Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq davam etdirilir - Fotolar


22:33     14 Noyabr 2016 kor-2.jpg

Noyabrın 10-11-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin və Tərəflərin Assambleyasının 5-ci illik sessiyası keçirilib.


Tədbirdə ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Akademiyaya tərəf olan 70 dövlət və beynəlxalq təşkilatdan 250 nəfər nümayəndənin iştirak etdiyi Assambleyanın açılışında IACA-nın İdarə Heyətinin sədri Eduardo Vetere və Akademiyanın dekanı və icraçı direktoru Martin Kreutner çıxış edərək Akademiyanın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar və gələcək planlar barədə ətraflı məlumat veriblər.

Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən qanunvericilik və institusional islahatlar, əldə edilmiş nailiyyətlər, o cümlədən cinayət təqibi tədbirləri, habelə korrupsiyanın qarşısının alınması sahəsində ən unikal institusional təşəbbüslərdən biri kimi Azərbaycan brendi olan “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Akademiya ilə qarşılıqlı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nümayəndə heyətinin rəhbəri qurumun Assambleyasının 3-cü sessiyasının Bakı şəhərində keçirilməklə Azərbaycan Respublikası Baş prokurorunun Assambleyanın sədri vəzifəsinə seçilməsinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüsal Hüseynovun hazırda Akademiyanın İdarə Heyətinin üzvü olmasının, habelə Azərbaycan Respublikasının nümayəndələrinin Akademiyanın magistr kursları və yay məktəbi proqramlarından mütəmadi olaraq faydalanmasının qarşılıqlı əlaqələrin inkişafına ciddi təkan verdiyini qeyd edib. Tədbirdə təşkilati məsələlər müzakirə edilib, qurumun rəhbər orqanlarına seçkilər həyata keçirilib.

İclasda Argentina Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Mariano Qrosso Beynəlxalq Antikorrupsiya Akademiyasının Tərəflərin Assambleyasının 5-ci sessiyasının sədri seçilib. Azərbaycan Respublikası ilə Akademiya arasında qarşılıqlı münasibətlər, habelə ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələr nəzərə alınmaqla Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Assambleyanın 5-ci sessiyasının sədrin müavini vəzifəsinə seçilib, habelə sessiyanın aparılması ona həvalə olunub.

Akademiyanın Assambleyasının növbəti 6-cı illik sessiyasının 2017-ci ildə Misir Ərəb Respublikasında keçirilməsi qərara alınıb. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Akademiyanın rəhbərliyi, habelə bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Akademiyanın rəhbər vəzifəli şəxsləri ilə görüş zamanı IACA-nın magistr kursu üzrə modullardan birinin növbəti sessiyasının Bakı şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sessiya çərçivəsində Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və statistik məlumatlar tədbir iştirakçılarına təqdim edilib. Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.





Femida.az

Açar sözlər:

Oxunub: 12848