“Ermənilər Azərbaycanda deputat seçilə bilər” – Aqil Abbas


16:23     26 Oktyabr 2016 aqil%20abbas.jpg

“Nə ermənilər köçüb gedəsi deyil, nə də biz”.


Bunu Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, bizə verilən bütün hüquqlardan istifadə etmək hüququna yiyələnəcəklər:

“Tale bizi qonşu edib. Əgər müharibə ədalətli sülhlə yekunlaşsa və Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsə, birgə yaşayış da mümkün olar. Əlbəttə ki, bizə verilən bütün hüquqlar Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə də veriləcək. Bununla da ermənilər Azərbaycan vətəndaşı kimi deputat da seçilə bilər, digər mühüm dövlət vəzifəsi də tuta bilər. Yox əgər hansısa erməni Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirsə, Ermənistana qayıda bilər”.

Deputat bildirdi ki, bəzi işlər görüldükdən sonra iki millət arasında isti münasibət yarana bilər:

“Millət olaraq buna hazır olmaq üçün ədalətli sülh bərqərar olmalıdır. Ədalətli sülh təmin olunduqdan sonra “xalq diplomatiyası” işə düşəcək. Bütün bunların ardınca iki millət arasında isti münasibətlər yarana bilər. Həm azərbaycanlılar, həm də ermənilər Dağlıq Qarabağda birgə yaşamağa məhkumdur. Bunun başqa yolu yoxdur”.

Qeyd edək ki, dünən İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çıxış edərək bildirib ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar.

Ceyhun
Femida.az

Açar sözlər:

Oxunub: 34034