Plastik əməliyyat etdirənlər - DİQQƏT


17:28     23 İyul 2015 aygun4.jpg


Son dövrlərin aktual müzakirə mövzularından biri plastik əməliyyat və onların nəticəsidir.
Əvvəllər daha çox məşhur simalar bu xidmətdən istifadə edirdilərsə, bu gün sadə vətəndaşlar da, plastik əməliyyat sevdasına düşür. Təbii ki, bu cür əməliyyatlar heç də həmişə müsbət nəticə vermir.

Femida.az plastik əməliyyatlar və qurbanları barədə araşdırma aparıb.


Əvvəlcə Azərbaycanda plastik əməliyyatın tarixinə nəzər salaq. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub.

Qiraətçi xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı atan xalq artisti Flora Kərimova olub. Hər iki xanım əməliyyatını Gürcüstanda etdirib. Bu əməliyyatları ilk və uğurlu əməliyyatlar sırasında adlandırmaq olar.

Təxmini hesablamalara görə, son 15 ildə Azərbaycanda nə az, nə çox düz 25 minə yaxın insan plastik cərrahların qapısını döyüb. Amma gözəllik təkcə pul yox, həm də qurban tələb edir. Bəs, süni gözəllik hansı fədakarlıq tələb edir və nəyin bahasına başa gəlir?




Plastik cərrah Günel Bayramlının sözlərinə görə, bu gün müraciətlər daha çox yaşın artması ilə bağlı dərinin elastikliyini itirməsi və sifətdə qırışların əmələ gəlməsi, dərialtı piy təbəqəsinin dəyişməsi ilə sifətin, qarın və digər dəri hissələrinin sallanması ilə bağlı narahatçılığın aradan qaldırılması, o cümlədən də burun və qulaqlardakı qüsurların düzəldilməsi ilə bağlı daxil olur. Daha çox yayılan isə burun əməliyyatıdır. Burada konkret qiymət demək mümkün deyil. Ümumi olaraq Bakıda fəaliyyət göstərən cərrahların burun əməliyyatı üçün tələb etdiyi məbləğ 1000-2000 manat arasındadır.

-Ən bahalı əməliyyat hansı hesab olunur?

Bahalı əməliyyatlar kombinasiyalıdır. Eyni vaxtda üzdə, qarında aparılan əməliyyatlardır.

-Kişilərdən də müraciət edən olur?

Müraciət edənlərin üçdə birini kişilər təşkil edir. Onlar daha çox sinə və qarın hissədə olan piylərin götürülməsi üçün müraciət edirlər.Xüsusilə tələbələr daha çox müraciət edirlər.

-Yaş həddi necədir?

Bizdə ən aşağı yaş həddi 6 yaşlı bir pasient olacaq. Onda şəlpəqulaqlıq əməliyyatı aparılacaq. Qadınlarda estetik əməliyyatlar əsasən 18 yaşından yuxarı aparılır.Ən yaşlı pasientimin 65 yaşı olub.

-Uğursuz əməliyyatın səbəbi nədir?

Uğursuz əməliyyatın əsas səbəbi tələsməkdir. Həkim əvəllcədən xəstəyə hər şeyi izah etməlidir.Həm də, eyni formanı hamıya şamil etmək olmaz.Çünki, orqanizmlər fərqlidir.Buna əməl etmədikdə belə uğursuzluqlara rast gəlinir.Mənim təcrübəmdə hələ belə bir hadisə baş verməyib. Həkim daima pasientinin yanında olmalıdır və əməliyyat etdiyi şəxsə nəzarət etməlidir.



- Əməliyyat üçün fəsilin fərqi varmı?

İndi bunun fərqi yoxdur.Bu gün el arasında lazer deyilən aparat var.Onun tətbiqi nəticəsində qanaxma baş vermir.O, səbəbdən də fəsilin fərqi yoxdur.

Tibbin bu sahəsinin inkişafına baxmayaraq, plastik cərrahiyənin qurbanları da az deyil. Hətta belə uğursuz əməliyyat zamanı həyatını itirən insanlar da olub. Misal üçün plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Sovet dövründə Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Anatoli Karol adlı həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.

Yəqin ki, müğənni Reyhan Müslümovanın adı da çoxumuza tanışdır. Artıq çəkidən əziyyət çəkən müğənni çarəni plastik əməliyyatda görür. Şəkər xəstəsi olduğundan bir çox həkimlər əməliyyat aparmaqdan imtina edirdilər. Lakin riskin altına girməyə hazır olan cərrah tapılır. 2002-ci-ci ilin mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksəlir, o komaya düşür və həyatını itirir. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır .



İş təkcə bununla bitmir. Bu gün hamımızın tanıdığı Xalq artisti Aygün Kazımovanın sözlərinə görə, elə həkimlər var ki, insanları biədəb vəziyyətə qoyurlar. Onlar arasında bir neçə müğənnilərimiz də var. Plastik əməliyyat sahəsində bütün rekordları vuraraq birinci yerdə duran Xalq artisti Aygün Kazımova cərrahların köməyinə, nəinki artıq çəkidən azad olmaq, həmçinin üz və bədənin müxtəlif hissələrini korrektə etmək üçün dəfələrlə müraciət edib. Hətta həyatı ilə vidalaşmaq təhlükəsi ilə üz-üzə də qalıb. Buna baxmayaraq indinin özündə də çəkinmədən plastik cərrahların xidmətindən istifadə edir. Xalq Artisti uğurlu əməliyyatlarla yanaşı uğursuz əməliyyatın da qurbanı olub. Bakıda yerli həkimlər tərəfindən dodaq əməliyyatı keçirən xanım müğənni uzun müddət uğursuz əməliyyatın depresiyasına düşüb. Xalq artistinin sözlərinə görə, “Uğursuz əməliyyatları görəndə mən haldan-hala düşürəm. Birinci növbədə özümü o insanın yerinə qoyuram. Əgər kimsə bir əməliyyatı edə bilmirsə, ona zəmanət verə bilmirsə, bu əməliyyatı ömründə etməyibsə onu etməyə - həyatı puç etməyə dəyməz. Məndə ara-sıra əməliyyatlara müraciət edirəm. İndi yeni üsul tapmışam - lazerlə əməliyyatlar. Burada qan, yara olmur və tez sağalır. Elə əməliyyatlar var ki, ondan sonra harasa gedə,hətta efirə çıxa bilərsən. Əsas odur ki, narkoz yoxdur”.




Araşdırmadan da məlum olduğu kimi, gözəl görünmək sevdasına düşən xanımlarımız heç də həmişə uğurlu nəticəyə sahib olmurlar. Buna görə, plastik cərrah seçərkən ehtiyatlı olmanız daha məsləhətlidir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6319