Gürcüstana “vətən” deməyin yolu bu idi - Zəlimxan Məmmədli


21:22     24 İyul 2015 2015-05-30-00-44-55Zelimxan.jpg

"Elat türk milli kimliyini bütün növ bölücülüyün üzərinə daşımaq gücündədir".

Bu qəsdli proseslərin sonucu olaraq milli-ruhi boşluğumuzun, vəhdətimizin ən sönükmüş böhranlı zamanlarında Borçalı Cəmiyyəti "Elat günləri" adı altında coğrafiyamıza və milli-ictimai həyatımıza yeni bir ruh əsintisi gətirdi. Artıq 7 ilə yaxındır ki, Borçalı Cəmiyyəti tarixən türk xalqlarının həyat və məişətində yayqın olan və zaman geçdikcə daha çoxşaxəli tərəfləri ilə qapsamlaşaraq kültür ənənəsinə çevrilən Elat günlərinə ulusal bir əhatə qazandırıb.


Artıq iyulun 26-da başlayacaq VII Elat mərasiminə sayılı günlər qalıb. Səfər öncəsi Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli ilə görüşüb söhbətləşdik...Uzun tarixi dövr ərzində müstəmləkə siyasətinin yedəyində olan əksər Türk coğrafiyasında milli adət- ənənələrin, gələnəksəl bayramların, el günlərinin unutdurulması nəticəsində millət olaraq bir çox üstün məziyyətlərimizdən aralı salınmaqla yanaşı təbii toplumsallaşma mexanizminin içəriklərindən də məhrum edildik.

-Zəlimxan bəy, gəlin ilk olaraq Türk həyat tərzində ənənəvi olan Elatın yaranma tarixindən danışaq.

Elat hüdudları bəlli olan konkret coğrafi bölgə daxilində mövsümü yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik olan insanların sosial birliyidir. Belə mədəni təsərrüfat tipinə malik insan qruplarının, sosial birliklərin yaratdığı mədəniyyət tipi isə Elat mədəniyyətidir. Özündə olduqca zəngin mənəvi-etnik və mədəni-sosial dəyərləri ehtiva edən bu mədəniyyət tipi Gürcüstanın şərqində, hazırda Kvemo-Kartli adlanan Borçalı-Qarayazı tarixi bölgəsində əsasən, kompakt məskunlaşmış, həmçinin qonşu bölgələrdə yaşayan Azərbaycan türklərinin məişət və təsərrüfat həyatının bu gün də tərkib hissəsi olaraq qalmaqdadır.

Gürcüstan türklərinin tarixən yaşadığı bölgə təbii-coğrafi şəraitinə görə düzən, dağətəyi və dağlıq ərazilərə bölündüyündən bu ərazidə yaşayan əhalinin təsərrüfat məşğuliyyətində düzən ərazilərdə maldarlıq-əkinçilik, dağlıq ərazilərdə isə maldarlıq olmuşdur.
Yaylaq-qışlaq təsərrüfat məişətinə malik əhali qrupu elmi ədəbiyyatda “elat”, “tərəkəmə” adlandırılsa da, bəzən tarixi, etnoqrafik ədəbiyyatda belə maldar əhali qrupu səhvən və ya qərəzli şəkildə köçəri adlandırılır. Halbuki, köçəri tayfa və xalqların mənlik şüurunda “yurd” anlayışı olmadığı halda, elat dünyaqavrayışında “yurd” ən müqəddəs anlayışlardandır. Bunu Gürcüstan yer adlarında –toponimlərdə də aydın görmək olar.

Gürcüstanın şərqində yüzillərlə formalaşıb təkmilləşən Elat mədəniyyəti özünəməxsus maddi və mənəvi mədəniyyətin – yaşayış məskənləri və evlərin, geyimlərin, yeməklərin, nəqliyyat vasitələrinin, məişət tərzinin, nağılların, əfsanələrin, dastanların, musiqinin, rəsmlərin, oyunların, eləcədə sənətkarların, eyni zamanda sosial birliklərin yaranmasına, formalaşmasına səbəb olmuşdur.

Eyni zamanda, Azərbaycan türklərinin yaşadığı Şərqi Gürcüstan digər millətlərin də (az da olsa ) yaşadığı polietnik regiondur. Bu amil də qarşılıqlı etnik əlaqələrin təsərrüfat məişətinin, məişət–mədəniyyətinin, maddi və mənəvi mədəniyyətinin formalaşmasında müəyyən təsirə malik olmuş, dostluq münasibətlərinə yardım göstərmişdir.



-Milli gələnəksəl kültürümüz olan Elat bu günümüzün siyasi reallığında tamam fərqli bir mahiyyət kəsb edir. İlk olaraq bu ideya kimdən gəldi, nədən doğdu?

2009-cu ildə, cəmiyyət yeni dönəm üçün fəaliyyətə başlayanda ilkin hədəf toplumu bir araya yığma və bir arada tutma yolunu aramaq, söykənəcəyimiz ideolojini müəyyənləşdirmək, strateji xətti aydınlaşdırmaq idi. Siyasi təcrübəm, söykəndiyim ideloji məktəb bu təşəbbüslə çıxış etməyimə təkan verdi. Uzun müzakirələr və axtarışlardan sonra Borçalı türklərinin həyat tərzində, poetik dünyasında, folklorunda, məişətində, Elat ənənələrinin mühüm, bəlkə də üstün yer tutduğunu müəyyənləşdirdik. Qıfıllı qapıların açılmasının, bu yerləri tərk edənlərin öz yurdlarına dönmələrinin, türk milli kimliyinin tarixi yaddaş prinsipi ilə formalaşmasının, onun gerçək- sağlam, dupduru bulaq suyu kimi şəffaf ruhunu aparıcı etməyin, Gürcüstana vətən deməyin və onu sevməyin yolu bu idi.

26 iyul tarixinin seçilməsi isə apardığımız tədqiqat nəticəsində həmin tarixdə statistik olaraq havaların nisbətən yağmursuz keçməsi ilə bağlıdır. Tarixin dəyişməməsi isə həmin tarixin simvollaşması, bayramlaşması, Gürcüstan həyatında toplumun toparlanma günü kimi təqvimə düşməsini istəməyimizlə bağlıdır.

- Bu illər ərzində Borçalıda düzənlənən Elat şənlikləri Azərbaycanda və Türkiyədə nə kimi təsirlər yaratdı? Bu şənliklər Gürcüstan türklərinin milli kimlik düşüncəsinə necə təsir etdi, Borçalıya nə qazandırdı? Ümumiyyətlə Elat şənlikləri bizə nələri qazandırdı, deyə bilərik?

Elat ənənələrinin dirçəldilməsinin toplumun gerçək mahiyyətinin üzə çıxmasında mühüm rolu artıq yüz minlərin, milyonların gözü qarşısında baş verməkdədir. Keçən il jurnalist dostlarımızın hesablamalarına görə Elat bayramında 30 min nəfərdən çox insan iştirak etdi. Gürcüstanda soydaşlarımızın məskunlaşdığı 200-dən çox kənd bu tədbirdə əksər ziyalıları ilə təmsil olundu. Elat bayramı artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Toplumsal, sağlam barış və sülh gücü meydanlardadır. Hesab edirik ki, Elat xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirməklə, düşmənlərə dirəniş üçün ictimai güc vasitəsinə çevrilməkdədir.

Elat tədbiri həm də el qarşısında hesabatımız və yeni hədəflərin müəyyən olunduğu məkandır. Bu müddətdə yüzlərlə ailələr Borçalı Cəmiyyəti vasitəsilə bir-birinə qovuşublar. Türkiyəyə, Güney Azərbaycana bir zamanlar köç etmiş soydaşlarımız öz əqrabalarını taparaq qohumluq əlaqələrini bərpa ediblər.

Borçalı türklərinin gerçək varlığı və mahiyyətini türk dünyasına tanıtmaq çox vacib idi. Artıq cəsarətlə deyə bilərik ki, bu hədəfə çatmışıq. Türkiyənin müxtəlif TV proqramlarında, KİV-də onlarla proqramlar işlənmiş və yayılmışdır. Eyni zamanda, Borçalı türklərinin problemlərinin klassifikasiyasının düzgün aparılması və cəmiyyətə təqdimatı da öz həllini tapmış məsələlərdəndir.



-Türkiyənin bəzi bölgələrində Qarapapaq və Azəri ayrışdırmalarının qarşısını almaqda Elatın nə kimi rolu ola bilər? Bu baxımdan nələri fikirləşirsiz?

Elat türk milli kimliyini bütün növ bölücülüyün üzərinə daşımaq gücündədir. Sosial məişətin yaratdığı adlar, istər coğrafi, istərsə də məyişətin yaratdığı türk tanıtım terminləri bölücülüyə hesablanarsa biz onun qarşısındayıq. Müşahidələrimiz əsasında bu qənaətə gəlmişəm ki, tərəkəmə, qarapapaq, azəri, yerli, gəlmə kimi terminlərlə toplumu bölmə və toplumsal gücü zəiflətmək cəhdi əksər hallarda bilgisizliyin, savadsızlığın təzahürüdür ki, bundan da türk toplumunu bütöv görmək istəməyən qüvvələr istifadə edir. Müəyyən məqamlarda bizim müdaxiləmiz fikir birliyinin yaranmasına təkan vermiş və toplumun iradəsi qalib gəlmişdir. Vəzifələrimizdən biri həmin qruplar arasında bilim adamları vasitəsi ilə ciddi marifləndirmə işini aparmaqdır. Hər il Elat tədbirində Türkiyə, Güney Azərbaycan, Quzey Azərbaycan, MDB, Avropa ölkələrindən də çoxsaylı insanlar iştirak edir. Qonaqlar arasında bəlli qrup nümayəndələri də iştirak edir ki, bu da sağlam dialoqla qüvvələrin birliyinə şərait yaratmaqdadır.

- Türkiyənin dövlət yetkililərinin Borçalı Elat Şənliklərinə münasibətini necə qiymətləndirmək olar. Qaneedicidirmi, yoxsa?

Mən Türkiyə hakimiyyət orqanlarından daha çox sivil toplum quruluşları və medianın rolunu xüsusi üeyd etmək istəyirəm. Artıq yüzlərlə Türkiyə QHT-i və media qurumları ilə sağlam əməkdaşlığımız qurulmuşdur. Borçalı Cəmiyyətinin Türkiyə üzrə səlahiyyətli nümayəndəsi var. QHT-lər bizim haqq mübarizəmizdə hər zaman vahid mövqe nümayiş etdirə bilirlər. Rəsmi qurumlarla əlaqələrimiz isə qanunların imkan verdiyi səviyyədədir.

-Bəs Azərbaycan rəsmilərinin Borçalıdan, eləcə də Elat şənliklərindən məsafəli durmağının səbəbi nə ola bilər? Bunu necə qiymətləndirərdiz? Nə kimi gözləntiləriniz var?

Bu daha çox siyasi sistemimizin taraz olmaması, cəmiyyətləşmə prosesinin ləngidilməsi ilə bağlıdır. Hər şeyi bir firqənin boyuna ölçməyi yanlış hesab edirəm. Bəzi halda bəzi səlahiyyətli rəsmi məmurlar bu cür qurumlara və milli problemlərlə məşğul olanlara özlərinin qarşok tutanı kimi yanaşırlar. Mən milli azadlıq insanıyam. Bu cür davranış milyonlar, milyardlar da olsa mənlik ola bilməz. İnana bilmərəm ki, hər hansı məmur Azərbaycanı, millətimizi məndən çox istəsin. Şəxsim üçün milli və dövlət maraqlarımız hər şeydən ucadır. Gərək ki, cənab Prezident bu tip məmurların mühasirəsindən qurtula. İnaıram ki, ilk təmasdan o, Borçalı Cəmiyyətinə və Borçalılara yeni, daha zəngin davranış sərgiləyər.

-Elat Şənlikləri Azərbaycanın bütövlük yolunda nə kimi töhfələr verə bilib və yaxud bundan sonra nələri verə bilər?

Biz fəaliyyətimizdə ölkə konstitusiyalarına, beynəlxalq hüquqa söykənirik. İctimai qurumun fəaliyyət imkanlarından bəhrələnirik. Bu gün Elat bayramında bütün coğrafiyalarda məskunlaşmış türklər bir araya gəlir və şənlənir, bölüşürsə bu milli birliyə xidmətdir. Yüzlərlə qohum-əqraba Elat vasitəsilə bir-birinə qovuşmuş, onlarla ailələrin qurulmasına səbəb olmuşdur. Biz bütün hallarda Güney Azərbaycan insanına qan bir, gen bir doğma baxırıq və ümummilli dərdlərimizin çözülməsində dəryada damla da olsa biz də varıq.

-Qarşıdakı illərdə bu şənlikləri üç dövlətin Azərbaycan-Gürcüstan və Türkiyənin birgə təşkilatçılığı ilə keçirilməsi perspektivini necə görürsünüz, mümkündürmü?

Düşünürük ki, hər üç dövlətin əlaqədar qurumları bu layihədə yaxından iştirak etməlidirlər. Bu layihə rəsmi status qazanmalı, hər üç dövlətin ortaq mədəniyyət tədbirinə çevrilməlidir. Bizim üçün milli və dövlət maraqları hər şeydən ucadır. Bunu dövlət rəsmiləri belə də qəbul etməli, sağlam iradə nümayiş etdirməlidirlər. Bununla bağlı hər üç dövlətin başçılarına rəsmi müraciətlər də göndərmişik. Problemlərin həllində, mədəniyyətlərin yaxınlaşmasında dövlətlərin dostlaşmasında xalq, mədəniyyət, insanların ruhu birbaşa iştirak etmirsə, bu siyasət qusurludur və əldə edilən nəticə dayanıqlı ola bilməz. Artıq Elat mədəniyyəti tədbirinin ümumilli xarakterli proseslərə, pozitiv cərəyanlara ictimai dəstəyi göz önündədir.

Söhbəti apardı-Gülşən Məmmədoğlu
Dünya Azərbaycanlıları Konqresinin Mətbuatla iş üzrə Müşaviri


Açar sözlər:

Oxunub: 2657