`Onun üçün qurulmuş yas çadırına gəldi`- Qarabağın Həcəri müharibə gizlinlərini açdı


17:22     18 Noyabr 2016 hecer504.jpg

Femida.az Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş müfəttişi baş-leytenant, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova ilə silsilə müsahibənin növbəti hissəsini təqdim edir. Səbirə xanım bu hissədə Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərmiş, ancaq unudulmuş qəhrəman döyüşçülərdən və baş verən siyasi proseslərdən danışıb.


- Səbirə xanım, verdiyiniz silsilə müsahibələrə ara verdiniz. Nə baş vermişdi?

- Müsahibəmi yarımçıq saxlamağıma səbəb 4 iyunla bağlı gördüyüm və danışacağımın birbaşa Surət Hüseynova və onun silahlı dəstəsinə haqq qazandıracağı təqdirdə məni tərəf tutmaqda günahlandırmaqlarını istəməməyimdən irəli gəlirdi. Yenidən insanları üz-üzə qoymaq istəmirəm. Çünki hər iki tərəfdən iştirak edən döyüşçülər səngərlərdən çıxan oğullar idi. Amma indi meydanın boşluğunda at oynadanlar davam edən müsahibəmdə aysberqin görünməmiş tərəflərində cavab tapacaqlar. Amma Surət Hüseynovun siyasi təcrübəsizliyi bizləri hərraca çıxarılmış vətəndə minbir əziyyətə düçar etdiyindən,bu günədək tabeliyində döyüşmüşlərin hamısının zillətin girovuna çevrilməsi ilə nəticələndi.

Elə buna görə də Qarabağ döyüşlərində ad çıxarmış 123- cü alayın verdiyi 750 nəfərdən çox şəhid və yaralıların da haqqı batdı. Sağ qalanlar isə mən də daxil olmaqla haqq etdiyimiz veteranlığımızı ala bilmədik. Bizim sorğularımıza “Müdafiə Nazirliyinin arxiv idarəsində 123-cü alayın döyüş yolu haqqında məlumat yoxdur” deyənlər bizləri yox saysalar da, döyüşlərimizi unutsalar da Qarabağ camaatı bunu unutmayıb.





- Kimlərdir haqqı yeyilən həmin döyüşçülər?

- Bir çox qəhrəmanlarımız olub həmin alayda. Yeri gəldikcə onların apardığı döyüşlərdən danışacam. Onlardan biri düşmənin başına od ələyən, normadan artıq bir gündə 4 dəfə döyüşə girən şəhid pilotumuz baş leytenant Vaqif Qurbanovdur. Texniklərinin vasitəsiylə Surətlə məsləhətləşəndən sonra 92-ci ilin aprelin 8-də MDB-nin Sitalçayda yerləşən aviasiya kompleksindən bombardımançı SU-25 təyyarəsini 12 dəqiqəyə planlaşdırılmış yerə -Yevlax aeroportuna endirərkən saniyələri də hesablamışdı. Moskvanın göstərişiylə həmin təyyarə göründüyü yerdəcə vurulmalı idi. Buna görə təyyarəni gözdən uzaq yerdə -Şəki aeroportu tərəflərdə ot tayasında gizlədilər. Vaqif Sitalçaydan təyyarəni qaçıranda təyyarə raketlə təzhiz edilmiş halda idi, yəni bombardmana hazır vəziyyətdə. Bu vəziyyətdə təyyarəni qaçırıb Yevlaxda torpaq üstündə endirmək hətta uzun illərin təcrübəsinə malik pilotlara da çətin olardı.

Həmin əməliyyat təyyarənin texniki heyəti tərəfindən hazırlanıb həyata keçirələndən sonra da o qəhrəmanlar həyatlarını riskə qoyaraq təyyarənin gizlədildiyi yerə gəlib onu uçuşa hazırlamışdılar.

Bunlar: Fuad, Akif, Gülbudaq, Elman, Tofik, Bəşir adlı şəxslər idi və sonralar da təltif olunduqlarını eşitmədim.Təyyarəni bomba ilə təchiz etmək lazım olduğundan Vaqif Surət bəyə təklif etmişdi ki, Zaqafqaziya dairəsinin Gəncə yolunun yaxınlığındakı Zazali aviabomba bazasını hucumla ələ keçirək. Aprelin 24-də bu hücum baş tutdu. Əməliyyatda bir qisim döyüşçülər də iştirak edirdi. MN-nin müavini mərhum general Vahid Musayev də Surət Hüseynovla birgə əməliyyata başçılıq edirdi. Həmin saatlarda bir hərbi vertalyot da müsadirə olundu. Bir həftə ətraf rayonların yük maşınları götürülən bombaları sərhəd bölgələrinə daşıdı. Həmin bazanın götürülməsi həm də ona görə vacib idi ki, radiusu 50 km-dən də çox olan ərazi təhlükə altındaydı. Gəncə də daxil olmaqla Mingəçevir su anbarı da fəlakətdən istisna deyildi. Çünki Zaqafqaziya dairəsinin müavini Ohanyan Azərbaycan üçün fəlakət planı hazılamışdı...

O dövrdə Vaqifin köməyilə Azərbaycanın bir neçə rayonunda aerodrom yaradıldı. Vaqifin birinci uçuşu mayın 8-də Şuşaya olmuşdu. Uçuşlara son vaxtlaradək keçmiş müdafiə naziri işləmiş Səfər Əbiyev Yevlaxdan rəhbərlik edirdi. Bir ara təyyarənin mühərriki zədələndiyindən Surət Hüseynov bir neçə milyona Gürcüstandan yenisini çox çətinliklə ərazimizə keçirtdirmişdi. Həmin əməliyyata hamının Dayı deyə çağırdığı, oktyabr hadisələrindən sonra məhbəsdəki işgəncədən ölən Nüsrət Budaqov rəhbərlik etmişdi. Nüsrət Budaqovun həbsindən sonra Sovet dönəmindən özünün əziyyəti hesabına yüksəldiyi mövqeyini itirən qardaşı polis polkovniki Əsgər Budaqovun başına gələnlərdən yeri gələndə danışacam.


Ermənini ağlar qoyan unudulmuş pilotun qəhrəmanlıqları...






92-ci ilin iyununda başlayan cəbhənin Goranboy-Ağdərə-Ağdam istiqamətində ermənilərin müdafiə xəttini Vaqif bombardman etməklə dağıtmış, döyüşçülərimizin hücumuna yol açmışdır. O havaya qalxanda tamaşaya duranlar deyərdilər: “Ermənini ağlar qoyacaq.” Axırıncı uçuşu Ağdam-Əsgəran istiqamətində mühasirə təhlükəsində qalan döyüşçülərə köməyə gedəndə oldu və bu həmin gündəki 5-ci uçuş onun son uçuşuydu. Onu qorumağa gedən hərbi vertalyotlar da hayına çata bilmədilər. Hərdən balam qədər sevdiyim Şahinimizi görəndə deyərdim. Məni də aparsın əməliyyata. Gülümsənərdi və deyərdi: “Axı, orda bir oturacaq var.” Şahinimiz Əsgəran səmasında ardıcıl atılan zenit güllələriylə vurulub salındı. Ordansa yoxa çıxan neytral bölümdə axtarılsa da tapılmayan, illərdən sonra alınan qeyri-rəsmi məlumata əsasən vurulub yerə salınarkən dəlik-deşik edimiş qəhrəmanımız ermənilər tərəfindən elə oradaca torpağa gömülüb. İllərlə xəbər gözlədik, bəlkə ermənilər hardasa saxlayırlar, bəlkə ruslar apardı. O vaxt onun adını da vermədilər ki, bəlkə düşmən əlindədir, öldürərlər sonra. Niyə belə bir qəhrəmanın adı Surətin kölgəsində batmalıdır? Həyatını, ailəsini risk altında qoymuş bir qəhrəmanın haqqını yemək nə bu dünyada, nə də axirətdə bağışlanmaz.





Vaqifdən özgə adını Kostya çağırdığımız rus balası da əfsanəvi şahinlərdən sayılırdı. Onun da adı heç harda çəkilmir.Onun vurulub salındığı anları Ağdərə yüksəkliyindən izləmişdik. Amma onu yaralı halda çıxarmağa müvəffəq oldular.

Yeri gəlmişkən, Yevlax aeroportunun rəisi Cumayevi də xatırlatmaq istəyirəm. Həmin müharibə dövrü gecə-gündüz iş başında olan, vertalyotla gətirdiyimiz yaralıları da qarşılayıb yola salan, apardığımız surtsatı da vaxtında bölgəyə çatdıran adını unutduğum Cumayev.



- 123-cü alayı quldur deyə ittiham edənlər var. Hardan qaynaqlanır bu iddialar?






- Musavat başqanı Arif Hacılı görmədiyimiz, bilmədiyimiz döyüş şücaətindən ağız dolusu danışırsa da Surətin rəhbərliyində döyüşmüşlərin hamısını quldur adlandırır. O “quldurlar”ın hüquqlarını mən qoruyurdum, özü də ön səngərlərdə olanların içində. Siz deyildinizmi, Pənah Hüseynov başda olmaqla Surət Hüseynovu Baş nazirin müavini, Qarabağ üzrə prezidentin səlahiyyətli nümayəndəsi edən.?! Onu da deyim ki, bir gün Ağdərə “Post-Qai”nin qabağında döyüş yerinə gedəsi maşını gözləyərkən qarşımda bir təzə niva durdu. Qara kostyumda, ağ köynəkdə, qalstukda maşından düşən adam mərhum Allahverdi Bağırovun qərargahında çay verərdi. Ondan buralarda nə gəzdiyini, bu maşının kimin olmasını soruşanda mənə təklif etdi ki, “bardaçok”u açım, ordakı kağızı çıxarım, baxım. Bu Elçibəyin əmri ilə Behbudov Hüseyn Mirzalı oğlunun Qarabağın səlahiyyətli nümayəndəsi Surət Hüseynovun müavini təyinatı idi. 4-cü sinif təhsilli bir bufet işçisinə verilmişdi.

Mərhum katiblərdən Aydın Quliyev və sonralar Ağdamda ağır vaxtda başçı işləmiş Səyavuş Vəliməmmədov Surətin heyətində olub, bölgədə mülki işlərə yaxından kömək edirdilər. Amma siz kimi göndərdiniz? Bu idi sizin Qarabağa sayğınız. Surət bəysə narazılıq yaranmasın deyə Hüseyni bölgədə əkin-biçinə nəzarət üçün göndərdi. Sonralar Pənah Hüseynovun bu kadrı Nazirlər Sovetinə gətirildi. Hətta Surətin də dövründə orda işləyirdi.

Arif bəy, Tərtər qərargahında gəlib oturmaq müharibəyə rəhbərlik etməyinizi deməyə haqqı verməz sizə. Özü də Sərdar olan yerdə... Belə döyüşən idinizsə, 1992-ci ilin mayın 10-u və 11-i tarixlərində Laçında hansısa evdə prezident seçkisini müzakirə edincə silaha sarılıb Laçını müdafiə edəydiniz. Etibar Məmmədov həmin günlər Laçına 3 ay Qəbələdə türk zabitlərinin təlimini almış APİ- nin yuxarı kurs tələbələrini döyüşə gətirmişdi. (Döyüş təlimatını sona qədər öyrənməyən gənclər döyüş mövqelərində bənd ala bilməməşidilər.) Etibar bəyə dedilər ki, siz də iki jurnalistlə ordasınız, qaldığınız evə arxanızca getdi…

- Belə nəticəyə gəlinir ki, hər kəs kreslo davasını aparırdı. Qarabağın müdafiəsini düşünən rəhbər yox imiş. Daha nələr baş verirdi?

- Eşidirdik ki, 91- ci ilin sonlarında Etibar Məmmədov Türkiyə hökumətindən Azərbaycana 5 min ədəd kalaşnikov avtomatını alıb sərhəddən keçirmək istəyən saatlarda Türkiyə hökümət başçıları ilə görüşə gedən prezident Ayaz Mütəllibov silah məsələsindən xəbərsiz olduğunu vurğulamışdı. Bu səbəbdən Etibar Məmmmədov maniələrlə üzləşsə də türk oğulları silahı keçirmişdilər.

Laçını mayın 11-də tərk edən Etibar Məmmədov söz verdi ki, Türkiyədən kömək istəməyə gedəcək. Həmin günlər cəbhəçilərin istəyi ilə Etibar bəy Türkiyədə yubadılıb. Ta ki Azərbaycanda AXC hakimiyyətə rəqibsiz gəlsin. Hələ namizədlərdən biri olan akademik Nizami Süleymanovun sonra AXC hakimiyyəti dövründə təzyiqlər müqabilində Gəncədə İnsitut müəllimlərindən biri Asif müəllimin evində ailəvi aylarla qalmasını demirəm. Onu da deyim ki, Nizami müəllim Gəncədə həmin vaxt baş verənlərə müdaxilə etməyib.


12 nəfərin meyitini Laçından Yevlaxa gətirdim...

1992 – ci ilin oktyabrının sonunda 12 nəfərin meyitini Laçının Zavod deyilən ərazisindəki səyyar hospitaldan kuzalı maşına yığılıb mənə təhvil verildi ki, Yevlaxın yun zavoduna aparım. Üstlərinəsə kulyonka çəkdilər. Kuzada onların yanında oturdum, dönmədim fikrimdən. Çəkdim sellofanı başıma...
( Gözləri dolur -red)

Bir saat sonra maşını saxlayan sürücü məni donmuş halda düşürmüşdü kabinəyə. Hakimiyyətiniz dönəmində “quldur” dediyiniz həmin oğullar deyildimi Azərbaycanın qoçaq oğlanları ilə birgə Laçın bölgəsini ermənilərdən təmizləyib Fingəni son mövqe seçdilər.
Hələ o “quldurlar”a çörək çatdırıb qayıdarkən Kəlbəcər-Laçın arasında yerləşən Qorçunun belindən sürüşüb uçurumun başında ilişib qalan “zek”lərin idarə maşından məni donmuş halda götürüb evinə aparan Oruclu sovet sədri Saday müəllim çox şeyin şahidi olmuşdu.


- Sizin fəaliyyət göstərdiyiniz alayda ixtisasca hərbçi olanlar vardımı?

- Əslində korpusun rəhbəri kimi Surət tanınırdısa da bütün hərbi əməliyyatları polkovnik İlham Aslanov aparırdı. Bizim alayın komandir heyətində Frunzr Akademiyasını bitirmiş, Əfqanıstanda qırmızı ulduz almış, sovetlər dönəmində neçə-neçə ali mükafata təqdim olunmuş zabitlər vardı. İlham Aslanov, Vahid Tacıbov, Eldar İsrafilov, Alik Mədətov kimi. Qobudakı rus hərbi hissəsinə 3 yoldaşıyla basqı edib 3 t-72 tankını sürüb cəbhə bölməsinə aparmış, əvvəl OMON-un tərkibində sonrasa Surətin rəhbərliyində döyüşərək 26 yaşında ikən tank batalyonu yaratmış, erməni müdafiə xəttinə girməklə döyüşçülərimizə yol açmış, kəndlər almış Nazim Bayramov və digərləri vardı. Elə əvvəl 123-cü alay komandiri olan Yura ləqəbli Rəsul Süleymanav, 709 -cu hərbi hissəyə komandir gedən müavini Eldar Əliyev də seçilmiş hərbi mütəxəssislər idi. Bu polkovniklərin bütün əziyyəti yüksək ranqlı cəbhəçi bəylərin qısqanclığı müqabilində heç oldu və 94- cü ilin oktyabr hadisələrində bu hərbçilər hamısı siyasətin qurbanına çevrilib, zindana atıldı. Erməniyə qan udduran hərbçilərin uğursuz talelərisə düşmənə rəvac verdi.

Xocalının qisasını almağa yönəlmiş uğursuz əməliyyat...

- 93-cü ilin “qış əməliyyatı” niyə uğursuz alındı?

93-cu ilin qış əməliyatını məcburi şəkildə qəbul etdirib, qar sinəyə çıxan vaxtlarda o dediyiniz “quldurlarar”ı bitməz işə göndərib adlarını da yarıtmaz qoydunuz. 1993-ci ilin qış əməliyyatında Surət Hüseynovun 12 il əvvəl verdiyi müsahibəsində 93-cü ilin yanvar hücum əməliyatı barədə dedikləri çoxlarını narahat edib və dilə gətirib. Lakin dilə gəlmişlər müharibə tarixinin həqiqətlərinin üzə çıxmasından daha çox onların üstünün örtülməsində maraqlı görünürlər. Bu şəxslər S.Hüseynovun müsahibəsində mühüm məqamları gözardına vurub, kiçik detallar ətrafında xırda mübahisələr yaratmaq, “mövqelərin təhvil-təslim aktları” kimi formal məsələləri həlledici kimi təqdim etməklə, ictimai fikri əsas mətləblərdən yayındırmğa cəhdlər edirlər. Ordumuzu və ölkəni 1993-cü ilin hərbi katastrofu ilə üz-üzə qoymuş 93-cü ilin yanvar hücumu barədə mətbuatda dolğun məlumat verməmişdilər.

Onlardan ən əsası (hərbi yanaşmaya və sağlam təfəkkürə uyğun) 1993-cü ilin yanvar hücum əməliyatlarının hərbi zərurətinin əsaslandırılmasıdır. 23 ildir kimsə cavab vermək istəmir.

1. Niyə Azərbaycanın yeganə ordu ehtiyat qüvvəsini yalnız S.Hüseynov hazırlamışdı və dediyiniz kimi həmin qüvvələr ermənin qarşısından çəkilməklə torpaqlar qurban getdi. Onda sual edirəm, siz nə işlə məşğul idiniz?

2. Nə üçün S.Hüseynovun hazırladığı bu 4 min 500 nəfərlik ehtiyat qüvvəsi planlaşdırılan zamandan əvvəl qışın oğlan çağında dağlarda genişmiqyaslı hücum əməliyyatlarına atılmışdı? Əgər kimsə etiraz etmək istəsə ki, bu ehtiyat qüvvəsindən başqa bizdə qüvvə olub, onda deyin görüm Kəlbəcərin müdafiəsinə yığılan pullar hara xərclənmişdi və Bakının bazarlarında, metroların qarşısında nədən “oblava”lar keçirilib, əli silah tuta bilməyənləri də birbaşa ölümün ağuşuna atırdınız?

Deyilənə görə uğursuz alınmış qış əməliyyatı Xocalı Soyqırımının heyfini almağa xidmət etməli imiş.

123-cü alayın hücumçu batalyonları yanvarın 27-də itgi verə-verə düşmənin içərisinə 6-7 km irəliləyən zaman sağ və sol cinahlardan onlarla bərabər hücuma keçməli olan daxili qoşunlar və xususi təyinatlılar həm minalı sahəyə düşdüklərindən, həm də hansısa naməlum səbəblərdən irəliləyə bilmirlər. Onu da deyim ki, onlar da minalanmış sahələrdə böyük itgiər vermişdilər. Beləliklə 123-ün döyüşçüləri Vəngin üstünə çıxıb, hücum əməliyyatina icazə istəyəndə onları geriyə - Çıldıran qərərgahına çağırmışdılar.Çünki əvvəlcədən 123-ün hücumçu batalyonlarının alıb arxadakı döyüşçülərinə təhvil verdikləri Dovşanlı kəndini ermənilərin geri aldığını eşitmişdilər.Həmin saatlarda 123 şil-küt vəziyyətdə hər tərəfdən düşmən əhatəsinə düşür və çox itgiylə geri çəkilməli olur.

Onun üçün qurulmuş yas çadırına gələn qəhrəman döyüşçü...

Komandirlərdən biri olan Xan ləqəbli Eyvaz və yanındakı döyüşçülərlə yaralı vəziyyətdə azır. Həlak olduğu haqqında televiziyada məlumatı verilən 123-ün komandirlərindən biri igidliyinə görə seçilən Xan ləqəbli, Milli Qəhrəman adına təqdim edilmiş Eyvaz üç gün sonra min əzabla gəlib Tərtərə çıxanda, Bərdənin Şirvanlı dairəsində Dəymədağlı kəndində onun qapısında yas mağarı qurulmuş, ağır yas məclisi gedirdi. Həmin gün bu mağarda onun oğlunun sünnət məclisi qurulsa da yaralı Eyvaz ilk yardım aldıqdan sonra yun zavodundakı qərərgaha yollanmışdı…

Hələ mən Vəngin üstünə Xankəndinin 13km məsafəsinə çatmış oğulların necə şilküt vəziyyətdə arxalarını boş görmələrindən danışmıram, minbir əziyyətlə mühasirədən çıxıb, Tərtərə çatan Eyvazın yarasına duz səpən bununla da Sərdarla Surətin arasına narazılıq salmış komandirdən danışmıram. Çünki hələ vaxtı deyil…

Həmin günlərdə mən Eyvazı Bərdə rayon radio qovşağında danışdırmışdım. Eyvaz o komandir idi ki, uğurlu döyüşünə görə Surət Hüseynovun verdiyi pul mükafatını qol saatlarına verib, fərqlənmiş döyüşçülərinə hədiyyə etmişdir. Hansı ki, qardaşlarının köməyilə tikdiyi yarıkərpic evinin pəncərəsinə şüşə əvəzinə müşəmbə vurmuşdu.

Eyvaz 1994-cü ilin oktyabr hadisələrində heç nədən xəbərsiz şəhid döyüşçüsünün valideynlərinə ot çalımında kömək etdiyi vaxt Zaqatala rayonunda məlum hadisələrə görə həbs edilmişdi. Elə həmin gün Zaqatalada hakim işləyən bərdəlimizin mənə göndərdiyi sifarişə görə rayon polis idarəsinə tədarüklü getmişdim, orda rəis işləyən şamaxılı Dəmir müəllimdən onu otağına gətirtməsini istəmişdim.

Həmin gün yatab edilən Eyvazın arxasınca Bakıya hərbi prokurorluğa çatıb, Nizami Təhməzovdan günahsız döyüşçüyə kömək etməsini istəmişdim. Tərtər cəbhəsində tez-tez gördüyüm prokuror Təhməzov müavini mərhum Rövşən Əliyevə işin oyektiv aparılmasını tapşırmışdı. Bir neçə gün sonra Rövşən müəllim yuxarıdan gələn siyahıda Eyvazın da adını mənə göstərmişdi. Həmin şəxslər Surət Hüseynovun kabinetində son iki ay ərzində olmuşdular. Beləliklə Eyvaz da 10 il günahsız yerə həbs yatdı. Məhbəsdən çıxan gün ilk axtardığı adam mən olmuşdum. Bakıda və 2005-cı il deputatlığa namizədliyim vaxtı mənim imza toplama kompaniyamı üzərinə götürüb iki saata Bərdənin mərkəzində bu imzaları yığmışdı. Seçki kompaniyasının başa çatdığı gün səsimi hesablatmadan Bərdəni tərk etməyimdən bərdəlilərin əksəriyyətinin verdiyi səsi müdafiə etməməyimin səbəblərindən də danışacağam.

Danışacağam ki, seçki günü işıqları keçirilmiş hansı kəndə özümü atırdımsa ağsaqqallardan bu cümlələri eşidirdim: “Narahat olma, bu kənddə gətirdiyin şəhid yatır, səsimizi sənə vermişik.”

Məhbəsdən çıxandan sonra da tale Eyvaza yar olmadı. Balaca komasında yanğın nəticəsində iki nəvəsini itirən Eyvaz birdəfəlik vətəni tərk etdi… ( Red- göz yaşlarını saxlaya bilmir) Nəydi belə oğulların günahları, Vətən sevgisimi?...

Əvvəlki müsahibələri aşağıdakı linklərdən oxuya bilərsiniz.


BURADAN

BURADAN

BURADAN

BURADAN

BURADAN


Ardı var.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 46740