Politoloq: “Həm İran qazandı, həm də dünya”


22:17     15 İyul 2015 11412281_10206308509259063_8803766913872219833_o.jpg

“İranın nüvə silahına sahib olması daha da çətinləşdi”


14 iyul 2015-ci il tarixində bütün dünya üçün çox əhəmiyyətli hadisələrdən biri baş tutdu. Belə ki, İran və “altılıq” ölkələri Vyana şəhərində yekun razılığa gəldilər.

Bəs bu sazişin bağlanması nəticəsində kimlər nə qazandı?

Femida.az sualı cavablandırmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov ilə həmsöhbət oldu.

Elman Nəsirovun fikrincə bu sazişin imzalanması regionda sülhün təmin olunması baxımından çox mühüm bir hadisədir:

“Hesab edirəm ki, bütün tərəflər qazandı. Çünki 2003-cü ildən 3 Avropa dövləti –Almaniya, Böyük Britaniya və Fransa İranla danışıqlar aparırdı. 2006-cı ildən isə bu danışıqlar “5+1” formatında davam etdi. ABŞ, Rusiya və Çin də bu danışıqlara qoşuldu. Faktiki olaraq 13 illik danışıqlardan sonra nəhayət, İranın nüvə proqramı ilə bağlı yekun sənəd imzalandı. İranın özünün əldə etdiyi uranın başqa ölkəyə, xüsusilə Rusiyaya göndərilməsi, əvəzində isə təbii uranın İrana qaytarılması məsələsi ciddi müzakirə edildi. İran bu təklifi heç bir halda qəbul etmək istəmirdi. Nəhayət, Vyanada İranla bu problem razılaşdırıldı. İran tərəfi bütün nüvə obyektlərini MAQATE-yə açıq elan edirdi. Lakin söhbət hərbi və təhlükəsizlik obyektlərindən gedə bilməzdi. Ən ciddi müzakirələr isə İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı idi. Bu məsələdə də ciddi fikir ayrılığı var idi. İran tərəfi vurğulayırdı ki, sənədin imzalanmasından 6 ay sonra silah embarqosu ləğv edilsin. Son nəticədə razılıq əldə olundu ki, 5 ildən sonra İrana qarşı silah embarqosu ləğv ediləcək. Beləliklə, uzun müddətli danışıqlardan sonra nəhayət ki, sənəd imzalandı. İranın xarici banklarda dondurulmuş hesablarının İrana qaytarılması üçün də real zəmin yarandı. Sazişə əsasən ABŞ və Avropanın İrana qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar mərhələli şəkildə aradan qalxacaq. Bu isə İran iqtisadiyyatı üçün mühüm addımdır. Xüsusilə, Avropa şirkətləri çoxdan idi ki, İranın enerji resurslarına sərmayələr qoymağa çalışırdılar. Bütün bunları nəzərə alan İran tərəfi sazişi böyük qələbə hesab edir. Sazişə əsasən İran bu vaxta qədər zənginləşdirdiyi uranı Rusiyaya təhvil verəcək. Rusiya isə əvəzində həmin uranı təbii uran şəklində İrana geri qaytaracaq. Uranı 3.67% - dən artıq zənginləşdirmək İrana qadağan edildi. Məlumdur ki, nüvə enerjisindən silah kimi istifadə etmək üçün uran 85-90% - dək zənginləşməlidir. Bununla da İranın gələcəkdə nüvə silahına sahib olması daha da çətinləşdi. Onu da qeyd edim ki, bu sənəd həm ABŞ Konqresindən, həm də İran Parlamentində təsdiq edilməlidir. Nəticə etibarilə, bu sazişin imzalanması ilə həm də regionumuz qazandı. Düşünürəm ki, Azərbaycan da bu situasiyada qazandı. Çünki İranın nüvə proqramı ətrafında gedən müzakirələr gərginləşəndə regionda bu müzakirələrin müharibə ilə yekunlaşacağı ehtimalları səsləndirilirdi. Bu müharibədən isə Azərbaycan da çox böyük ziyan çəkərdi. Bu mənada düşünürəm ki, sazişin imzalanması ilə bütün dünya qazanmış olacaq və dünyanın ən mürəkkəb problemlərindən biri öz həllini tapandan sonra digər problemlərin də həll olunması üçün yollar açılacaq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 971