Azərbaycanda GMO yetişdirənlərə cəza


20:12     22 Aprel 2015 gmo.jpg

Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərdən, yaxud gen mühəndisliyi metodu ilə yaradılmış bitki materiallarından istifadə edərək yeyinti məhsulu istehsal, idxal edən və satan şəxslər azadlıqdan məhrum ediləcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinə genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasır biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar yeni maddənin əlavə edilməsi təklif edilir.

Həmin maddəyə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasır biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal edən və satanlar, bu əməllər xeyli miqdarda törədildikdə 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzaları ilə cəzalandırılacaqlar.

Belə yeyinti məhsullarını istehsal edənlər 4000 manatdan 6000 manatadək cərimələnəcək, yaxud 3 ilədək azadlıqdan məhrum ediləcəklər.

Qeyd edilən əməllər (idxal etmə, satma və istehsal etmə) külli miqdarda törədildikdə 7000 manatdan 9000 manata kimi cərimə tətbiqi olunacaq, yaxud belə şəxslər 2 ildən 5 ilədək azadlıqdan məhrum ediləcəklər.

Sadalanan əməllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə isə onlar 3 ildən 7 ilədək azadlıqdan məhrum olunacaqlar.

Qeyd edək ki, “xeyli miqdar” dedikdə 1000 manatdan 7000 manata kimi olan məbləğ, “külli miqdar” dedikdə 7000 manatdan artıq olan məbləğ başa düşülür.

Layihə Milli Məclisin aprelin 28-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 455