“Bəzi hallarda məmurlara gücümüz çatmır” - Hüquq müdafiəçisi


17:34     21 İyul 2015 11774768_851381064939029_1089310413_n.jpg

QHT-lər insan hüquq və azadlıqlarının müdafiəsi uğrunda hansı işləri görürlər?


Danılmaz faktdır ki, vətəndaş cəmiyyətin əsas strukturlarından sayılan QHT-lərin təməl vəzifələrindən biri məhz insan hüquq və azadlıqları müdafiəsi sahəsində düzgün istiqamətdə təbliğatların aparılmasıdır. QHT-lərin bu sahədə fəaliyyətlərini genişləndirməsi heç şübhəsiz, dövlətin birbaşa marağına xidmət edir. Buna görə də müxtəlif dövlət qurumları vaxtaşırı olaraq ölkədə fəaliyyət göstərən QHT-lər ilə birgə tədbirlər keçirir, insan hüquqlarının mövcud vəziyyəti müzakirə edilir.

Bu sahədə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi oldu. 27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edildi. Bu proqramın tələblərinə uyğun olaraq ölkədə mövcud olan Qeyri Hökumət Təşkilatları illik, yaxud da yarım-illik hesabatlar verirlər.

Bəs ölkədə fəaliyyət göstərən QHT-lər insan hüquq və azadlıqlarının təşviqi və müdafiəsi uğrunda hansı işləri görür?

Femida.az sualı cavablandırmaq üçün Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlunun fikirlərini öyrənib. Novella Cəfəroğlu bu sahədə məhkəmələrin qərəzli, qeyri-obyektiv fəaliyyətindən şikayətləndi:

“Hər gün minlərlə insanın, xüsusilə qadınların hüquqları pozulur. Bizim təşkilat artıq neçə ildir ki, məhkəmələrdə pozulmuş insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparır. İnsan hüqualarının pozuntusu faktı ilə qarşılaşdıqda dərhal müvafiq qurumlara məktub yazırıq və məhkəmələrdə hüququ pozulmuş şəxslərə yardım göstəririk. Bəzi hallarda məmurlara gücümüz çatmır. Ən böyük problem isə məhkəmələrin dürüst, obyektiv olmaması, kimlərinsə diktəsilə fəaliyyət göstərməsidir. Bəzi hallarda məhkəmələr sərbəst qərar verə bilmirlər. Məhkəmə hakimləri müxtəlif məmurların təsiri ilə qərəzli, qeyri-obyektiv qərarlar qəbul edirlər.

Hazırda bir çox QHT-lər var ki, məhkəmələrdə insanlara pulsuz hüquqi yardımlar göstərir. Dövlətdən bizə maliyyə dəstəyi var və mənim rəhbərlik etdiyim təşkilat da dövlətdən maliyyə dəstəyi alır. Həmin maliyyədən insanların hüquqlarının müdafiəsi uğrunda istifadə edirik. Bəzi QHT-lər var ki, əsas funksiyası insan hüquq və azadlıqlarının müdafiəsi olduğu halda, demək olar ki fəaliyyətsiz qalır. Heç bir təşkilat rayonlara gedib insan hüquqlarının vəziyyəti ilə maraqlanmır. Aldıqları maliyyəni öz maraqları naminə istifadə edirlər”.


“Bəzi QHT-lər “yanğınsöndürən” rolunu oynayır” deyə Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov münasibət bildirdi:

“Əslində şəffaf QHT-lər bütün fəaliyyətləri ilə bağlı hesabatlar verməlidirlər. Öz fəaliyətlərini müxtəlif cür açıqlamalıdırlar. Azərbaycan praktikasında bir qayda olaraq QHT-lər maliyə mənbələri ilə bağlı açıqlamalar vermirlər. Bəzi hallarda hətta 3-cü ölkə tərəfindən maliyyələşirlər. 90-cı llərdə formalaşmış QHT-lər daha geniş şəkildə insan hüquqlarının müdafiəsi ilə məşğuldurlar. İnsan hüquq və azadlıqlarının müdafiəsi uğrunda fəaliyyət göstərən QHT-ləri iki qrupa ayırmaq olar: 1-ci qrupa müşahidələr aparmaqla hansısa gəlinən nəticələrlə bağlı hesabatlar verir. Digər qrup isə gündəlik baş verən hadisələrə reaksiya verməklə bir növ “yanğınsöndürən” rolunu oynayır. İkinci qrupa daxil olan QHT-lər gündəlik baş verən hüquq pozuntuları ilə bağlı ya ombutsmana, ya da ki müvafiq dövlət qurumları qarşısında açıq şəkildə məsələ qaldırırlar. Birinci qrupa daxil olanlar isə məsələyə daha geniş aspektdən yanaşırlar. Onlar müşahidələr aparır, monitorinqlər keçirir və nəticədə, hesabatlar hazırlayırlar”.

QHT- lərin insan hüquq və azadlıqları sahəsindəki fəaliyyətini qaneedici hesab etmək olarmı?

Sahib Məmmədovun fikrincə bəzi QHT-lər məsələlərə obyektiv münasibət bildirməkdən çəkinirlər:

“Bu suala birmənalı cavab verməkdə çətinlik çəkirəm. Hazırda qərəzli mövqe tutan QHT-lər mövcuddur. Həmin təşkilatlar məsələlərə obyektiv münasibət bildirməkdən çəkinirlər, müxtəlif sifarişlər əsasında fəaliyyət göstərirlər. Lakin QHT-lər bəzi hallarda dövləti də tənqid etməlidirlər. İnsan hüquq və azadlıqlarının müdafiəsi uğrunda fəaliyyət göstərən təşkilatların əsas funksiyası müşahidələr əsasında obyektiv hesabatların dərc edilməsi və bu hesabatlara uyğun müvafiq qurumlar qarşısında məsələlər qaldırmaqdır. Son vaxtlar hadisələrə birtərəfli, qərəzli münasibət bildirən təşkilatların sayı da çoxalıb. 90-cı illərdə formalaşmış klassik QHT-lərin əksəriyyəti bu sahədə böyük uğurlar əldə edib. Bu təşkilatlara Novella Cəfəroğlunun rəhbərlik etdiyi Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, Səidə Qocamanlının rəhbərlik etdiyi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosu, Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarının Müdadiəsi İctimai Birliyi, Əliməmməd Nuriyevin rəhbəri olduğu Konstitusiya Araşdırmalar Fondu kimi qurumları aid edə bilərik. Adlarını çəkdiiyim QHT-lərin fəaliyyəti konstruktivdir. Bu təşkilatların fəaliyyəti birbaşa olaraq insan hüquqlarının müdafiəsinə yönəlib. Təəssüflər olsun ki bu konstruktivliyi bütün QHT-lərə aid edə bilmirik”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1809