Beynəlxalq Bankın əmanətçilərinin nəzərinə!


17:27     16 İyul 2015 242154_457609.jpg

Azərbaycan Beynəlxalq Bankının dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi onun əmanətçilərinin vəziyyətini ciddi şəkildə dəyişdirəcək.


Femida.az xəbər verir ki, bunu iqtisadçı-ekpert Əkrəm Həsənov prezident İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Fərmanla bağlı şəxsi Facebook səhifəsində deyib.

Ekspert qeyd edib ki, hazırda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fiziki şəxsin hər bankda 30 min manat həddində olan və faiz dərəcəsi 12-ni ötməyən əmanətini sığortalayır: "ƏSF-in hüquqi statusu qeyri-müəyyən, fəaliyyəti isə qeyri-şəffafdır. Heç bir halda ƏSF-in dövlətə aidiyyəti yoxdur. Əmanətlərə görə ƏSF cavabdehdir. Bəzilərinin düşündüyündən fərqli olaraq, dövlət əmanətlərə görə məsuliyyət daşımır. Yəni ƏSF özü də müflis olsa (bir neçə bankın müflisliyi, yaxud özünün səmərəsiz idarəçiliyi nəticəsində), dövlət əmanətçilər qarşısında məsul deyil, başqa sözlə, əmanətlər batacaq."

Ə.Həsənovun fikrincə, dövlət əmanətin məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq, yalnız iki bankın əmanətçiləri qarşısında tam məsuliyyət daşıyır: "Bu, Beynəlxalq Bank və Azər-TürkBankdır. Çünki onların səhmlərinin 50%-dən çoxu dövlətə məxsusdur.

Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən, dövlət səhmlərinin 50 faizdən çoxu ona məxsus olan banklardakı əmanətlərə görə məsuliyyət daşıyır. Deməli, Beynəlxalq Bankda dövlətə məxsus səhmlərin payı 50%-dən çox olmayan həddə düşən andan dövlət artıq onun əmanətçiləri qarşısında məsuliyyət daşımayacaq. Başqa sözlə, Beynəlxalq Bankın əmanətçiləri digər bankların əmanətçiləri ilə eyni vəziyyətə düşəcək. Yəni hüquqi statusu qeyri-müəyyən, sərəncamında olan pul vəsaitini necə idarə etdiyi məlum olmayan, əmanətləri yalnız müəyyən şərtlərlə sığortalayan ƏSF-dən asılı olacaqlar."

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1401