TAP-ın inşasında daha bir mərhələ arxada qalıb


19:24     26 Noyabr 2016 boru4.jpg

Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan və Albaniyada ümumilikdə 80 km hissəsi qaynaqlanıb.


Məlumata əsasən, bu barədə TAP-ın icraçı direktoru Yan Bredşou boru kəmərinin tikinti sahəsinə baş çəkən Yunanıstan baş naziri Aleksis Siprasın rəhbərlik etdiyi nümayəndə heyətinə bildirib.

O deyib ki, təməlinin qoyulmasından ötən müddətində boru kəməri marşrutu üzrə 110 km-dən çox boru düzülüb: “Bu müddətdə 190 km-dən çox yol təmizlənib. Hazırda Yunanıstanda 1500-dən çox insan layihə üzrə çalışır”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1127