SOCAR və “Petrovyetnam” birgə müəssisə yaradır


15:12     23 Aprel 2015 socar.png

Femida.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Vyetnamın neft-qaz korporasiyası olan “Petrovyetnam”ın prezidenti Khanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

SOCAR-ın yaydığı məlumata görə, Vyetnamlı qonaqlar şirkətin prezidenti Rövnəq Abdullayevin qəbulunda olublar.

R. Abdullayev Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin son illər daha da möhkəmləndiyini, Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin mayında Vyetnama dövlət səfərindən sonra yeni inkişaf mərhələsinə keçdiyini söyləyib.

30 İL ƏVVƏL BAKIDA TƏHSİL ALIB

“Petrovyetnam” şirkətinin prezidenti Khan 30 il əvvəl Bakıda təhsil aldığını, buna görə də səfərindən böyük məmnunluq duyduğunu ifadə edib. O, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Akademiyasının bir neçə məzununun olduğunu söyləyib, Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığını ilə qeyd edib. Ötən müddətdə Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşdiyini söyləyən qonaq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə həmişə yaxından maraqlandıqlarını və bu inkişafa sevindiklərini vurğulayıb. O bildirmişdir ki, Vyetnam prezidentinin Azərbaycana səfəri ərəfəsində SOCAR ilə “Petrovyetnam” şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar daha da intensivləşib.

BİRGƏ MÜƏSSİSƏ YARADIR

Qeyd olunub ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında neft-qaz mühəndisliyi üzrə birgə müəssisənin yaradılması işləri başa çatmaq üzrədir. Bakı Ali Neft Məktəbi ilə Vyetnamın neft-qaz sənayesi üçün kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. “Petrovyetnam”ın rəhbəri Azərbaycan və Vyetnamın perspektivli neft-qaz strukturlarının SOCAR-la birlikdə işlənilməsində maraqlı olduqlarını söyləyib.

BİR SIRA PERSPEKTİVLİ STRUKTURLAR İŞLƏNİLƏCƏK

R. Abdullayev şirkətin həyata keçirdiyi qlobal və regional əhəmiyyətli neft-qaz layihələrindən danışıb, qarşıdakı illərdə bir sıra perspektivli strukturların işlənilməyə başlanılacağını qeyd edib. O, bu istiqamətdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu, zəruri təhlil və araşdırmaların aparılacağını söyləyib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1611