Təqsirləndirilən sələfilər və xəvariclər apellyasiya şikayəti verdi


15:15     03 Aprel 2015 3.jpg


Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında 2013-cü il dekabrın 11-da baş verən silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərin barələrində olan hökmdən apellyasiya şikayəti verilib.

  

Femida.az-ın məlumatına görə, təqsirləndirilən Kənan Mehrəliyevin vəkili Fariz Namazlının  APA-ya bildirib ki, apellyasiya şikayəti məhkəməyə təqdim edilib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, hadisə 2013-cü il dekabr ayının 11-də Sumqayıt şəhərində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib. Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.

 

Həbs olunanların arasında xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev də var. İstintaqla bağlı keçirilən baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin  hökmü ilə Elçin Əkbərov, Zaur Paşayav və Elmar Məmmədli 9 il, Elçin Mirzəyev, Vüqar Abdullayev, Anar Rəhimov, Murad Məhərrəmov, Anar Mirzəyev və Əhməd Soltanov 8 il, Kənan Mehrəliyev, Amil Tağıyev, Cəlal Mikayılov və Firudun Musayev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.


Femida.az 

Açar sözlər:

Oxunub: 1004