Bəraət alan bankiri yenidən həbs etmək istəyirlər


20:41     24 İyul 2015 102396_src.jpg

“Unibank” KB ASC-nin Nərimanov filialında çalışmış və həbs olunmuş Sahib Ağayevə Bakı Apelyasiya Məhkəməsində bəraət verilməsi haqqında mətbuatda xəbərlər dərc edilmişdi.


Azərbaycan məhkəmələrində bəraət hökmlərinin çox az verildiyini nəzərə alanda S.Ağayevə verilmiş hökmə mətbuatın buna diqqət yetirməsi aydın olur. Təəssüf ki, bu ilin yanvarında verilmiş bəraət hökmü sonradan ləğv olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan S. Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Femid.az xəbər verir ki, yerli media orqanlarından birinə məktubla müraciət edən S.Ağayev üzləşdiyi haqsızlıqların ədalətli araşdırılmasını istədiyini yazır: “Sizə müraciət edərək başıma gələn oyunların ictimailəşdirilməsini xahiş edirəm. Demək olar ki, bütün aidiyyəti instansiyalara müraciət etmişəm. Lakin heç bir faydası olmayıb. Bütün instansiyalardan yalnız bir cavab alırdım: ”İş baxılması üçün aidiyyəti yerə göndərildi!"

İş onsuz da baxılması üçün aidiyyəti yerdə idi. Lakin aidiyyəti yer mənim işimə qanunsuz baxırdı. Yəni ki, mənim müraciətimə laqeyd yanaşırdılar".

Məktub müəllifi yazır ki, ona qanunsuz yolla ittiham verilib: “İstintaq zamanı əməlimdə cinayət tərkibi olmaya-olmaya müstəntiq Rəşad Məmmədov lehimə olan bütün sübutları gizlədərək, ”Unibank" ASC-nin rəhbərliyinin rəğbətini qazanmaq məqsədilə mənə ağır maddələrlə ittiham verdi. Dəfələrlə baş prokuror cənab Zakir Qaralovla görüşməyə cəhd etmişəm. Lakin aşağı instansiyalardakı məmurlar buna imkan vermədilər. Törətdiyim əməl sırf mülki hüquq münasibətləri zəminində həll olunmalı idi. Bu barədə kifayət qədər mötəbər sübutlarım vardır. Lakin bunlara məhəl qoyan olmadı".

Məktub müəllifi yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı zamanı hakim Rauf Əliyev onunla qeyri-insani şəkildə rəftar edib, danışmasına məhdudiyyət qoyub, təqdim etdiyi sübutlara əhəmiyyət vermədən barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb: “Bakı Apelyasiya Məhkəməsinə verdiyim apelyasiya şikayəti ərizəsinə baxılarkən eynilə hakim Həsən Əhmədov da, sübutlarıma əhəmiyyət vermədən, qərəzli şəkildə qarşı tərəfi müdafiə edərək, 40 nəfər məhkəmə iştirakçısının şahidliyi ilə qanunsuzcasına mənə verilmiş 8 il cəza müddətini qüvvəsində saxladı. Yalnız Ali Məhkəməyə verdiyim kasasiya şikayəti ərizəsinə baxarkən hakim İlham Cəfərov sübutlara diqqət yetirərək, qərarında əməlimdə cinayət tərkibinin olmadığı tövsiyələrini verərək, mənə verilmiş 8 il cəza müddətini ləğv etdi. Bəraətverici əsaslarla işi yeni apelyasiya məhkəməsi baxışına göndərdi. Apelyasiya baxışı zamanı hakim Faiq Qasımov işi istintaqla tam araşdıraraq, mənim sübutlarıma əhəmiyyət verərək, danışmağıma məhdudiyyət qoymadan, qarşı tərəfin tələb olunan sənədləri təqdim etməməsini müşahidə edərək, qanunlara tam əməl edib, ədalətli şəkildə barəmdə bəraət hökmü çıxardı.

Bəraət alıb azadlığa çıxdıqdan sonra bütün dost-tanışlarımla əlaqə saxladım və münasibətlərimi bərpa etdim. Lakin müstəntiq Rəşad Məmmədov saxta əməllərinin ortaya çıxmasından bərk narahat olaraq dostlarıma zəng edib, onları əleyhimə qaldırmağa cəhd göstərdi. Bu barədə dostlarım mənə məlumat verdilər və vəkilim müstəntiqə zəng edərək bu qanunsuz əməlindən əl çəkməsini tövsiyə etdi. Lakin müstəntiq bu əməlindən əl çəkməyərək aramızda mülki hüquq münasibətləri zəminində həll olunmalı olan 3 nəfər şəxsi qanunsuz olaraq mənim əleyhimə qaldırdı və şəxsən özü həmin 3 nəfər üçün 12 saylı hüquq məsləhətxanasından hüquqşünaslar təyin etdi.

Dövlət ittihamçısı və bu sifarişlə üzərimə qaldırılmış şəxslərin şikayətləri əsasında Ali Məhkəmə baxışı təyin edildi. Ali Məhkəmə baxışı zamanı hakim Fərhad Kərimov dövlət ittihamçısının kağız üzərindən çətinliklə oxuduğu saxta ittihamı, 3 nəfər şəxsin hüquqşünaslarının saxta çıxışlarını diqqətlə, mənim əsaslı və faktlarla çıxışımı isə istehza ilə dinləyərək, danışıq hüququmu isə məhdudlaşdıraraq kasasiya şikayətlərini tam təmin etdi, barəmdə çıxarılmış qanuni bəraət hökmünü ləğv etdi və işi yeni apelyasiya baxışına təyin etdi. Yəni məqsəd mənim həbsimi təşkil etməkdir!

Üzərimdə saxtakar məmurların oyunlarına diqqət yetirin: Birinci instansiya məhkəməsi 8 il iş verdi, Apelyasiya Məhkəməsi 8 ili qüvvədə saxladı, Ali Məhkəmə bəraətverici əsasla 8 ili ləğv edib işi yeni baxışa təyin etdi, Apelyasiya Məhkəməsi araşdırma aparıb haqlı olduğumu görüb bəraət verdi, prokurorluğun protesti ilə Ali Məhkəmə bəraəti ləğv edib daha ağır ittihamlarla işi yenidən apelyasiya baxışına qaytardı. Mən başa düşə bilmirəm ki, mən qanuni haqqımı almağım üçün neçə məhkəmədən keçməliyəm? Qanunsuz qərarı dərhal, qanuni qərarı isə ömrümün axırına kimi məhkəmələrdə sürünərəkmi əldə etməliyəm?"

Məktub müəllifi yazır ki, müstəntiq və hakimlərin qanunsuzluqları nəticəsində ailəsi dağılıb, 10 kv metrlik evdə kirayə yaşayan xəstə valideynləri daha çətin vəziyyətə düşüblər: “Qanunsuz ittihamların nəticəsində birinci ailəm onsuz da dağılıb. Bu məmurlar məni cinayət törətməyə sövq edirlər.

Bugünlərdə Ali Məhkəmədən barəmdə çıxarılan qanunsuz qərarın nüsxəsini aldım. İttihamlar tamamilə saxta, əsassız, qanunsuz və gülüncdür. Hakim Fərhad Kərimovun verdiyi tövsiyələrdən hiss olunur ki, yeni apelyasiya məhkəməsi baxışı zamanı mənim həbsim labüddür və mənim sübutlarıma məhəl qoyulmayacaqdır. Əminəm ki, artıq Apelyasiya Məhkəməsinin hər hansı hakiminə də məhkəmənin yekun qərarında həbsim barədə göstəriş verilib.

Anam 1 ildən artıqdır ki, ürəyi xəstə halda, günün istisində, qışın soyuq aylarında qapılarını döymədiyi aidiyyatı idarələr, orqanlar qalmayıb.

Məhkəmələrdə dəfələrlə bildirmişəm ki, mənə qarşı qanunsuzluq olunsa, möhtərəm Prezidentimizə ictimai formada müraciət edəcəyəm. Lakin mənim bu sözlərimə ədalətsiz hakimlər və dövlət ittihamçıları əhəmiyyət vermədilər".

S.Ağayev yaxın günlərdə prezidentə də müraciət ünvanlayacağını qeyd edir.

Açar sözlər:

Oxunub: 1429


Oxşar xəbərlər