Çadrada məktəbə getmək olarmı?


19:21     22 Aprel 2015 mektebli%20hicab.jpg

İllahiyyatçı: “Qızlarım başını örtmür.”

Orta məktəb şagirdləri arasında dinə meyllənmə faktı getdikcə artır. Buna səbəb isə onların ətrafdan, əsasən də valideynlərin təsiridir.

Yetkinlik çatmayan qız uşaqlarının dini qaydalara uyğun olaraq başlarını örtməsi məktəb kollektivi tərəfindən birmənalı qarşılanmır.

Femida.az məktəbdə baş örtüsü ilə bağlı mütəxxəssislərə üz tutub:
“Qızlarım başını örtmür.”

İllahiyyatçı Elşad Miri bildirib ki, övladları başlarını örtmür:”Ateist valideyn övladını ateist böyüdür, dindar isə dini qaydalara uyğun. Onlara təsir etmək fikrim yoxdur. Çalışıram ki, anladıqları dildə onları dinləri ilə tanış edim. Seçim isə onlarındır. Təsir altında deyillər. Həm də düşünmürəm ki, təhsildə başını bağlayan qız uşaqlarının sayı artıb. Bu haqda rəqəm və ya araşdırma yoxdur. Müşahidələrə əsasən isə dəqiq heç nə demək olmur. Təhsilimizdə o qədər problem var ki, baş bağlamaq onun yanında kölgədə qalar. Mənə başın üstü yox, içi maraqlıdır. Təhsilimiz hələ də xarici görünüşə müdaxilə etməkdən azad ola bilməyib. Bir də baxıram ki, dərs dediyim universitetdə dekan tələbəni danlayır ki, səliqəsiz geyinib, üzü təraş olmayıb. Tələbənin və ya şagirdin görünüşünün təhsil müəssisəsinə heç bir aidiyyatı olmamalıdır. Bu məntiqlə təhsilimiz heç vaxt Avropa standartlarına çıxa bilməz. Məktəblərdə hələ də Yunan Allahları haqda materiallar tədris edilir. Yaranış haqda düzgün biliklər verilmir. İllərlə təhsilimiz Darvinizm nəzəriyyəsindən yaxa qurtara bilmədi. Ancaq hələ də antik ədəbiyyat adı ilə “Yunan Allahları “ifadəsi sırınır. Tədris materiallarının korrektəyə ehtiyacı var.”

Hüquqşünas Anar Qasımlı : “Təhsil nazirliyi 2010-cu ildə məktəblərdə baş örtüsü ilə bağlı qərar qəbul etmişdi. Qərara görə, başıbağlı qızların məktəbə daxil olmasına qadağa qoyulmuşdu. Bildiyiniz kimi, bu da əhali tərəfindən birmənalı qarşılanmamışdı. Buna etiraz olaraq təhsil nazirliyinin qarşısında etiraz aksiyaları keçirilmişdi. Aksiyalarda iştirak edənlərin məhkəmə prosesi bu günə qədər davam edir. Nəticədə təhsildən yayındırma halları çoxaldı. Narazı valideynlər övladlarını məktəbdən uzaqlaşdırdı. Əvvəlki illərlə müqayisədə məktəblərdə baş örtüsünə münasibət xeyli yumşalıb. Əgər, vahid məktəbli forması varsa, məktəb başqa geyimi qəbul etmirsə, qayda pozulmamalıdır. Bununla yanaşı din və vicdan azadlığına da hörmət edilməlidir. Ortaq məxrəcə gəlmək üçün dindar valideynlərin övladlarına xüsusi məktəblər təşkil edilməlidir. Hər iki tərəfin hüquqları yalnız bu formada təmin edilə bilər. Biz yetkinlik yaşına çatmayan uşaqların dinlə maraqlanmağından, başını örtməyindən danışanda bəzən unuduruq ki, valideyn uşağın qanuni nümayəndəsi və tərbiyəçisidir. Ortada təyziq yoxdursa, o, istədiyi kimi övladını tərbiyə edə bilər. Başıbağlı şagirdlər üçün məktəblərin təşkili qətiyyən diskriminasiya kimi qəbul edilməməlidir. Söhbət hüquqların təminatından gedir. Başıbağlı şagirdlər üçün məktəblərin təşkili o demək deyil ki, orada din təhsili alacaqlar. Bu təklif uşaqların sırf geyim tərzinə görə təhsildən yayınmasının qarşısının alınmasına hesablanıb.”

Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli məktəbin direktoru Elnura Cavadzadə:

“İşlədiyim müddətdə yalnız bir dəfə belə bir halla rastlaşmışam. Üçüncü sinif şagirdi məktəbə başını bağlayıb gəlirdi. Valideyni söhbətə dəvət etdik. Apardığımız danışığın nəticəsində şagirdimiz dərsə vahid məktəbli formasında gəlməyə davam edir. Təhsil müəssisəsinin öz qaydaları var. Onlar hələ uşaqdır. Din, dünya ilə bağlı fikirlərini formalaşdırmaq üçün gələcəkdə kifayət qədər vaxtları olacaq.”

Psixoloq Şəbnəm Sadıqova :” Azyaşlının başını bağlaması qəbuledilməzdir. Məktəb dövrü onun gələcəyini həll edir. Başıbağlı uşaqlarda özünəqapanma, nevroz halları baş qaldırır. Fiziki qüsurlu uşaqların hiss etdiklərini hiss edir. Çünki, problem görünüşlə bağlıdır. Vahid məktəbli forması ideyasının əsas məqsədi uşaqların bir-birindən seçilməməyinə hesablanıb. Məktəb yaşlı uşaqlarda seçilmək hissi ağır fəsadlara gətirib çıxara bilər. Baş bağlamaq azyaşlının qərarı ola bilməz. O, buna dolayısı ilə valideyni tərəfindən məcbur edilir. Təyziqə məruz qalmış şagird dərslərində yaxşı göstərici verə bilməz. Eyni təyziqlə o, digər uşaqlar tərəfindən də qarşılaşa bilər. Nəzərə alanda ki, cəmiyyətdə dinə meyillilik getdikcə artır, başıbağlılar yox, başıaçıq uşaqlar təklənir. Mənə bununla bağlı müraciət edən valideynlər olub. Onlar bildirib ki, yeddinci sinifdə təhsil alan qızı sinifdə dindar ailələrin uşaqları tərəfindən təyziqə məruz qalır. Məktəb valideynlərlə danışığa getməlidir. Uşaqlıq yaşamaq onların haqqıdır. Onları yaşıdlarından fərqləndirmək, istiqamətləndirmək, zorakılıq göstərmək gələcəkdə həmin uşaqları müti, qorxaq, üstəlik əzazil varlığa çevirə bilər. Valideynlər uşaqlarının gələcəyi üçün maariflənməlidirlər. Başa düşməlidirlər ki, yaşından asılı olmayaraq, insana zorakılıq göstərmək cinayətdir.”

Mövzu ilə bağlı təhsil nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

Günay Arda

Femida.az

Açar sözlər:

Oxunub: 2297


Oxşar xəbərlər