Meydan TV-dən Azərbaycan xalqına böyük xəyanət - Yazıda erməni izi


18:45     16 Dekabr 2016 meydan%20tablo.jpg

“Meydan” TV-nin ingilis dilli saytında Qarabağ münaqişəsinin ilk dövrlərində baş verən hadisələrlə bağlı sadə insanların fikirlərini əks etdirən bir yazı dərc olunub. Amma bu yazıda ermənilərin baxışları və erməni ideologiyası önə çıxmasaydı, onda “Meydan” da “Meydan” olmazdı!


Femida.az Azvision.az-a istinadən yazını təqdim edir.

Əziz Kərimov, Qayane Mkrtıçyan və Günel Mövludun yazdığı məqalədə Baqrat Aleksanyan adlı erməninin hekayəsi verilib. Vaxtilə Bakıda yaşamış Baqrat da xatırladır ki, burada guya ermənilərin maşınları partladılırdı, onlar küçəyə atılır, döyülür, işgəncəyə məruz qalırdılar. Guya onun öz babasınını da tramvayın altına atmaq istəyiblərmiş.

Saytın bu xatirəyə verdiyi şərhdə qeyd olunur ki, həmin işləri, o cümlədən də Sumqayıtdakı, Bakıdakı talanları Ermənistandan köçüb gələnlər edirlərmiş. Bunun ağ yalan olması bir yana dursun, talanların əsl təşkilatçıları haqqında heç nə bildirilmir. Sumqayıt hadisələrində ermənilərin və “Krunk” təşkilatının əsas rolu oynaması, azərbaycanlıların şəhərdə yaşayan erməniləri evlərində gizlədib, xilas etmələri, bu hadisələrin törədilməsində məqsədin nə olması haqda heç nə bildirilmir.

Faktik olaraq redaksiya erməni müsahibinin Sumqayıt və Bakı talanları ilə bağlı dediklərilə razılaşır. Halbuki, ən azından bu hadisələrin gerçək mahiyyəti haqqında bir redaksiya qeydi yazmaq olardı. Xüsusilə də nəzərə alsaq ki, qarşıda Sumqayıt hadisələrinin ildönümü gəlir.

Yazıda daha sonra deyilir: “1988-ci ilin 27-29 fevralında 100-150 nəfər Sumqayıtın erməni əhalisinə hücum etdi. Taladılar, öldürdülər, yandırdılar, zorladılar...” Amma qeyd olunmur ki, talayanların, öldürənlərin, yandıranların, zorlayanların çoxu elə ermənilər idi.

Əsas başkəsənlərdən olan Eduard Qriqoryanın haqqında qısaca yazılıb ki, o, tutulsa da, azadlığa buraxıldı, azərbaycanlı Əhməd Əhmədovun güllələnməyə məhkum edilməsi isə xüsusi vurğulanmır. Hökmün niyə tez-tələsik icra olunması və digər qaranlıq qalan məqamlar haqqında heç nə deyilmir.

Bəs Ermənistandan qovulan, tarixi torpaqlarından didərgin salınan azərbaycanlılar necə? Dəhşətlidir, amma yazıda onların haqqında bircə cümlə də yoxdur! Sanki onlar rahatca bilet alıb, taksiyə oturub Azərbaycana gəliblər. 80-ci illərin sonlarında Ermənistanda və Qarabağda soydaşlarımıza edilən zülmlər, talanlar, zorlanan, öldürülən insanlar barədə heç nə deyilmir!

Tam əksinə, vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların yazıda yer alan fikirlərindən belə məlum olur ki, ermənilər olduqca “gözəl”, “mehriban” insanlar imişlər, hər şey çox yaxşı imiş, azərbaycanlı qonşuları ilə bir ailə kimi yola gedirmişlər.

Nəticədə belə bir tablo yaranır ki, 80-ci illərin sonunda baş verən hadisələrdə azərbaycanılar “qəddar”, “vəhşi”, “başkəsən”, ermənilər isə “mələk” imişlər.

Tarixi reallıqların həyasızcasına təhrif olunduğu bu yazı erməni maraqlarına açıq-aşkar xidmət etməkdir. Sumqayıt hadisələrinin ildönümü yaxınlaşdıqca ermənilərin və onların can-başla xidmətində duran “Meydan” TV-nin bu istiqamətdə fəaliyyəti genişlənir.

Maraqlıdır ki, ingilis dilində olan həmin yazı “Feysbuk”da pullu reklama qoyulub: Kimin üçün və kimin pulu ilə? Cavab heç bir şübhə doğurmur: Qərb auditoriyası üçün və ermənilərin pulu ilə!

Açar sözlər:

Oxunub: 11775


Oxşar xəbərlər