Səhiyyə naziri müraciət etdi


17:45     21 Aprel 2015 download%20(20).jpg

Səhiyyə Nazirliyində 2015-ci ilin iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirilib.


Femida.az xəbər verir ki, iclasda Avropa Oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə, qonaqlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi məqsədi ilə görülən mühüm hazırlıq işləri barədə Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva məlumat verib: “Təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilkin tibbi yardım üzrə təlimlərə cəlb olunub. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib. Müasir avadanlıqla təchiz olunmuş 100 ədəd təcili tibbi yardım maşını alınıb. İdmançılar və qonaqlar üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib. Eyni zamanda, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə müvafiq tibbi xidmətlərin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb”.

Səhiyyə naziri Oqtay Şirəliyev 26 aprel 2015-ci il tarixində Bakıda ilk Avropa Oyunlarının məşəlinin yandırılacağını və onun məşhur insanlar və idmançılarla birgə Azərbaycanın bütün regionlarına, şəhərlərinə aparılacağını, həmin regionlarda bayram tədbirləri və festivallar keçiriləcəyini bildirib. Qeyd edib ki, regionlarda tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçiləri təyin edilməlidir: “Səhiyyə Nazirliyi tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib. Ona görə də bütün səhiyyə müəssisələrinin rəhbərləri istər əhali, istərsə də ölkənin qonaqlarına ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir”.

O.Şirəliyev Avropa Oyunları zamanı ölkəmizə idmançılarla yanaşı çoxsaylı izləyicilərin, media mənsublarının və digər qonaqların da gələcəyini deyib. Nazir vurğulayıb ki, tibb müəssisələrinin hər biri gərgin iş rejimində fəaliyyət göstərməyə hazır olmalıdır.

Səhiyyə naziri ev sahibi kimi Azərbaycanın bu genişmiqyaslı tədbiri layiqincə təşkil edəcəyinə, ilk Avropa oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacağına inandığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 985