“Qarabağı itirməklə kişilik adımızı itirdik” - Rey Kərimoğlu


15:20     23 İyul 2015 rey%20ker.jpg

Bu gün Ağdamın Ermənistan tərəfindən işğal olunmasından 22 il ötür. Artıq 22 ildir ki, Ağdamsız yaşayırıq. Bu çox ağır bir hiss olsa da, hər bir azərbaycanlının qəlbində bir inam var ki, nə vaxtsa Ağdamı qaytaracağıq. Buna hamılıqla inanırıq.


Femida.az Ağdamda böyüyüb boya-başa çatmış, Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun Ağdamla bağlı təəssüratlarını öyrənib.



Rey bəy, Ağdamda böyüyüb boya-başa çatmısınız. Buna görə də, Ağdamın təbii gözəlliklərini sizdən gözəl heç kəs təqdim edə bilməz.

- Ağdamlıyam. Atam Ağdam rayonunun Şıxbabalı, anam isə Seyidli kəndindəndir. Yəni təmiz ağdamlıyam. Bizim kəndlərin 1300 illik tarixi var. Buna görə də, özümü tipik ağdamlı sayıram. İnanın, Azərbaycanın bütün bölgələrini vətənim hesab etmişəm. Lakin, Ağdam mənim üçün hər yerdən əzizdir. Bu rayonda doğulub boya-başa çatmışam. Ağdamın coğrafiyası belə idi - bu rayonun dağlıq əraziləri ilə yanaşı, çayları, gölləri və yaşıllıqlarla bəzənmiş geniş mənzərəsi var idi. İnsanları da çox təmiz və pak, çalışqan, çılğın idi. Tarixi abidələri, çörək muzeyi, çay evi, müxtəlif türbələr, Şahbulaq qalası, məşhur sanatoriyalar Ağdamı daha da məşhur etmişdi. Çörək muzeyinin tikintisində mənim dədəm Kərim də dülgər kimi yaxından iştirak edib. Mənim yaşadığım kənd dağların ətəyində yerləşirdi. Təmiz suyu, havası insanı valeh edirdi. Yəni, Ağdam bizim üçün cənnətdən bir pay idi.



Müharibənin ilk günlərin necə xatırlayırsınız və nə zaman döyüşmək qərarına gəldiniz?

- Əslində, müharibə bizi elə haqladı ki, onun başlandığı günü, ayı xatırlamaq çox çətindir. Çünki, müharibəyə qədər “daşatma” dövrü var idi. Əvvəlcə ermənilər və azərbaycanlılar bir-birilərinin üzlərinə tüpürürdülər. Sonra insanlar bir-birilərinə daş atmağa başladılar. Ardınca ov tüfəngləri, “beşatılan”, avtomat, pulemyot, minomyot, qrantamyot, tanklar, toplar və bununla da müharibə başlandı. Mən özüm 1987-ci ilin dekabrın 29-da hərbi xidməti başa vurub 1988-ci ilin yanvarında Azərbaycana qayıtdım. 1988-ci ilin fevralında isə bu hadisələr başlandı. 1988-ci ilin fevral ayından mən bu proseslərin içindəyəm. Azərbaycan Xalq Cəbhəsinin Ağdam Rayon Şöbəsinin Şıxbabalı dayaq məntəqəsinin yaradıcılarından biri olmuşam. Həmin dövrdə AXC məni özünə çox cəlb edirdi. Xüsusilə onun torpaqlarımızın müdafiəsi uğrunda xalqı müharibəyə çağırması məndə bu təşkilata qarşı simpatiya formalaşdırdı. Əvvəllər ov tüfəngləri ilə müdafiə olunurduq. 3 nəfərin bir tüfəngi var idi. 1991-ci ilin yayına qədər biz Ağdam rayonunun cəbhəyanı kəndlərinin müdafiəsində dayandıq. 1991-ci ilin yayında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin rəhbərliyi ilə 836 saylı Ağdamda Ərazi Özünümüdafiə Batalyonunu yaratdıq. Əvvəlcə mülki formalarda, sonra isə hərbi formalarda hərbi hazırlıqlara başladıq. Bu batalyon Ağdamın müdafiəsi uğrunda bir çox döyüşlərdə yaxından iştirak etdi. Tarixdə dərin iz buraxmış döyüşlərimiz oldu.



Döyüş meydanlarındakı fəaliyyətinizi və Ağdamdan çıxdığınız son günləri necə xatırlayırsınız?

- Mən əvvəlcə əsgər kimi Şirin Mirzəyevin batalyonuna qatıldım. Sonra da həmin batalyonun döyüşlərdə fərqlənən əsgərlərindən ibarət 10 nəfərlik “Qrom” adlı xüsusi təyinatlı 2 qrup yaradıldı. Mən də həmin qrupun tərkibinə daxil edildim - “Qrom-2”-yə. Mənimlə birlikdə çoxlu igid oğullarımız şəhid oldular. Azərbaycanın Milli Qəhrəmanı Əliabbas İsgəndərov, Azərbaycan Bayrağı ordeni almış Allahverdi Qənbərov, Hidayət İbrahimov kimi çoxlu sayda çiyin-çiyinə döyüşdüyüm igid oğullarımız şəhid oldular. Tale elə gətirdi ki, mən sağ qaldım. İki dəfə minaya düşmüşəm. “Qrom- 2” dəstəsindən sonra Şirin Mirzəyevin təklifi ilə kəşfiyyat dəstəsində döyüşməyə başladım. Düşmən arxasında 40-dan artıq kəşfiyyat əməliyyatları həyata keçirdik. 1992-ci ilin iyul ayında minaya düşsəm də, ciddi xəsarət almadım. 1992-ci ilin avqust ayının 9-da ermənilərin arxasında kəşfiyyat əməliyyatını yerinə yetirərkən ikinci dəfə piyadalara qarşı minaya düşdüm. Bundan sonra müalicə olunmaq üçün hərbi hospitala yerləşdirildim. Xeyli qəlpə yarası almışdım. O qəlpələrdən bəziləri hələ də mənim bədənimdədir. İki aylıq müalicədən sonra, oktyabr ayında yenidən döyüş meydanlarına qayıtdım. Onu da qeyd edim ki, 1992-ci ilin iyul ayından etibarən mən artıq kəşfiyyat dəstəsinin komandiri təyin edilmişdim. 1993-cü ilin fevral ayına qədər həm döyüşürdüm, həm də yaram ağır olduğu üçün müalicə olunurdum. Mənim daxili orqanlarımda ağrılar və qanaxma artdıqdan sonra qardaşımın da köməkliyi ilə Moskvaya getdim. Müalicəmi orada davam etdirdim, əməliyyat olundum. Moskvadan qayıtdıqdan sonra yenidən döyüşmək istədim, lakin tibbi komissiya məni döyüşə yararsız hesab etdi. Nəticədə, ordu sıralarında təxris edildim.



Bəs bundan sonrakı mərhələdə Ağdamın işğal olunması xəbərini necə aldınız?

- 1993- cü ilin fevral ayında ordudan təxris olundum. Lakin buna baxmayaraq gedən döyüşlərə əlimdən gələn köməyi göstərirdim. Bu bizim borcumuz idi. İyun ayına kimi gedən döyüşlərdə hərbiçilərimizə yaxından köməklik göstərirdim. Ermənilərin iyun hücumlarının qarşısını ala bildik. Artıq ordumuz mövqelərini möhkəmləndirdi. Lakin mənim sağlamlığımda yenidən problemlər yarandı. Buna görə mən yenidən Moskvaya gedəsi oldum. Ağdamın işğal xəbərini orada eşitdim. Həmişə fikirləşərdim ki, ölərəm, ancaq Ağdamı vermərəm. Amma tale elə gətirdi ki, Ağdam işğal olunanda mən, ümumiyyətlə, Azərbaycanda olmadım. Həmin gün sanki içimdə nəysə sındı. Baxmayaraq ki, Ağdamın 43 kəndi bizim əlimizdə qaldı, lakin rayon mərkəzi və xeyli kəndlərimiz ermənilər tərəfindən işğal edilmişdi. Çox böyük sarsıntı keçirdim. İki gecə Bakıdakı Şəhidlər Xiyabanında yatdım. Şirin Mirzəyevin, Hidayət İbrahimovun məzarı başında uyudum. Döyüşsək də, nəticə etibarilə, torpağımızı itirdik. Torpaq itirmək çox ağır bir hisdir. Bir kişi üçün bu daha ağır hisdir. Torpağını itirmiş kişinin kişilikdən, mənlikdən, ləyaqətdən danışması çox çətin məsələdir. Əslində Ağdamı, Şuşanı, Laçını itirməklə kişilik adımızı itirdik. Bu xalq olaraq bizim namusumuzda böyük bir ləkədir! Əlbəttə biz o torpaqlara qayıdacağıq. Amma o ləkəni yumaq, təmizləmək mümkün olmayacaq. Nə etsək başımıza gətirilən dəhşətli faciələri bizə unutdura bilməz.



Bəs Ağdamın işğalında o dövrkü hakimiyyətin məsuliyyətsizliyi rol oynadımı?

- Mən düşünmürəm ki, torpaqlarımızın itirilməsində hansısa azərbaycanlının konkret bir xəyanəti olsun. Fikrimcə, səriştəsizlik və məsuliyyətsizlik bizim bu torpaqlarımızı itirməyimizə gətirib çıxardı. Yəni mən nə əvvəlki, nə də ki indiki hakimiyyəti günahlandırmaqdan tamamilə uzağam. Həm Ağdamın yerli sakinləri, həm də başqa rayonlardan Ağdama gəlib döyüşənlər Ağdamı son damla qanlarına qədər qorudular. Düşünürəm ki, yerli batalyonların kimlərinsə tapşırığı ilə geri çəkilib kənar batalyonun Ağdama cəlb olunması Ağdamın itirilməsi ilə nəticələndi. Yerli sakinlər əraziyə bələd idilər və digər məqamlar var idi. Əraziyə gətirilən yeni yaradılmış hərbi hissələr Ağdamın müdafiəsi uğrunda döyüşlərdə iştirak etsələr də, ərazilərə bələd olmadıqları və bir sıra problemlər səbəbindən Ağdamı itirdik. Göründüyü kimi, Ağdamı itirməyimizin əsas səbəbi səriştəsizlikdən qaynaqlanırdı. Düşünürəm ki, bu planlı şəkildə təşkil olunmamışdı. Bu ordu rəhbərliyinin bir səhvi idi.

Yəqin ki, Nurəddin Xocanı tanıyırsınız. Nurəddin bəy verdiyi müsahibələrdə bir çox hallarda Qarabağdakı yerli camaatı vuruşmamaqda günahlandırmışdı. Bununa bağlı mövqeyiniz necədir?

- Nurəddin Xocanı yaxşı tanıyıram. Şəxsi münasibətimiz var. Zaman-zaman mətbuatda onun fikirləri ilə qarşılaşıram. Nurəddin Xocanın bəzi fikirləri ilə razı olsam da, bəziləri ilə qətiyyən razı deyiləm. Əslində stiuasiyanı Nurəddin Xoca çox gözəl bilirdi. Yerli sakinlər heç nə edə bilməzdilər. Tankın, topun mərmisi yoxdursa xalq, əsgərlər nə edə bilər? Buna baxmayaraq, yerli sakinlər döyüşlərə əlindən gələn yardımı göstərirdilər. Mülki şəxslər bundan artığını edə bilməzdilər. Ağdam 1 aydan artıq müddət ərzində həm azərbaycanlılarla, həm də ermənilərlə döyüşdü. Üç tərəfdən ermənilər, digər tərəfdən də Surət Hüseynovun baş qaldırmış qiyamçı dəstələr yerli sakinlərin döyüş əzminin zəifləməsinə gətirib çıxarırdı.

Həmişə belə bir ifadə işlədirlər: Qarabağın açarı Ağdamdır. Sizcə Qarabağın açarı bizim əlimizdə olacaqmı?

- Əslində Ağdam strateji baxımdan çox əhəmiyyətli coğrafi mövqedə yerləşirdi. Çünki Qarabağın hər tərəfinə Ağdamdan yol var idi. Düşünürəm ki, Ağdamı və digər işğal altındakı rayonlarımızı geri qaytaracağıq. Bu çox çəkməyəcək. Mən buna inanıram! Mənim içimdə bir an da inam itsə ki, biz Ağdama, Şuşaya qayıtmayacağıq, həmin anda ən azından intihar edərəm.

Bildiyimiz qədərilə könüllü olaraq milli ordu sıralarına qoşulmusunuz. Rey Kərimoğlunda vətənə olan bu sevgi nədən qaynaqlanır?

- Düşünürəm ki, vətəni hamı sevir. Hətta Azərbaycanı tez-tez istər xaricdə, istərsə də ölkə daxilində tənqid edən həmyerlilərimizin belə qəlbində vətən sevgisi var. Vətən sənin doğulduğun, böyüdüyün, nəfəs aldığın, yaşadığın müqəddəs bir məkandır. Vətəni sevməmək mümkün deyil. Mən də ki, hamı kimi öz vətənimi sevirəm. Fikrimcə, xalqımıza vətəni ana kimi, ata kimi, bacı kimi, qardaş kimi sevməyi aşılamaq lazımdır. Vətəni bir yar kimi, bir sevgili kimi sevməliyik. Belə olduğu təqdirdə, gələcəkdə torpaqlarımıza təcavüz olduğu təqdirdə xalqımız dərhal sipər olacaq.

Ermənilər tez-tez sosial şəbəkələrdə və erməni saytlarında gənclərin, orta yaşlı insanların Ağdamdan, Laçından, Şuşadan fotolarını paylaşırlar. O şəkillər çoxumuzda qıcıq yaradır. Bəs bu şəkilləri görəndə siz hansı hisləri keçirirsiniz?



- Mən də təbii ki, həmin fotoları görəndə böyük təəssüf hissi keçirirəm, özümü günahkar hiss edirəm. Deməli, nəyisə düzgün etməmişik. Detallara baxsaq konkret günahkar şəxs tapa bilmirik. Lakin bütövlükdə hamımız günahkarıq. Həmin fotoları görərkən sanki, yaramın qaysağının altındakı yara da göynəyir. Onu da qeyd edim ki, hazırda Ağdamın 43 kəndi bizim nəzarətimizdədir. Həmin kəndlərdə 100 minə qədər ağdamlı yaşayır. Bu o deməkdir ki, Ağdam hələ də yaşayır, hələ də bir hissəsi nəzarətimiz altındadır.

Belə bir deyim var: “Ağdamsız ağdamlılar”. Sizin fikrinizcə bu gün “Ağdamsız ağdamlı” olmaq ne cür hisdir?



- Azərbaycanın milli qəhrəmanı Fred Asifin məşhur bir sözü var idi: “Ağdamlı olmaq üçün Ağdamda doğulmaq kifayətdir”. Bugünkü ağdamlılar Ağdamda doğulmayıbsa, biz düşündüyümüz ağdamlı ola bilməzlər. Bəlkə gələcəkdə əsli ağdamlı olan Xudu Məmmədov, Rafiq Əliyevdən daha güclü alimlər, Fred Asif, Allahverdi Bağırov kimi qəhrəmanlardan daha mərd, cəsur döyüşçülər ortaya çıxacaq, amma biz dediyimiz həmin ağdamlılar bir də olmayacaq. Əsl ağdamlını Ağdam torpağımız qaytarıldıqdan sonra həmin torpaqlarda doğulan ağdamlıların simasında görə biləcəyik.


Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6850