Erməni cinayətləri - Kütləvi deportasiya (1948-1953)


16:24     15 İyul 2015 köçürm.jpg

İstər çar Rusiyası dövründə, istərsə də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirirdilər.


1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası ermənilərin azərbaycanlılara qarşı məkrli niyyətlərini bir daha ortaya qoydu.

Bəs köçürmə prosesi hansı tarixi-siyasi zəmində baş verirdi?

İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına həll edilməsi nəzərdə tutulurdu. Qarşıdan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi. İ.Stalin bu məqamdan istifadə edərək, Eçmiədzin kilsəsinin arxiyepiskopu, katolikos postuna real namizəd Gevorq Çörəkçyanı Moskvaya çağırır. 1945-ci il aprelin 19-da Gevorq Çörəkçyan Stalinlə görüşür. Görüşün sonunda Stalin deyir ki, Sovet hökuməti 1921-ci ildə Türkiyəyə verilmiş torpaqları qaytarmaq istəyir, arzu olunandır ki, həmin torpaqlarda Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər məskunlaşdırılsınlar. Stalin təqribən 100 min erməninin immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını bildirir və Eçmiədzin kilsəsinin bu işdə köməklik göstərməsini istəyir.



Köçürülmə siyasəti yersiz əsaslandırmalara söykənirdi...

Məhz bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsinə və paralel olaraq, azərbaycanlıların deportasiya edilməsinə ciddi hazırlıq görülür. Sovet hökuməti azərbaycanlıların Ermənistandan köçürülməsinin (əslində, deportasiya edilməsinin) zəruriyyətini Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən sonra Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrinin yaranacağı və həmin torpaqlarda pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağı ilə əsaslandırmağa çalışrdı.

Stalin - Arutinov görüşləri..

1945-ci il mayın 15-də Ermənistan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da Stalin Kremldə Arutinovu qəbul edir. Arutinov Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir. İ.Stalin xarici işlər naziri Vyaçeslav Molotova tapşırır ki, ona 1914-cü il və 1921-ci il xəritələrini təqdim etsin.

Oktyabrın 27-də Arutinov yenidən Stalinin qəbulunda olarkən Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir. Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. Arutinov görüşün sonunda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edir.

M.C.Bağırovdan “yox” cavabı...

SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın ikinci katibi G.Malenkov Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Arutinovun Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M.C.Bağırov həmin məktuba cavab olaraq göndərdiyi məktubda bildirir ki, o, Arutinovun təklifi ilə o şərtlə razıdır ki, Şuşa istisna olmaqla, Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana birləşdirilsin.



İrəvan və ətraf ərazilərə 96 min erməni köçürüldü....

Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi aktuallaşmışdı. SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana “repatriasiya” edilən ermənilərə (Əslində, xaricdən köçürülüb gətirilən erməniləri “repatriant” adlandırmaq elmi nöqteyi-nəzərdən düzgün deyildi. Çünki köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdılar) Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülüb gətirilən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda məskunlaşmışdıı. Onlar əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşdırılmışdılar.

Öz torpaqlarından didərgin salınmış azərbaycanlılar Kür-Araz ovalığına köçürüldülər...

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. “Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın şəhərlərində yaşayan fəhlələr və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu.
Arxiv sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar öz əksini tapmışdır. Məsələn, 1948-ci ilin dekabrında İrəvan şəhərindən 64 azərbaycanlı ailəsinin (253 nəfər) köçürüldüyü, 1949-cu ildə isə 400 ailənin köçürülməsinin nəzərdə tutulması faktı qeyd edilmişdir.



Köçürülənlər əsasən onların Ermənistanda yaşadıqları rayonların iqlim şəraitinə uyğun olmayan, Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı rayonlarında yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq tələf olmuşdular.

Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar əsasən ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirilmişdi. 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə təmin olunmuşdu.

1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası sürəti azalmış və yaşayış şəraiti ağır olan əhalinin öz əvvəlki yer-yurdlarına geriyə qayıtması prosesi sürətlənmişdir.
Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan rəhbərləri Əştərək, Martuni (Aşağı Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), Eçmiədzin və Hoktenmberyan rayonlarından azərbaycanlıların izinin silinməsinə nail oldular.
Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.

Dünya birliyi hələ də problemə əsl hüquqi qiyməti verməyib..

Beynəlxalq ictimaiyyət hələ də 1948-1953-cü illərdə Azərbaycan xalqının başına gətirilən bu faciənin miqyasından xəbərsizdir. Sovet hakimiyyəti illərində repressiyaya və deportasiyaya məruz qoyulan xalqlar haqqında son dövrdə çoxlu tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası o dövrün rəsmi sənədlərinin ruhuna uyğun olaraq, hələ də sadəcə “köçürülmə” faktı kimi dəyərləndirilir.

İstinad olunub:

“Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşri

Femida.az

Açar sözlər:

Oxunub: 5957