İşsizlərin nəzərinə - Bu sənədləri təqdim edin və...


19:55     22 Dekabr 2016 issizler7.jpg

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.


Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydiyyata alınır.

İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir.

«Məşğulluq haqqında» Qanuna müvafiq olaraq aşağıdakı vətəndaşlara işsiz statusu verilə bilməz:

15 yaşına çatmayan vətəndaşlara;

Pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlara;

İşaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən şəhər (rayon) Məşğulluq Mərkəzlərinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlərə (vətəndaşa eyni iş təkrarən təklif edilə bilməz);

İlk dəfə işaxtaranlara;

Azadlıqdan məhrum etmə cəzasını çəkənlərə;

Məşğul şəxslərə, o cümlədən sahibkarlara, fərdi əmək fəaliyyəti ilə məşğul olanlara və mülkiyyətində torpaq payı olanlara.

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz.

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir.

İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən müavinət almaq hüququ vardır. Təkrar müavinət təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.

İşsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlik müaviəntinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin 50 faizindən çox olmamaq şərti ilə artırılır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4249