Yanan bina ilə bağlı məhkəmə istintaqı yekunlaşdı


23:25     15 Dekabr 2016 yanan%20bina3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.


Femida.az -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib.

O deyib ki, yanğın baş verən zaman hadisə başdan sona qədər video yazıya alınıb: “Həmin görüntülər cinayət işinin materiallarında yoxdur. Məhkəmə həmin görüntüləri sənədlərə əlavə edilərək, prosesdə izlənilməlidir”.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq, hadisədən sonra ekspertizanın rəyini açıqlayan Azər Vəliyevin məhkəmədə dindirilməsini istəyiblər.

Amma məhkəmə tərəfindən vəsatətlərin heç biri təmin edilməyib və məhkəmənin istintaqının yekunlaşdırıldığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib və proses dekabrın 20-i saat 10:00-a keçirilib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1305