Cahangir Hacıyevin məhkəməsi olub


20:17     09 Dekabr 2016 cahangir-hac-yev.jpg

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərləri barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

C. Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layicov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatətlə çıxış ediblər. Hakim vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı dekabrın 23-nə təyin edilib.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1143