Amerikanın oyunları...


19:12     27 İyul 2015 qabil%20aş9.jpg

“DÜNYADA PEDOFİLLİK YOXDUR. BUNLARIN HAMISI AMERİKANIN OYUNUDUR.”


Mənə maraqlıdır ki, görəsən, İsrail və ABŞ olmasaydı, bizim axırımız necə olardı?

Çünki, qlobal səviyədə baş verən hadisələrdə dərhal İsrail və ABŞ günahlandırılır. İŞİD-də qoşulan adamlar baş kəsir, insanlar dərhal deyir ki, “bu Amerikanın işidir.” Adam Suriyada doğulub, ömür boyu Suriyadan qırağa çıxmayıb ancaq deyirik ki, “yox eeeee Amerikanın işidir.” Heç bir zaman isə sual vermirik ki, “silah verəni başa düşdük, bəs o baş kəsəni yetişdirən cəmiyyət hansıdır, anası kimdir, atası kimdir?”
Mən əslində, bu tip sözləri və ifadələri çox eşitmişdim. Ancaq keçən həftə cəmiyyətimizdəki insanların bu fikirləri bir pillə irəli apardıqlarını gördüm. Belə ki, keçən həftə xəbər saytlarının birində Gürcüstan respublikasında azərbaycanlıların yaşadıqları kəndlərin birindən hazırlanmış bir reportaj var idi. Reportajda 13 yaşında ərə gedən, 32 yaşında nənə olmuş bir qadından bəhs edilirdi. Bunu oxuyaraq pedofillik adlandırdım. Çünki, fikrimcə, 13 yaşında qızla evlənmək, cinsi əlaqəyə girmək pedofillikdir. Mənim bu sözlərimi eşidən bir tanışım çox sərt şəkildə reaksiya verdi “DÜNYADA PEDOFİLLİK DEYİLƏN ŞEY YOXDUR. BUNLARIN HAMISI AMERİKANIN OYUNUDU. SƏNCƏ AMERİKA NİYƏ BUNU PEDOFİLİYA ADLANDIRIR? NİYƏ ERKƏN YAŞDA NİGAH ADLANDIRMIR? BUNUN YEGANƏ MƏQSƏDİ YALANDAN MÜƏYYƏN XƏSTƏLİKLƏR UYDURARAQ SƏNİN KİMİ TƏFƏKKÜRÜ ZƏİF OLAN İNSANLARI YOLDAN ÇIXARDARAQ BİZİM MENTALİTETMİZİ VƏ DİNİMİZİ GÖZDƏN SALMAQDI. NƏNƏLƏRİMİZ GƏNC YAŞDA EVLƏNİB NƏ OLUB? ANCAQ ONLARA BAX, HAMISI GEY VƏ LEZBİYANDIR”.

Öz fikirlərimi yazaraq bu reportajı bir neçə qrupda paylaşdım. Tezliklə mənim tanışımla eyni fikirdə olan xeyli insan mənim feysbuk səhifəmi “top atəşinə tutdu.” Hamısı da eyni sözləri təkrar edirdi. Guya Qərb LGBT-ni xalqa sırımaqdan ötrü bizim “milli dəyərlərimizi” alçaldır. Bu sözləri eşidərkən şoka düşdüm. Yəni insanlar çürümüş adət ənənəsi ancaq belə müdafiə edə bilər.

Bilməyənlər üçün deyim ki, əvvəlla pedofiliya və ya uşaq evlilikləri əvvəllər Amerika və digər Qərb Dövlətləri də daxil olmaqla bütün dünyada olub. Məsələ İngiltərədə evlənmə yaşının 16-ya qaldırılması 1885-ci ildə olub. Həmin tarixdən əvvəl isə evlilik yaşı qızlar üçün 12, oğlanlar üçün 14 yaş olub. Nişanlanma isə 7 yaşdan, aristokratlarda isə uşaqlar beşikdə olarkən edilib. 1890-cı illərə qədər ABŞ-ın bir neçə ştatında evlənmək üçün minimal yaş 10-dan az olub. Yəni yaşı hələ 10 olmamış qızlar rəsmi sürətdə evlənə biliblər. Pedofiliyə sadəcə Şərqə məxsus olan bir “milli dəyər” deyil ki, ABŞ, Qərb və İsrail bütün resurslarını bu “dəyəri” məhv etmək üçün səfərbər etsin.

Lakin, onları bizdən fərqləndirən bir xüsusiyyət var ki, bu xüsusiyyət onları dünyada super güc edir. Onlar zamanla ayaqlaşa bilməyən adət ənənələri ortadan qaldırıb tarixin tozlu rəflərində yerləşdirirlər və bunu dövlət olaraq deyil millət olaraq edir. Yəni millət bu adətin zamana uyğun gəlmədiyini görür ondan imtina edir. Sonra siyasətçilər xalqı öz tərəflərinə çəkmək üçün həmin yeni yaranan adətləri dəstəkləməyə məcbur olurlar.

Biz şərqlilərdə isə tam tərsinədi. Dövlət xalqa bu adətlərin zamanın keçdiyini, bu adətlərin ziyanlı olduğunu zorla başa salır. Bütün resurslarından istifadə edərək bir növ insanlara “yalvarır” ki, bu adətlər artıq bizə lazım deyil. Ancaq xalq bunu yaxın buraxmaq istəmir. Bəzən də görürsən ki, siyasətçilər xalqın rəğbətini qazanmaq üçün özləri həmin köhnə adətləri icra edirlər. Sonda isə zamanla uyğunlaşmayan həyat tərzi yaşadığımız üçün bütün fəlakətlər bizim başımıza gəlir və bizlər utanmadan, qızarmadan bu fəlakətlərin altında yenə də İsrail və ABŞ barmağı axtarırıq.


Qabil Aşirov
Femida.az

Açar sözlər:

Oxunub: 1617