinayətkarlıq" indikatoru üzrə 40-cı yeri tutub. Bu göstəricilərlə respublikamız Avropa və MDB ölkələrini xeyli qabaqlayır.

General Vilayət Eyvazov

Bu il qəsdən sağlamlığa ağır zərər vurma üzrə cinayətlərin sayı azalıb. General Eyvazov qeyd edib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13 533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Belə ki, həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərlə şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıqlar 3,2 faiz azalıb.

Qeyd olunub ki, cinayətlərin açılmasına yönəlmiş əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasında başlıca vəzifələr olaraq həyata keçirilib.

Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub.

Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb.

Qeyd olunub ki, xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunların da qanunvericiliklə müəyyən edilmiş vəzifələri layiqincə yerinə yetirdiyi nəzərə çatdırılıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığı və planlı surətdə davam etdirildiyi, 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 1853 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığı, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığı, hüquqlarının izah edildiyi vurğulanıb.

V.Eyvazov dövlət başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.

Açar sözlər:

Oxunub: 991