Təkamülə inanan dini icma: “Musa Nağıyev bəhai idi” (MÜSAHİBƏ)


16:03     07 Noyabr 2016 behai%203.jpg

Bəhai İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru Ramazan Əsgərli və ofisin əməkdaşı Azər Cəfərov Femida.az-ın suallarını cavablandırıb.


Müsahibəni oxuculara təqdim edirik:

Bəhai dinini Azərbaycanla nə bağlayır?

Azər Cəfərov: Bəhai icması Azərbaycana bağlı icmadır. Bu dinin yarandığı tarixi məkan İranla yanaşı Şimalı Azərbaycan əraziləri də olub. Azərbaycan torpağında dərin köklərimiz var. 1846-cı ildə babilər artıq Azərbaycanda idilər. M.S.Ordubadi öz kitabında yazır ki, Ordubadın Vənənd kəndində Molla Sadıq Vənəndli adlı bir şəxs Həzrət Babın gəlişini insanlara çatdırıb. Həmin vaxt Ordubad və Zəngəzur ərazilərində onun 5 minə qədər tərəfdarı olub. Hətta yazılı mənbədə göstərilir ki, o zaman hakimiyyətdən salınmış Naxçıvan xanı və onun vəziri də bu hərəkata qoşulub. Çarizm hərəkatı yatırmaq üçün ordu göndəribdir. XIX-XX əsrlərin qəzetlərində babilər, sonralar bəhailər ilə bağlı külli miqdarda yazılar var. İcmanın arxivində XIX əsrdə Bakıda icmanın adına alınmış və “Müsafirxana”, “Bəhai Evi” kimi tanın İbadət Evinin mülkiyyət hüququna dair şəhadətnamə var. Bərdə, Gəncə, Şamaxı, Balaxanı, Salyan icmalarının da İbadət Evləri olubdur. Bəhailər həmişə öz xalqına, öz ölkələrinə sədaqətli olublar. Biz Azərbaycan xalqının bir hissəsiyik. Bu millətin mədəniyyəti, ruhu ilə bir yerdəyik. Bəhailər Azərbaycan xalqını həmişə maarifçiliyə çağırıblar, cəhalətin, xurafat və mövhumatların aradan götürülməsini təhsilin inkişafında, xüsusən də qızların savadlandırılmasında görüblər. Bu məsələdə dövrün mütərəqqi ziyalıları, maarifçi qüvvələri ilə əməkdaşlıq etməyə çalışmışıq. Buna görə də keçmişlərdə dini fanatiklər tərəfindən təqib olunmuşuq, şəhidlər vermişik.

Ramazan Əsgərli: Bəhailər qızların təhsilə cəlb olunmasına həmişə diqqət yetiriblər. Buna görə də Bəhai icması həmişə oxuyan, savadlı icma olub. Bu da bəhailərin bütün dövrlərdə ictimai mühitdə mədəniyyət, elm xadimləri ilə ünsiyyət qurmalarına şərait yaradıb.

Bəhailər düşünür ki, yer üzərində bir din mövcuddur. Bu, nə anlama gəlir?

Azər Cəfərov: Bəhai Təliminə görə Allahın yerdə bir Dini mövcuddur, bütün mövcud dinlərə Onun tarixi mərhələləri kimi baxmaq olar. Bu Din tarix boyu kamilləşmə yolu ilə inkişaf edibdir. Peyğəmbərlərin gətirdikləri müqəddəs kitablar isə bir İlahi Kitabın səhifələridir. Bu Din daim inkişafdadır, yəni təkamüldədir. Həzrət Krişna, Buddanın, Musanın təlimində biz tumurcuğu, Həzrət İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Onların hər biri öz dövründə zəruri və faydalı idi, onlarsız meyvə yetişə bilməzdi. Eyni proseslər Peyğəmbərlərin təlimlərində də baş verir; onların xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur, onlar Vahid Dinin müxtəlif tarixi mərhələləridir. Bunu sadəcə dərk etmək, anlamaq lazımdır. Bəzən sual edirlər: əgər Veda təlimi və İslam vahid Vəhy prosesinin həlqələridirsə, bəs nəyə görə onlar bu qədər fərqlidirlər. Mərasim və ibadətdə, həmçinin mədəniyyətdə təzahürlərinə görə kəskin fərqlərə baxmayaraq, bütün dinlərin ruhani əsasları heyrətləndirici dərəcədə oxşardır. Həzrət Krişnanın Arcunaya anlatdığı ruhani həqiqətlər Budda və İsanın öz şagirdlərinə söylədiklərinə və ya Həzrət Bəhaullah “Kəliməti-Məknunə”də dedikləri çox oxşardır. Ona görə də biz dinləri müqayisə edəndə onların indi ortaya qoyduqları sistemləri deyil, mənbələri, Vəhylə gələn informasiyanı müqayisə etməliyik. Onlar həm oxşar, həm də ardıcıldırlar. Biz onları ayıran deyil, birləşdirən cəhətlərə baxmalıyıq. Həm də zaman-zaman insanlar öz dinlərini müxtəlif sosial qanunlar və əlavələrlə çox yükləyiblər, bu bir faktdır ki, müqqəd yazılarda da insan əlvələri çoxdur. Böyük fərqlər burdan törəyir.

Dinlər adətən təkamül nəzəriyyəsini inkar edir, siz isə inanırsınız...

Azər Cəfərov: Bəhai dinində belə bir prinsip var: elm və dinin harmoniyası. Dinlə elm arasında harmoniya olmalıdır. Əgər insan cəmiyyətini quşa bənzətsək, onun bir qanadı elm, digər qanadı dindir. O, hər iki qanadın vasitəsilə uça bilər. Əgər elmə güc versək və dini kənara atsaq, bu bizi, ateizm və materializmə gətirib çıxaracaq. Əksinə dinə güc verib, elmi inkar etsək, cəhalətlər və xurafatlar bataqlığına batacağıq. Əgər dini həqiqətlər elmlə öz təsdiqini tapmırsa, biz onu qəbul etmirik və ya əksinə elmi həqiqətlərə din işığı düşmürsə o da yalnışdır. Elmi həqiqətlər nisbi olduğu kimi, dini həqiqətlər də nisbidir. Təkamülün mövcudluğu Allahın inkarı anlamına gəlmir. Təkamül prosesinin senari müəllifi də, elə rejisoru da Allahın özüdür. Xəlqetmə prosesi zamanı geoloji, bioloji, mikrobioloji və s. mexanizmlərin yaradıcı da elə Allahın özüdür. Bəhai Təliminə görə, milyon-milyon illər ərzində insan növü bir formadan digər formaya keçməklə indiki biçimə, indiki quruluşa gəlib çatmışdır. Lakin Darvinizdən fərqli olaraq, Həzrət Əbdül-Bəhanın yazılarında göstərilir ki, insan elə yaradılışın əvvəlində də, belə deyək, okeanda tək hüceyrəli canlı olanda da Allahın xüsusi növü idi. Bu növün öz inkişaf, öz təkamül yolu olubdur. Allah xəlqetmə prosesinin bütün incəliklərini və bütün təbii mexanizmlərini müqəddəs kitablarda açsaydı, onların hər biri azı 10 min cild olmalı idilər. Bu məsələnin həlli elmin boynundadır.



Qeyd etdiniz ki, əgər dini həqiqətlər elmlə öz təsdiqini tapmırsa, biz onu qəbul etmirik. Bəhailərin dəstəklədiyi bütün prinsiplər elmdə öz təsdiqini tapıb?

Azər Cəfərov: Qeyd etdiyim kimi, elmi həqiqətlər nisbidir. Elm materiyanın sirlərini açdıqca, nəzəriyyələr və elmi baxışlar dəyişir. Yalnız inkarolunmaz həqiqət odur ki, Kainatda bu cür nizam, bu cür mükəmməllik, həyatın sadə formalardan insana kimi mürəkkəb yollarla təkamül etməsi, insan Sivilizasiyasının orta çıxması öz-özünə baş verə bilməz. Bu proseslərin arxasında Mütləq İdeya, Mütləq Şüur və ya Allah dediyimiz qüvvə durur.

Bəhai dininin xüsusi nişanı, emblemi var?

Ramazan Əsgərli: Bəhai dinində xüsusi geyib formaları və hansısa fərqləndirici nişan və emblemlər yoxdur. Bəli, bizim evlərdə və mərkəzlərdə 9 guşəli ulduzun təsvirini görə bilərsiniz. Bu doqquz guşəli ulduzda heç bir “mistika” yoxdur. Sadəcə Allahın zahir etdiyi 9 müqəddəs dinin, 9 müqəddəs Peyəmbərin rəmzidir. Bu bizim, bəlkə də ən böyük arzumuzun – dinləri birlik içində, Bir Ümumi Dində birləşmiş şəkildə görmək istəyimizin rəmzidir.

Bakıda Bəhai rəmzləri olan binalar varmı?

Ramazan Əsgərli: Bəli, bəzi köhnə tikililərdə Bəhai rəmzlərinə rast gəlmək olar. Deyilənə görə “İsmailiyyə” binasında Bəhai rəmzləri əks olunub. Həmin binanı tikdirən Musa Nağıyevin həm özü, həm də həyat yoldaşı bəhai idi. Musa Nağıyevin özü həm də Bəhai şurasının üzvü olub.

Saytınızda tez-tez nar fotosunu görünür. Bu rəmzin Bəhai dini ilə əlaqəsi var?

Ramazan Əsgərli: Nar meyvəsinin Bəhai dini ilə əlaqəsi yoxdur. Tamamilə dizaynerin öz fantaziyasının məhsuludur. Onun fikirincə, xurma ərəblərin, zeytun italyanların, üzüm gürcülərin rəmzi olduğu kimi nar da vətənimiz Azərbaycanın və azərbaycanlıların rəmzidir. Biz buna etiraz etmirik.

Dünya Bəhailərinin mərkəzi qərargahı harada yerləşir?

Ramazan Əsgərli: Beynəlxalq Bəhai Birliyinin Ali İnzibati və Ruhani qurumu – Ümumdünya Ədalət Evinin iqamətgahı, həmçinin başqa əhəmiyyətli müqəddəs yerləri İsrailin Hayfa və Əkka şəhərində yerləşir.

Niyə məhz İsrail?

Ramazan Əsgərli: Babilərin kütləvi qətliamından sonra İran şahının əmri ilə ölkədən sürgün edilmiş Həzrəti Bəhaullah 1852-ci ildən 1892-ci ilə kimi Osmanlı imperiyasının məhbusu sayılırdı. Bağdad, İstanbul, Ədirnədə həbs və sürgündə saxlandıqdan sonra, 1868-ci ildə indiki İsral ərazisində yerləşən Əkka şəhərində əvvəlcə həbsə salınır, sonra isə həbs ömürlük sürgün ilə əvəz olunur. Sonradan Həzrət Bəhaullah bu şəhərdə dünyasını dəyişir. Bununla da bu ərazlər bəhailərin ruhani və inzibati mərkəzinə çevrilir. 1948-ci ildə həmin ərazilərdə İsrail dövləti yarandıqdan sonra,həmin mərkəzlərin orda qalmasına və fəaliyyət göstərməsinə icazə verilmişdir.

Bəhai Dininin vətəni İran İslam Respublikasında bəhailər rahat fəaliyyət göstərə bilir?

Azər Cəfərov: Bu ölkədə təqribən yarım milyon bəhai yaşayır. İran dövləti bəhailərə qarşı diskriminasiyanın ən ağlasığmaz formalarından istifadə edir. İranda bəhailər ali təhsil almaq, dövlət idarələrində işləmək, təqaüd almaq kimi ən elementar hüquqlardan məhrumdurlar. Orta məktəblərdə bəhai uşaqlarına müsəlmanlarla bir parta arxasında oturmağa icazə verilmir. İqtisadiiyatın təqribən 20-dək sahəsində bəhailərin işləməsinə icazə yoxdur. Bəhailərə ticarət obyektlərində mallara açıq əllə toxunmağa icazə verilmir. İranda İslam hökuməti qurulduqdan sonra bu ölkədə 400-dən çox bəhai qətlə yetirilb, minlərlə bəhai işgəncələrə və həbslərə məruz qalıbdır. Şah dövrünü də bura əlavə etsək, XIX –XXI əsrlər ərzində İranda 20 min bəhai şəhid edilibdir, 100 minlərlə bəhai başqa ölkələrə mühacirət etməyə məcbur olmuşdur.

Bəhai icmasını türk icması adlandıra bilərik?

Ramazan Əsgərli: Din millətdən üstün fenomendir. Məkan olaraq Bəhai dini Azərbaycanla çox bağlıdır. İranda babilər hərəkatı başlayanda Həzrəti Babın xeyli sayda azərbaycanlı tərəfdarları olub. Baba iman gətirən ilk 18 nəfərin 7-si azərbaycanlı olub. Yəhudilər, hətta zərdüştlər içərisində xeyli sayda bəhai olub. Bu nöqteyi nəzərdən Bəhai icmasını türk icması adlandıra bilmərik. XIX əsrin 60-cı illərində bəhailərin 90%-i farslar, azərbaycanlılar, ərəblər, yəhudilər və Yaxın Şərqin digər xalqlarının nümayəndələri idi. İndi etnik tərtib başqa nisbətdədir. Hazırda bəhailər arasında dünyanın 2100-dən çox millət, xalq, etnik qrupun nümayəndəsi vardır.

Ən çox bəhai hansı ölkədə yaşayır?

Ramazan Əsgərli: Ən çox bəhai Hindistanda yaşayır. Bu ölkədəki bəhailərin sayı 2 milyondan çoxdur. İran, ABŞ, Avtraliya, Kolumbiya, Konqo və başqa ölkələrdə çox saylı icmalar mövcuddur.



Hansı ölkələrdə Bəhai icması rəsmi dövlət qeydiyyatına alınıb?

Azər Cəfərov: Dövlət qeydiyyatı anlayışı müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn ərəb ölkələrində, əksər Avropa ölkələrinin çoxunda icmaların dövlət qeydiyyatına alınması bizdəki qaydalardan fərqlənir. Elə ölkələr var ki, orada dövlət qeydiyyatı anlayışı ümumiyyətlə yoxdur. Fakt odur ki, dünyanın heç bir ölkəsində bəhailərin fəaliyyətinə maneə törədilmir, əlbəttə bu dinin vətəni olan İrandan başqa. İranda, qeyd etdiyim kimi bəhailər çox ciddi şəkildə təqib olunurlar.

Qadınların çadra taxması məsələsinə bəhailərdə münasibət necədir?

Azər Cəfərov: Mən bu suala belə cavab verərdim: bəhailər yaşadıqları ölkənin mədəniyyətinə və adət-ənənlərinə hörmətlə yanaşırlar. Dünyanın 254 ölkəsində bəhai icmaları vardır: onlar Afrikada afrikalılar kimi, Avropa avropalılar kimi, Ərəbistanda ərəblər kimi geyinirlər. Bizdə xüsusi geyim qaydaları yoxdur.

Belə çıxdı ki, qadınların geyiminə heç bir müdaxilə yoxdur...

Azər Cəfərov: Ümumiyyətlə Bəhai dini şəxsiyyətin azadlığına hörmətlə yanaşır, onun dünyagörüşünə, estetik baxışlarına, o cümlədən geyimlə bağlı zövqünə müdaxiləni bəyənmir. Hətta Allaha inanıb-inmamaq da insanın öz seçimidir. Hər bir insan öz seçimində sərbəstdir. Qadınların geyiminə münasibətdə də belə yanaşma mövcuddur. Hər bir insan öz geyim tərzini özü müəyyən etməlidir. Bəhailər sadəcə Həzrət Bəhaullahın bir tövsiyəsini qəbul ediblər və ona da uyğun geyinirlər: “Elə geyinin ki, ətrafınızdakı insanların qınaq obyektinə çevrilməyin. Allahın sizdən tələbi budur”.

Açıq-saçıq geyinən qadını icmaya üzv qəbul edərsiniz?

Azər Cəfərov: Heç bir problem yoxdur. Gəlsin, üzv qəbul edərik. İcmaya qəbulun yenagə şərti İnsanlığa, Azərbaycana və onun xalqına təmənnasız xidmət etmək, təlim-tərbiyə və maarifləndirmə proqramlarımızda bizə kömək etmək istəyidir. Hətta dinin qəbulu da vacib deyildir. Yəni müsəlman, xristian, hətta ateist bizim icmaya qoşula bilər.

Elələri müraciət edib sizə?

Azər Cəfərov: Əlbəttə olub. Açıq danışaq, bəzi qadınlar nə üçün hədsiz dərəcədə açıq-saçıq geyinir. O qadın sadəcə özünü ifadə etməyin başqa yollarını bilmir, özünün xarici görünüşünə daha çox önəm verir, Onun gözəllik anlayışı bir qədər bəsitdir. Lakin sonradan ziyalandıqca, ruhaniyyət qazandıqca, daxili gözəllik haqda anlayışlar əldə etdikcə, ən əsası isə həyat motivləri dəyişdikcə geyim, zahiri görkəm ikinci sıraya keçir. Özünü ifadə etməyin daha ali formaları həyat tərzinə çevrilir.

Azərbaycanda qadın üzvləriniz çoxdur, yoxsa kişi?

Ramazan Əsgərli:
Ümumiyyətlə, qadınlar ruhani məsələlərdə daha həssasdırlar. Onlarda mərhəmət, şəfqət, sevgi hissi daha güclü olur. Ona görə də başqa dini icmalarda olduğu kimi bizdə də qadın üzvlərin sayı daha çoxdur..Üzvlərimizin təqribən 60%-ə qədəri qadınlardır.

Azərbaycandakı üzvlərinizin ümumi sayı nə qədərdir?

Ramazan Əsgərli:
Təqribən 1000 nəfərdən çoxdur.....

Fikrimcə, çox aşağı rəqəmdir...

Ramazan Əsgərli: Elə adam var ki, özünü bəhai hesab edir, lakin icmanın proqramlarında müəyyən səbəblərdən iştirak edə bilmir. Adam var ki, bəhai deyil, amma bizim proqramlarda fəal iştirak edir. Bəhai İcması açıq icmadır, burada insanlar arasında “sərhədlər”yoxdur. Belə vəziyyətdə kimin bəhai kimin qeyri-bəhai olduğunu söyləmək bəzən çətin olur.

Azərbaycanda yüksək dövlət məmurları içərisində bəhai var?

Azər Cəfərov:
Məndə o haqda məlumat yoxdur...əgər məmur Həzrət Bəhaullahı dövrümüz İlahi zühuru kimi qəbul edirsə, Bəşəriyyətin və Dinlərin əzəli birliyinə , Elm və Dinin harmoniyasına, qadın-kişi bərabərliyinə inanırsa, hər cür cəhaləti, dini, milli, iqi, siaysi xurafatları və mövhumatları rədd edirsə, korrupsiyadan uzaqdırsa, öz ölkəsinə və xalqına təmiz vicdanla xidmət etmək arzusu ilə yaşayırsa, demək o bəhaidir...Beləsini siz tanıyırsızmı?

İdarəçilik necə qurulub?

Azər Cəfərov:
Bəhai dinində peşəkar ruhanilik qadağandır. Yəni bizdə, molla, keşiş, kahin anlayışı yoxdur. Icmalarda kollegial idarəetmə tətbiq olunur. Hər il aprel ayının 21-də Bəhai icmasının 21 yaşından yuxarı üzvləri, qadınlar və kişilər, toplaşıb öz aralarından 9 nəfərdən ibarət Yerli Şuraları seçirlər. Bu adamlar bir il ərzində icmanı idarə edirlər. Eyni zamanda müxtəlif icmaların (Məsələn, Bakı, Sumqayıt və s.) nümayənləri xüsusi keçirilən konfransda yenə icma üzvləri arasında 9 nəfərdən ibarət Milli Şuranı seçirlər. Onun da fəaliyyət müddəti 1 ildir. Hər 5 ildən bir isə dünyanın 186 ölkəsinin Milli Şuraları Hayfa şəhərində bir araya gələrək, dünya bəhailəri arasından 9 nəfərdən ibarət Ümumdünya Ədalət Evininin üzvlərini seçirlər. Bu qurumun üzvlərinin xidmət müddəti 5 il üçün nəzərdə tutulmuşdur.



Yəqin ki, mütəmadi olaraq təlimləriniz keçirilir...?

Ramazan Əsgərli:
Bizim 7 yaşından başlayaraq “sonsuzluğa” kimi davam edən təlim-tərbiyə sistemimiz var. Buna permanent təlim-tərbiyə sistemi də demək mümkündür. Uşaqlar, yeniyetmələr, gənclər, yaşlı insanlar üçün ayrıca, lakin bir-birini tamamlayan təlim-tərbiyə proqramımız var. Bu proqramlar sosial-iqtisadi xarakterlidir. Onların bir hissəsi, xüsusən də uşaq və yeniyetmə proqramları gənc nəsildə sağlam vətənpərvərlik, ədalət, mərhəmət, irqindən, dinindən, millətindən asılı olmayaraq bütün insanlara, canlılar və təbiətə məhəbbət aşlamaq, səxavətlilik, fədakarlıq, vətənə və bütün Bəşəriyyətə tənnasız xidmət ruhu kimi keyfiyyətləri formalaşdırmaqdır. Yeniyetmə proqramlarının bir hissəsi, onlarda intelektual qabiliyyətlərin, nitq mədəniyyətinin, pozitiv düşünmə və bu baxışla cəmiyyətə xidmət qabiliyyətinin inkişaf etdirilməsi məqsədini güdür. Hətta proqramın biri riyazi anlayışları mənimsəmək və onları cəmiyyətdə tətbiqi məsələlərinə həsr olunmuşdur.

Dərsləri harada keçirsiniz?

Ramazan Əsgərli:
İcmaya məxsus binalarda və imkanı olan möminlərin evlərində.

İnzibati strukturda neçə nəfər çalışır?

Azər Cəfərov:
Bizdə, qeyd etdildiyi kimi inzibati qurumlar seçkili orqanlardır. Bundan başqa bəhailərdən və bəhai olmayan şəxslərdən ibarət uşaq, yeniyetmə dərslərini aparıcılarından və digər sosial proqramları həyata keçirənlərdən ibarət könüllülər vardır.

İşçilərə nə qədər məvacib verilir?

Azər Cəfərov:
Azərbaycan Cəmiyyətinə və Bəşəriyyətə xidmət könüllülük əsasında həyata keçirilir. Fədakarlığın və insanpərvərliyin həddi yoxdur və o maddiyyətlə ölçülmür.

Yəqin ki, fəaliyyətinizdə müəyyən vəsait xərcləməli olursunuz. Bəs, maliyyənin mənbəyi haradır?

Azər Cəfərov:
Maliiyə resurslarımız tamamilə bəhailərin könüllü iyanələri əsasında formalaşır. Bizdə dörd cür fond vardır: yerli, milli, qitə və beynəlxalq fond. Mömİnlərin bu fondlarda sistermli iştirakı təşviq olunur. Bəhai fondunlarına ancaq və ancaq bəhailər ianə verə bilər və bu onların imtiyazı hesab olunur. Məsələn, siz gəlib fonda ödəniş etmək istəsəniz, bu sizdən qəbul olunmayacaq. Dünyada 8 milyon bəhai bu sistemdə birləşiblər.

Beynəlxalq fond harada yerləşir?

Azər Cəfərov:
Bu haqda məlumatım yoxdur. Yəqin ki, nüfuzlu və etibarlı bankların yerləşdiyi dünyanın müxtəlif ölkələrində.

Bu il ərzində Azərbaycandakı Bəhai icması beynəlxalq fonddan nə qədər yardım alıb?

Azər Cəfərov:
İcma özü-özünü maliyyələşdirir. Cari xərclərimizi ianələr tam örtür. Hətta qitə və Beynəlxalq fondlarda da simvolik də olsa iştirak edirik. Böyük layihələr olanda, məsələn, əmlakın alınması və ya dəyişdirilməsi zamanı qitə və Beynəlxalq fondlardan yardım istəmək kimi hüququmuz vardır. Əvvəllər bu hüququmuzdan istifadə etmişik. Bu il müraciətə ehtiyac olmayıb. İcmanın maliyyə məsələrinin həm dövlət, həm də sıravi möminlər qarşısında tam şəffalığı təmin edilmişdir. Heç nəyi gizlətmirik. Bəhai icması açıq icmadır. Bizim niyyətimiz xalqa və ölkəyə kömək etməkdir.

Maraqlı bir prinsipiniz var: “Biz siyasətə qarışmırıq”

Ramazan Əsgərli:
Bəhailər yaşadıqların dövlətlərin daxili siyasətinə qarışmırlar. Biz cəmiyyətin və xalqın inkişafı, tərəqqisi naminə çalışırıq. Bəhailər hər hansı partiyanın üzv ola bilməz, siyasi partiyaların platformalarını, onların şüurlarını hər hansı formada dəstəkləyə bilməzlər. Çünki bizim özümüzün proqramımız və prinsiplərimiz var. Çalışırıq ki, icmanın imkanları daxilində dövlətimizə və vətəndaş cəmiyyətinə sosial məsələlərdə dəstək olaq. Əlbəttə ki, ilk prinsipimiz maarifçilikdir.

Azərbaycanda radikal dini qruplaşmalar mövcuddur, hansı ki, başqa təriqət, din və icmaları qəbul edə bilmirlər. Həmin qruplaşmalar tərəfindən sıxışdırılırsınızmı?

Ramazan Əsgərli:
Azərbaycan dövləti bizim təhlükəsizliyimizin qarantıdır...Hələ ki, təzyiqlərə məruz qalmamışıq...Əlavə etmək istəyirəm ki, radikalizmin yayılmasının əsas səbəbi savadsızlıq və bilgisizlikdir. Radikalizlə mübarizə etmək istəyiriksə, ilk növbədə əhalinin, xüsusən də qadınların təhsil və savad səviyyəsini qaldırmalıyır. Nə üçün qadınların? Çünki uşaqların ilk tərbiyəçiləri analardır. Bu mövzu ətrafında saatlarla danışmaq olar...

İslam dinində nəyi bəyənmirsiz?

Azər Cəfərov:
Əlbəttə ki, bu gün cəmiyyətə “İslam” adı altında təqdim edilən əksər sosial konsepsiyaların İslam dini ilə bağlılığı yoxdur. Bəhai dini özündən əvvvəlki dinlərin teoloji əsasları üzərində formalaşıb və başqa dinlər kimi İslamı da İlahi Təlim kimi qəbul edibdir. Həzrəti Bəhaullaın “Kitabı-İqan”ı Quranı-Kərimin ən mükəmməl təfsirlərindən biridir. Bu gün üzə çıxan dini məzhəblərin çoxunu Məhəmməd Peyğəmbərin nazil etdiyi İlahi təlimlə əlaqələndirmək olmaz. İnsanları orta əsrlərin sosial qaydalarına qaytarmaq istəyi, qadınları əzarət altında almaq, dini müharibələr törətmək, insanları dini əqidələrinə görə təqib etmək, işgəncələrə məruz qoymaq, öldürmək nə dərəcədə Məhəmməd Peyğəmbərin İlahi təliminə uyğundur?...Məncə onlar sadəcə İslamın adından istifadə edirlər, bəlkə də qəsdən...



“Həzrəti Bəhaullah bütün dünyada sevgi, birlik və sülh mühitini yaradacaq prinsiplər gətirib” anlayışını izah edərdiniz...

Azər Cəfərov:
Bəşəriyyətin birliyi prinsipi Bəhai dininin onurğa sütununu təşkil edir. Elə bir zaman yetişib ki, dünya dinləri və millətləri artıq vahid vətəndə birləşməlidir. Bəşəriyyət bütövləşməyə, vəhdətləşməyə doğru gedir. Bəhailərin bununla bağlı konkret təklifləri də var. Vahid yazının, çəki və ölçü vahidlərini qəbul etmək, kollektiv təhlükəsizlik sistemini qurmaq və hamılıqla tərk-silah olmaq, Dünya parlamentini və federativ dünya dövlətini yaratmaq, dünya vətəndaşlığını təsis etmək və s. kimi təkliflərimiz var. Öz təkliflərimizi BMT-yə də təqdim etmişik. Bütün dünyada vahid dil qəbul olunmalıdır ki, hamı tərəfindən qəbul edilsin və bütün orta məktəblərdə ana dili ilə yanaşı keçirilsin. Bütün dünyaya ikinci ana dili lazımdır. İnsanlar planetə öz vətənləri kimi baxmalıdır. Dünyanın resursları tükənir, fəlakətə doğru gedirik. Buna görə də qəti tədbirlər görülməlidir. Kollektiv əməkdaşlıq formalaşmalıdır. Belə olsa, dünyanı xilas edə bilərik. Uşaq və yeniyetmə proqramlarımızın da əsas məqsədi odur ki, yeni təfəkkür formalaşsın, əməkdaşlıq, dialoq mühiti yaransın. İnsanlar düşünməlidir ki, dünya bir vətəndir, onlar isə bu vətənin sakinləri, vətəndaşlarıdır.

Bəhailər qiyamət gününə inanır?

Azər Cəfərov:
Əvvəlki dinlərin təqdim etdiyi formada yox.. Həzrət Bəhaullah “Kitabi-İqan”da Tövrət, İncil və Qurandakı “qiyamət” anlayışının həqiqi anlamını izah etmişdir. O buyurur ki, “Günəşin qaralması”, “Ayın parçalanması”, “ulduzların tökülməsi”, və digər əlamətlər haqqında söylənmiş bu xəbərlər rəmzi məna daşıyırlar. Peyğəmbərlər ilk növbədə bunları fiziki deyil, ruhani anlamlara aid etmişlər. Onlar Qiyamət Günü ilə əlaqədar olaraq Günəş barəsində danı¬şarkən Həqiqət Günəşini, yəni Peyğəmbəri nəzərdə tuturlar. İsa xristianlar üçün və Məhəmməd müsəlmanlar üçün belə Günəş olmuşdur. Allahın hər bir Zühurunun gəlişi Qiyamət Günüdür. “Dünyanın Sonu” ifadəsi dünyanın dağılması demək deyildir. Bu ifadənin düzgün tərcüməsi “Əsrin başa çatması və ya Dövrün sonu” deməkdir. Bəhai təliminə görə Həzrət Bəhaullahın gəlişi bizim yaşadığımız dünya üçün ən böyük Qiyamət Günüdür.

O zaman bu dində axirət dünyası anlayışı yoxdur...

Axirət dünyasına, əlbəttə ki, inanırıq. İnsanın ruhu ölməzdir, insan öldükdən sonra bədən torpaq dünyasına, ruh isə ruhi dünyalara qayıdıb, orada öz həyatını və inkişafını əbədi davam etdirir.

Ceyhun Əhmədli
Fotolar: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 16912