UNEC-də TEDx konfransı keçirilib


22:30     05 Noyabr 2016 ted-x-unec-4.JPG

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Elm aylığı" çərçivəsində ilk dəfə TEDx konfransı keçirilib.


UNEC-dən Femida.az-a verilən məlumata görə, "Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb.

İlk TEDxUNEC konfransında elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər: UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkili Fazil Mustafa və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov mövzu ilə bağlı fikirlərini paylaşıblar.

Konfrans TED kuratoru Chris Andersonun video-müraciəti ilə başlayıb. C.Anderson müraciətində TEDx konfranslarının mahiyyətinə və qazanılan dəyərlərə diqqət çəkib. Paylaşmağa dəyər fikirləri özündə ehtiva edən konfransda məruzəçilərin iştirakçılara faydalı məlumatlar qazandıracağına əminliyini ifadə edib.

İlk məruzəçi AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Azərbaycanda elm və təhsilin vəhdətinin problemləri və həlli yolları" mövzusu üzrə çıxış edib. O, aktual mövzunun əsas istiqamətlərinə diqqət çəkərək, inkişaf maneələrini açıqlayıb. Təcrübələrinə əsaslanan məruzəçi çıxış yolunun müəllim hazırlığının metodologiyasının dəyişdirilməli olduğunu bildirib. Həyata keçirilən layihələrdə ölkənin siyasi, iqtisadi, coğrafi və mental dəyərlərinə əsaslanan milli modelin yaradılmasının vacibliyi vurğulayıb.

Aktual məsələyə fərqli prizmadan fikir bildirən millət vəkili Fazil Mustafa "Azərbaycanda elmi fəaliyyət və təhsil prosesinin qanunvericilikdə tənzimlənməsi" mövzusunda özünəməxsus şərh verib. Təhsil sahəsində dünya təcrübəsinin tətbiqi zamanı yaranan problemlərə diqqət çəkərək, həlli yollarını açıqlayıb.

Maraqla dinlənilən konfransda növbəti çıxışı “Tərəqqi, texnologiya və elmin vəhdəti" mövzusundan təhsil üzrə ekspert, professor Şahlar Əsgərov edib. O, elm və təhsilin vəhdətini riyazi düsturlar əsasında bağlılığını ifadə edərək, sənaye və texnologiyanın bu vəhdətdə rolunu dinləyicilərlə paylaşıb.

Konfransın növbəti məruzəsini UNEC-in rektoru, professor Ədalət Muradov edib. Rektor "İnsan kapitalı - təhsil və elmin yaratdığı dəyərdir” anlayışındakı üç faktor arasındakı əlaqənin yaratdığı faydaları izah edib.

“Paylaşılan ideyalar” sloqanı ilə 1984-cü ildə qurulan TED, məruzəçilərin qısa videoları ilə biliyi və unikal mülahizələri bütün dünyaya yayan ensiklopediya halına gəlib. TED-də dünyaca məşhur şəxslər və elm adamları bilik və təcrübəsini paylaşmaqdadırlar. Bu gün planetin 150 ölkəsində təşkil edilən 5723 TEDx konfransda 7114 məruzəçini təqribən 5 milyard insan izləyib.

Açar sözlər:

Oxunub: 1767