Nazir jurnalistlərlə görüşdü


00:06     16 İyul 2015 a793d738c84b96ff204b4ade5728ab50.JPG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın görkəmli maarifçi-pedaqoqu və təbiətşünas alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda «Əkinçi» qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən 140 illik inkişaf yolunun hər birimizdə qürur hissi doğurduğunu vurğulayıb. Nazir Azərbaycan mətbuatının həmişə ictimai həyatın güzgüsü və mütərəqqi ideyaların, ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu, informasiya təminatında, xalqın maariflənməsində əhəmiyyətli rol oynadığını bildirib: “Cəmiyyətin həyatında KİV-in rolunu yüksək dəyərləndirən Ümummilli liderimiz Heydər Əliyev tərəfindən milli mətbuatın inkişafı daim diqqətdə saxlanılıb. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyamızda söz, azad məlumat toplamaq, öz baxışlarının azad ifadə edilməsi və s. kimi azadlıqlar təsbit olunub. Ulu öndərimizin 1998-ci il 16 avqust tarixli Fərmanı ilə ölkəmizdə KİV üzərində senzuranın aradan qaldırılması isə Azərbaycanda ümumən demokratik islahatlar prosesində mühüm addımlardan biridir”.

S.Müslümov son illərdə milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması yönündə aparılan islahatlardan söz açıb: “Fəaliyyət sahələrimizdə görülən işlər, aparılan islahatlar barədə cəmiyyətin məlumatlandırılması, habelə ictimai rəyin öyrənilməsi üçün biz KİV-lə əməkdaşlığa xüsusi önəm veririk. Bizim fəaliyyətimiz həmişə mətbuat üçün açıqdır. ƏƏSMN-in fəaliyyəti barədə gündəlik olaraq KİV-ə məlumatların verilməsi, aidiyyəti məsələlərlə əlaqədar mətbuat konfransları və birifinqlərin, müsahibələrin təşkili, jurnalist sorğularının cavablandırılması mütəmadi olaraq təmin edilir”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf yolundan və cəmiyyətin ümumi inkişaf proseslərində fəal iştirakından bəhs edib, onun həmişə azərbaycançılıq əqidəsinə, mütərəqqi dəyərlərə sadiq qaldığını bildirib.

Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb.

Açar sözlər:

Oxunub: 687