Bank borca görə müdirinizə müraciət edə bilərmi? - Hüquqşünasdan etiraz


14:59     25 Fevral 2018 1441615643_kredit-borcu.jpg

Bu gün krediti olmayan vətəndaşa çətin rast gəlinir. Xüsusilə problemli kreditlərin sayı artmaqdadır. Belə məqamda banklar hüquqlarını bilməyən vətəndaşlara qarşı hüquqa zidd addımları ilə seçilirlər. Bu daha çox vətəndaşın işlədiyi qurumla bağlı olur.


Bank nümayəndəsinin vətəndaşın işlədiyi şirkətə gəlib onun rəhbərliyi ilə görüşməsi və ödənişi tələb etməsi nə dərəcədə qanunauyğundur?

Bu barədə Femida.az-ın sualını hüquqşünas Nicat Gözəlov cavablandırıb. Onun sözlərinə görə, bu cinayət xarakterli əməldir.





“Son günlərdə bəzi bankların nümayəndələri müqavilə öhdəliyi olan borclu vətəndaşların iş yerlərinə gedərək, təşkilat rəhbərlərinin qəbuluna girirlər. Qəbulda bank rəhbərliyinin rəsmi müraciətini təqdim edərək banka borcu olan işçinin məsuliyyətsiz olması, ona qarşı ciddi tədbirlərin görülməsində əməkdaşlıq edilməsi, kollektivdə müzakirəsinin aparılması, gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbardar edilməsi və sairə təhdid, şantaj dolu özbaşınalığa yol verirlər. Əsas hədəfdə dövlət qulluqçuları, təhsil və səhiyyə işçiləridirlər.
Bir daha nəzərinizə çatdırıram ki, bu özbaşınalıqdır, qanunsuzdur və hətta cinayət xarakterli əməldir.


Kiməsə münasibətdə eyni hərəkət törədilmişdirsə, həmin banka qarşı qanunla müəyyən edilmiş qaydada ciddi tədbirlər görülməsi, həmçinin ictimailəşdirilməsi üçün hüquq-mühafizə orqanlarına və ya ən yaxındakı hüquqşünaslara müraciət edin! Sizin ailə sirrinizi yayaraq, təhdid və hədə-qorxu ilə özbaşınalıq edənlər cəzasız qalmamalıdırlar, bankların rəhbərləri qanunsuz hərəkətləri ilə Vətəndaşımızın Dövlətimizə və Qanunlara inamını sarsıtmamalıdırlar.”


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 4537