İranla danışıqlar 72 saat uzadıldı


16:48     12 İyul 2015 150321110240__81811964_8554298f-06d5-46aa-9992-09aae6fb277e.jpg

İranın nüvə proqramına dair Vyanada davam edən danışıqların müddəti son həftədə artıq üçüncü dəfə təxirə salınıb.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, danışıqların müddəti bazar ertəsinədək uzadılıb.

Beləliklə İran və dünyanın aparıcı gücləri arasında saziş 72 saatdan sonra nəhayət imzalana bilər.
İran P5+1 adlanan Qərb ölkələrindən, Rusiya və Çindən ibarət qrupu danışıqların gedişində yeni əngəllər yasratmaqda günahlandırır.
Britaniyanın xarici işlər naziri Filip Hammond danışıqları “ağrılı şəkildə ləng” adlandırıb, Fransanın xarici işlər naziri Laurent Fabius Vyananı bir günlük tərk edərək Parisə yollanıb.

ABŞ Konqresinin qoyduğu möhləti pozmalı olan Amerika və Avropa İttifaqı rəsmiləri bildiriblər ki, onlar İran üzərindən sanksiyaların qaldırılmasını bazar ertəsinədək ləngitməli olacaqlar.
İran və altı ölkə - Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ Tehranın nüvə proqramının hüdudları barəsində 12 ildir ki, davam edən mübahisəni çözməyə çalışırlar. Bu danışıqların nəticəsi olaraq İran özünün nüvə fəaliyyətini xeyli azaltmalı, Qərb isə bunun müqabilində Tehran üzərindən boğucu sanksiyalarını qaldırmalıdır.
Hazırda sazişin imzalanması yolunda mövcud əngəllərdən biri də İran üzərindən BMT-nin silah embarqosunun qaldırılmasıdır. Qərb bu sanksiyanın qalmasını istəyir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, yaranmış fasiləyə görə məsuliyyət Qərbin üzərinə düşür. Onun fikrincə, indi Qərb ifrat kompromislərə nail olmaq istəyirlər.

Cavad Zərif iki həftə ərzində ABŞ dövlət katibi Con Kerri ilə intensiv danışıqlarda olub. Sözü gedən saziş imzalanarsa, bu Qərb və İran arasında 1979-cu ildən bəri ən böyük yaxınlaşma olacaq.

Ağ Ev bəyan edib ki, danışıq tərəflərinin mövqeləri heç vaxt indiki qədər yaxın olmayıb, lakin Vaşinqton sonsuzadək gözləmək niyyətində deyil.
Çinin rəsmi Sinxua agentliyi diplomatik mənbələrə istinadən bildirib ki, İranla Qərb arasında Tehranın keçmiş nüvə fəaliyyətinə dair fikir ixtilafı demək olar ki, çözülüb.
Agentlik iddi aedir ki, İran öz nüvə proqramını əhəmiyyətli dərəcədə azaltmağa razıdır.

Danışıqçılar ABŞ Konqresinin ötən cüməyədək qoyduğu möhlətə əməl edə bilməyiblər. Əgər saziş əldə olunsaydı, Konqres 30 gün ərzində bu sənədi nəzərdən keçirəcəkdi. İndi isə, sentyabrın 7-dək təqdim olunacaq hər hansı sazişə baxılması üçün 60 gün lazım gələcək.

ABŞ rəsmiləri narahatdırlar ki, 60 günlük müddət yeni əngəllər doğura bilər.
Ötən cümə axşamı Con Kerri müxbirlərə demişdi ki, ABŞ-in səbri tükənmıək üzrədir və əgər ciddi qərarlar qəbul edilməzsə, Vaşinqton prosesə son qoymağa tamamilə hazırdır.

İran ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Kerrinin bu açıqlamasını ABŞ-ın psixiloji müharibəsəinin bir hissəsi adlandırıb.

Açar sözlər:

Oxunub: 707