Braziliyada parlamentə basqın edilib


01:00     11 Noyabr 2016 braziliya%20basqin.jpg

Braziliyanın Rio de Janeyro əyalətində fəhlə və dövlət qulluqçularından ibarət minlərlə nümayişçi əyalət hökumətinin "kəmər sıxma" siyasətinə etiraz etmək üçün parlament binasına basqın edib.


Braziliyanın yerli mənbələrindəki məlumatlara görə, əksəriyyəti polis, həbsxana nəzarətçisi və yanğınsöndürmə əməkdaşlarından ibarət olan nümayişçilər böhran səbəbindən əyalət hökumətinin iqtisadi tədbirlərinə etiraz etmək məqsədilə parlament binasını zəbt edib. Parlamentin iclas zalını bir neçə saatlıq zəbt edən və binaya zərər verən nümayişçilər aylardır edilməyən ödənişlər və pensiyalardakı fasilələrlə bağlı etirazlarını bildiriblər.

Əyalət parlamentinin sədri isə etiraz aksiyasını pisləyərək, "Bu etiraz Braziliya siyasi tarixində demokratik hakimiyyətə qarşı bənzəri görülməmiş bir təhqirdir", - deyə qeyd edib. Braziliya federal hökuməti bazar ertəsi verdiyi qərarla Rio de Janeyro rəhbərliyinin bank hesablarını dondurduğunu açıqlamışdı. Enən neft və əmtəə qiymətləri səbəbilə uzun müddətdir maliyyə böhranıyla mübarizə aparmağa çalışan Rio de Janeyroda çox sayda işçinin maaşı aylardır ödənmir.

Femida.az

Açar sözlər:

Oxunub: 1184