Nazir Lavrovla nələri müzakirə etdi?


22:19     17 İyul 2015 memmedyarov.jpg

Cari ilin 17 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər edib.


Femida.az-ın məlumatına görə, səfər zamanı Nazir Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Görüş zamanı Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Nazir Elmar Məmmədyarovu salamlayıb və sözügedən səfərin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Rusiyanın Xarici İşlər Naziri Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirib və burada bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib.

Bundan əlavə Rusiyanın Xarici İşlər Naziri bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirərək, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb.

Nazir Elmar Məmmədyarov həmkarına təşəkkür edib və sözügedən görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. Həmçinin Azərbaycanın Xarici İşlər Naziri İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib.

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını vurğulyıb və bunun üçün bütün əsasların olduğunu söyləyib.

Açar sözlər:

Oxunub: 910