Şəhidin gitaraçı oğlu: `Hərbi hissəyə çatanda qarşıma 3 tabut çıxdı`


14:14     05 Oktyabr 2016 anar386.jpg

Femida.az-ın növbəti qonağı I Qarabağ müharibəsinin əfsanəvi döyüşçülərindən olan şəhid baş leytenant Bünyadəli Pələngovun oğlu, musiqiçi Anar Bünyaddır.


- Sizi öz dilinizdən tanıyaq

Bünyad Anar 1985-ci ildə Bakıda doğulmuşam. Uşaqlığım Günəşlidə keçib. Orta məktəbi də şəhid atamın adını daşıyan 285 saylıda bitirmişəm. Ali təhsilimi Mədəniyyət və İncəsənət Universitetində Menecmentlik ixtisası üzrə aldıqdan sonra Bakı Uşaq Teatrında işə başladım. Bildiyiniz kimi bu gün teatrda dolanışıq çətindir. O səbəbdən də ordan uzaqlaşmalı oldum. Gitara ilə musiqiyə başladım.

- Niyə məhz gitara?

Atam da vaxtı ilə gitarçı olub. O vaxt hərbi xidmətdə gitarada ifa etməyi öyrənmişdi. Hətta sonralar toylara da gedirmiş. Atam buna baxmayaraq bu sənəti üzrə sona qədər getməyib. Böyük əmimin məsləhəti ilə ali təhsil alıb. Peşəkar hərbçi kimi orduda xidmət edib. Demək olar ki, gitaradan ayrılmışdı. Nəslimizdə musiqiçilər çoxdur. Mənə də musiqiyə həvəs onlardan keçib





- Hərbçi kişinin musiqiçi oğlu. Qəribə səslənmirki?

Bilirəm. Nə demək istəyirsiniz. Mən niyə hərbçi olmadım... Düzü, arzum var idi. Bu həvəs atamdan mənə keçmişdi. Atam şəhid olandan sonra bu addımda qəti idim. Sanki, qisasa hazırlaşırdım. Ancaq anam buna mane oldu. Onu da başa düşürəm. Həyat yoldaşını müharibədə itirən və 3 övladı ilə tək qalan qadın istəmirdi ki, oğlu da o çətin yolu getsin. Buna görə də, anamdan keçə bilmədim.

- Bəs hərbi xidmət keçmisiniz?

Bəli. Xidmətimi Daxili Qoşunlarda etmişəm. Özü də cənab Zakir Həsənovun birbaşa göstərişi ilə. Atam xidmətini orada etdiyi üçün mənim də orada xidmət keçməyimi məsləhət bilmişdilər. Həmin illərdə Zakir Həsənov Daxili Qoşunların Komandanı idi. O insandan hər zaman diqqət görmüşəm. Hörmətim də böyükdür. İşini çox yaxşı bilən nazirdir.

- Atanızın hərbiyə gedən yolundan danışaq. Nə bilirsiniz o illər haqqında?

Mən anadan olanda 1985-ci ildə atam indiki Slavyan Universitetinin Rus dili ədəbiyyatı fakültəsinə daxil olub. Oranı bitirsə də, ixtisası üzrə işləməyib. 1988-ci ildə Gürcüstanda hərbi məktəbi bitirib. 1989-cu ildən Ədliyyə Nazirliyində həbsxana nəzarətçisi kimi işə başlayıb. Anam həmin illərdən danışanda deyir ki, atam bu işini heç sevmirmiş. Hamımız bilirik ki, həbsxanada vəziyyət necədir. Atam həmişə həbsxanada olan çətinliklərdən şikayətlənirmiş. Təxminən 2 ilə yaxın orada işlədikdən sonra hərbi sahəyə keçib. 90-cı ilin əvvəlləri idi. Ölkədə vəziyyət gərginləşirdi. Naxçıvanın blokadaya alındığı çətin vaxtlarda atamı ora göndəriblər. Bir il müddətində Sədərəkdə xidmət aparıb. Naxçıvanda vəziyyət sabitləşdikdən sonra Bakıya qayıdan atam yeni yaranmaqda olan Daxili Qoşunların tərkibində xidmətini davam etdirib. Bu, Əbülfəz Elçibəy prezident olduğu zamana təsadüf edir. Daxili Qoşunların komandanı da Fəhmin Hacıyev təyin edilmişdi. Həm ölkənin daxilində, həm də xaricində vəziyyət gərgin idi. Siyasi qüvvələr hakimiyyət davası apardığı vaxtda, düşmən də Qarabağda müharibyə başlamışdı. 1992-ci ildə atam və Əhməd adlı hərbçi yoldaşı könüllü olaraq dəstə yaradıb Ağdama yollanıb. Bu isə Fəhmin Hacıyevin xoşuna gəlməyibmiş. Çünki, onlara daxildə nəzarəti saxlamağa adam lazım idi. Fəhmin Hacıyevin əmri ilə onlar Bakıya çağrılıb. Gərgin keçən iclasda atamla Fəhmin Hacıyev arasında ciddi mübahisə yaranıb. Çünki, Fəhmin Hacıyevin hərbidən heç bir anlayışı yox idi. O, iclasda deyib ki, Sovet dövründən qalan bütün zabitləri ordudan uzaqlaşdıracam və yerinizə milli hərbi təlim keçmiş gizirləri təyin edəcəm. Vəziyyət atamla onun arasında mübahisəyə səbəb olmuşdu. Bu sonradan da davam etdi.







- Bu sonralar da davam etdi deyərkən nəyi nəzərdə tutursunuz?

Atam həmin iclasdan sonra yenidən cəbhəyə yollanır. Təbbi ki, bu da Fəhmin Hacıyevin xoşuna gəlməmişdi. Atam silah-sursata nəzarət edirdi. Nəzarətində xeyli sayda silah-sursat var imiş. Müharibənin getdiyi bir vaxtda Fəhmin Hacıyev öz adamını atamın yanına silah götürməyə göndərib. Bu, rəsmi yox, şifahi şəkildə olduğu üçün atam etiraz edib. Buna görə də, aralarında olan intriqaları daha da dərinləşib. Fəhmin Hacıyev təcili atamı Bakıya çağırtdırıb və onlar arasında görüş olub. Həmin görüşdə Hacıyev atama “Eybi yox! Bunu yadımda saxladım. Sən get, xidmətini apar”, deyib və otaqdan çıxıb. Atam da yenidən xidmət yerinə qayıdıb.

- Atanızla bağlı sonuncu görüşünüz yadınızdadırmı?

Bəli. Bugünkü kimi...( Red- susur) Atam gecə BTR-lə məhləyə qədər gəldi. Bütün qonşular ətrafına yığışdı. Hamıya hərbi maşın maraqlı idi. Atam əlində avtomat evə girdi. Avtomatın maqazinlərini birləşdirib bağlamışdı. Uşaq olduğum üçün rəngli sarğı mənə maraqlı gəldi. İstəyirdim onu açam.O vaxt atamı son dəfə üz-üzə, göz-gözə gördüm. Düz gözümün içinə baxırdı. Qısa görüşdən sonra hamı ilə sağollaşıb getdi.Bu son görüşümüz idi...

- Hansı istiqamətdə döyüşüb?

Ağdam istiqamətində ...

- Son döyüşü barədə nə bilirsiniz?

Ağdamın Papravənd ( İndiki Ərənzəmin) kəndi istiqamətində 60 nəfər hərbçimiz mühasirəyə düşübmüş. Atam bunu biləndə əməliyyat planı hazırlayıb və mühasirəni yarmaq üçün hərəkətə keçiblər. Çünki, 60 nəfərin həyatı təhlükədə imiş. Həmin vaxt Ağdamdan olan Arif adlı sürücü zabit atamla mühasirəyə düşənləri xilas etməyə gediblər. Ermənilərlə aralarında güclü döyüş baş verib. Bu artıq 1992-ci ilin iyun ayında olub. Onlar çətinliklə də olsa mühasirəni yarıb çıxıblar. Həmin vaxt atam onlara göstəriş verib ki, hər kəs bir-birindən aralı şəkildə hərəkət etsin ki, mərmi düşəndə itki çox olmasın.Yaralıları da həmin Ağdamdan olan sürücü ilə birlikdə maşına qoyub ərazidən çıxarmaq istəyiblər. Maşında atam, Ağdamdan olan hərbçi sürücü və yaralılar olub. Ermənilər elə həmin anda maşını vurmuşdular. Elə ordaca şəhid olublar. Zərbə maşının ön tərəfindən olduğu üçün atamla Arif ə dəymişdi. Onlar şəhid olsalar da, digərləri xilas olub. İndi onların məzarı da eyni sıradadır. Bu hadisəni mənə həmin döyüşlərdə əsgər olan bir nəfər danışıb. Bu gün də o sağdır.







- Atanızın şəhid xəbərini sizə kim dedi?Həmin gün xatirənizdə qalıbmı?

Bəli, hamısı yadımdadır. Anamla qonşuda idik. Birdən səs-küy eşidildi. Gördük ki, anamın əmisi oğlu Ramiz dayı üzü saqqallı, əynində hərbi forma dayanıb. O özü də hərbçi idi. Oturub ağlayırdı. Qaçıb anamı çağırdım. O gələndə hər şeyi başa düşmüşdü. Dayım bizə dedi ki, atan yaralıdır, hospitaldadır. Əslində o bizi aldadırdı. Atam çoxdan şəhid olmuşdu. Balaca bacım həmin vaxt iki yaşında idi. Mənsə 7 yaşımdaydım. Bizi atamın işlədiyi hərbi hissəyə apardılar. Gördüyüm mənzərə bu günə kimi gözümün qarşısındadır.Hərbi hissəyə çatanda qarşımıza 3 tabut çıxdı. Onda anam qışqırmağa, ağlamağa başladı. Bacıma dedim ki, atamız ölüb. O zaman hələ şəhid nə olduğunu dərk etmirdik. Atamın nəşini şəhidlər xiyabanına gətirirdilər. O illəri xatırlamaq çətindir.Anam atamın məzarında girmişdi. Heç kim onu ordan çıxara bilmirdi... İyunun 27-si atamızla sonuncu görüşümüz oldu (Red- Gözləri dolur)





Atamın Heydər Əliyevin büstü qarşısında olan şəklini götürdülər...

- Bu igidliyinə görə atanıza ölümündən sonra hər hansı bir ad verildimi?

Bu sual əslində çoxdan içimdə yığılıb qalanları danışmağa bir təkan oldu. Təəsüf ki, atamın sağlığında onunla problemlər yaşayan Daxili Qoşunların Komandanı Fəhmin Hacıyev şəhidliyindən sonra da ondan əl çəkmədi. Atam şəhid olduqdan sonra atamın məzarı üzərində olan şəkli belə dəyişdirmişdi. Atam hələ Naxçıvanda xidmətdə olan vaxtı onda Heydər Əliyevə simpatiya yaranıbmış. Elə o illərdə Heydər Əliyevin büstünün qarşısında şəkil çəkdirmişdi. O şəkli də çox bəyənirdi. Biz də qərara aldıq ki, atamın məzar daşına həmin şəkli vuraq. Belə də etdik. Ancaq Fəhmin Hacıyev Şəhidlər Xiyabanına gələrkən həmin şəkli gördü və oradan götürməyi göstəriş verdi. Bu Əbülfəz Elçibəyin hakimiyyəti illərində baş verirdi. Bizim oxuduğumuz məktəbə bir aydan sonra atamızın adını verdilər. Buna görə də orada şəkillərdən ibarət guşə düzəldilmişdi. Həmin dediyim Heydər Əliyevin büstü ilə çəkilən şəkil də orada idi. Bu dəfə də o şəkli götürməyi göstəriş verdilər. Ailəmiz ona etiraz etdi. Onlar məcbur olub Heydər Əliyevin büstünün şəklini silib, yerinə ağac şəkli çəkdilər. Sonralar Heydər Əliyev hakimiyyətə gəldikdən sonra biz şəkli bərpa etdik. Düzü biz həmin vaxt nə baş verdiyini başa düşməmişdik. Bu düşmənçilik nəticəsində Fəhmin Hacıyev atama verilməli olan Milli Qəhrəman adına mane olurdu. Atamın xidmət etdiyi hərbi hissənin komandiri kapitan Azad Ziyadov bizə dedi ki, Fəhmin Hacıyev onun təqdimatına qol çəkməyəcək. Ailəmizə məsləhət görmüşdü ki, prezidentə müraciət edək. Ancaq ailəmiz müraciət etmədi. Azad Ziyadov iki dəfə Fəhmin Hacıyevə təqdimat göndərsə də, o sənədləri imzalamaqdan imtina etmişdi. Ona görə də atam Milli Qəhrəman adına layiq görülmədi.







- Fəhmin Hacıyevlə üz-üzə gəlsəydiniz ona sözünüz nə olardı?

- O etdiklərinin cəzasını artıq çəkib. Bildiyiniz kimi o neçə il həbsdə yatıb.Prezident onu əfv etdikdən sonra ölkədən getdi. Bir dəfə onunla görüşmək istədim. Getdim Musavatın qərərgahına. Ancaq görüşə çıxmadı. Sonra eşitdim ki, ölkədən gedib. Mənim ona belə sualım yoxdur. O şəhidlə düşmənçilik aparıbsa, ona sualım ola bilməz.O, zirvəyə layiq insan deyil. Atam onsuz da bizim üçün Milli Qəhrəmandır.

- Şəhid oğlunu digərlərindən nə fərqləndirir?

Uşaq vaxtı atasızlığı çox hiss etmişəm. Ən çətin vaxtlarımda ata dəstəyini gözləmişəm. Ancaq bu gün şəhid oğlu olmağımla fəxr edirəm.Qürurlanıram ki, məni Bünyadəli Pələngovun oğlu kimi tanıyırlar.

- Maraqlı soyadınız var. Pələngov...

- Bizim soyadın maraqlı tarixçəsi var. Bunu bir rəvayət kimi mənə danışıblar. Deyilənə görə ulu babamız pəhlivan olub. O güclü bir pələngi boğduqdan sonra ona Pələngov ləqəbini veriblər. Atam bu soyadı daşıyıb. Ancaq mən bu gün Bünyad soyadını daşıyıram. Uşaq olanda böyük əmim oğluna atamın adını yaşatmaq üçün Bünyad soyadını qoyub. Ondan sonra mən də soyadımı Bünyad dəyişdim. Təkcə anam Pələngova soyadını daşıyır.

- Bir az sizdən danışaq. Gitara ilə dolanışıq mümkün olurmu?

Allaha şükür. Mən elə insanam ki, çox şey istəmirəm. Aza da qane oluram. Ancaq bu gün vəziyyət normaldır.

- Özünüz kimləri dinləyirsiniz?

Pink Floydin fanatıyam. Yerli ifaçılardan Niyaməddin Musayevi çox bəyənirəm. Uşaqlıqdan onu dinləyirəm. Hətta onun “ Nəğmə olub gecələr” mahnısını yeni formada ifa etmişəm.Ailəmizdə musiqi kökləri olduğu üçün musiqiyə çox bağlıyam.

- Musiqiçi cəmiyyətdə baş verən siyasi proseslərə maraq göstərirmi? Misal üçün Referendum, Müxalifətin mitinqi və s... Hansı məlumatınız var?

Proseslərdən xəbərim var. Amma çox da qarışmıram. Nə müxalifətdənəm, nə də iqtidardan. Mən Cəbhənin hakimiyyəti dövrünü də görmüşəm. Səhvləri çox olub. İşi bacarmayan insanlar həmin dövrdə də hakimiyyətdə olub. Açığı deyəcəm bu gün müxalifətdə elə bir lider görmürəm ki, xalqı arxasınca aparsın. Onlarda liderlik xüsusiyyəti yoxdur. Qaldı ki, mitinq məsələsinə. Fikrimcə onlar daha çox öz qohum-əqrabəsini mitinqə toplayır. Belə kütləni mitinqdə görməmişəm. Hamımız bu cəmiyyətdə yaşayırıq və hər şeyi görürük. Bu gün işini bilən məmurlarla yanaşı, bilməyənlər də var. Deyə bilərəm ki, işini bilməyənlər çoxdur. Ancaq onlara qarşı mübarizə kimi mitinqi dəstəkləmirəm. Biz başqa təsir metodlarından istifadə etməliyik. Məsələn biri var Həbib Müntəzir. Qaçıb oturub Almaniyada. Oradan ara qızışdırır. Bu cür addımları dəstəkləmirəm. Mübarizə aparan üz-üzə aparmalıdır.







- Bəs rayonunuzdan olan millət vəkilini tanıyırsınızmı?

Düzü bilmirəm kimdir. Heç üzünü də görməmişəm. Ancaq bizim deputat rəhmətlik Anar Məmmədxanov olub. Şəxsən bizimlə də görüşmüşdü. O xatirəmdə qalıb. Bir də Zahid Orucu bəyənirəm. Xalqın sözünü Milli Məclisdə deməyi bacarır.

- Şəxsi həyatınız nə yerdə? Ailəlisiniz?

Bəli, təzə evlənmişəm

- Bəs sonda özünün özünə hər hansı sualınız varmı?

Düzü belə sual ağlıma gəlmir. Hamısından danışdıq.

Müsahibə üçün sizə təşəkkür edirik.











Miri Məcidli
Foto: Elvin Abdulla
“Xəmsə” çay evinə təşəkkürlər.
Ş.Bədəlbəyli küç., 106

Açar sözlər:

Oxunub: 34014