Korrupsiya İdarəsi Beynəlxalq Bankın işində iştirak edir


17:30     22 İyul 2015 QHT_ACD_19.JPG

Məhkəmələrə göndərilmiş cinayət işlərinin çoxu bank sektoru ilə bağlıdır


“Banklarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində çoxlu sayda cinayət işi var. Bu ilin birinci yarısında da Baş İdarə tərəfindən məhkəmələrə göndərilən işlər içərisində birinci yerdə banklarla bağlı işlər durur”. Femida.az xəbər verir ki, bunu Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

O, qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 3 əməkdaşı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə iştirak edir.

K. Əliyev onu da bildirib ki, banklarla bağlı bu ilin birinci yarısında 30 şəxslə bağlı 15 cinayət işi məhkəməyə göndərilib: “Baş İdarə qanunların imkan verdiyi çərçivədə ziyanın ödənilməsində iştirak edir. Hər bir halda kreditin verilməsi fərdidir. Bəzən kimsə deyir ki, kreditin müddəti filan vaxt bitir, ancaq kreditdən səmərəli istifadə məsələsi var. Bizim 3 əməkdaşımız Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə də iştirak edir. Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq”.

O, qeyd edib ki, bu il vətəndaşlar tərəfindən daxil olan ərizə və şikayətlərin sayı artıb. Vətəndaşlar tərəfindən korrupsiyaya qarşı aktiv mübarizə müşahidə olunub. Bu, özünü başlanan cinayət işlərinin çoxluğunda da göstərib.

Lakin qaynar xəttə daxil olan müraciətlərin əksəriyyəti birbaşa korrupsiya cinayəti ilə deyil, digər korrupsiya hüquqpozmaları ilə bağlı olub.

Ötən ilə nisbətən məhkəməyə göndərilən cinayət işlərinin sayı 4 fakt azalsa da, onların əhatə etdiyi insanların sayı 12 nəfər artıb. Ötən ilin müvafiq dövründə 147 nəfər barəsində 103 cinayət işi məhkəmələrə göndərilmişdisə, bu il 158 nəfər barəsində 99 cinayət işi məhkəmələrə göndərilib. Əsas fərq odur ki, ötən ilə nisbətən ağır cinayətlərin sayı artıb. Ötən ilin müvafiq dövründə 51 cinayət ağır cinayətlərə dair məhkəmələrə göndərilmişdisə, bu il 59 cinayət işi göndərilib.

Açar sözlər:

Oxunub: 913