Uşağın əmizdirilməsinə şərait yaradılmalıdır - İşəgötürənin öhdəliyi


16:32     17 Dekabr 2016 is%20emizdirme.jpg

“Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Belə hallarda, işəgötürən əsassız olaraq əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. İşə daxil olduqda isə, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir”.


Bu sözləri Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Məhərrəməli Həmidov bildirib ki, hamilə olduğuna görə qadınların əmək haqqının azaldılması qadağandır:

“Ümumiyyətlə, qadınların müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi və əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə fiziki işlərin görülməsinə qadın əməyinin tətbiqi qadağandır. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Hamiləlik səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilməlidir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilməlidir”.

Hüquqşünasın sözlərinə görə, aşağıdakı halda uşaq yaş yarımına çatanadək qadın öz ərizəsi ilə başqa yüngül işə keçirilməlidir:

“Qadının istəyi ilə uşağın qidalandırılması üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılmalıdır. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilib və orta əmək haqqı saxlanılmalıdır. Əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. Başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılmalıdır”.

Məhərrəməli Həmidov bildirdi ki, doğuşdan sonra qadınlara 126 təqvim günü müddətində məzuniyyət verilməlidir:

“Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılmalıdır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir”.



Hüquqşünas sonda bildirdi ki, bütün bu hüquqlar uşaqlarını müəyyən səbəblərə görə təkbaşına böyüdən atalara verilir:

“Yuxarıda qeyd edilən azyaşlı uşaqları olan qadınlar üçün müəyyən edilmiş hüquqlar üzrə bütün təminatlar uşaqlarını müəyyən səbəbdən anasız təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına şamil edilir. Əmək müqavilələrinə xitam verilmə hallarına gəldikdə isə, müəssisənin ləğv edildiyi və müddətli əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır”.

Məhərrəməli Həmidov sonda qeyd etdi ki, qanunvericilikdə nəzərdə tutulan bu imtiyazlar və hüquqların məqsədi ondan ibarətdir ki, analığın mühafizəsi, hamiləliyin qorunması, eləcə də ananın və uşağın sağlamlığı və təhlükəsizliyi təmin edilsin.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2792