Uşaq qəlbinə qarşı hakim çəkici


22:00     07 Yanvar 2017 528a13adf67e86c74aacf5244ac9ba40.jpg

Qubada baş verən hadisənin videosu ildırım sürətilə sosial şəbəkələrdə yayıldı. Bir qız uşağını məhkəmənin qərarı ilə anasından qoparıb, bioloji atasına təhvil vermək istəyirlər. Sonra məlum olur ki, uşağın “mama” dediyi həmin qadın onun doğma anası yox, xalası imiş. Anası erkən dünyasını dəyişdiyinə görə, uşaq xalasının himayəsində böyüyüb.


Uşağın xalasına “mama”, yəni ana deməsi hər şeyi aydınca ortaya qoyur. Demək, xala qızcığaza bacısının yadigarı, öz doğma balası kimi himayəsində saxlayıb, ona doğma anasından da artıq nəvaziş göstərib. Uşaq ana ocağında böyüyüb məktəbə gedib. Ürək ağrıdan videogörüntüdə qızcığazın davranışını və danışığını diqqətlə izlədim. On yaşlı uşağın nitqi aydın, fikri olduqca sərrast idi. Həm də ürəkparçalayan: “Xahiş edirəm, məni anamdan ayırmayın!” “Sizin övladınızı anasından ayırsalar necə olar?”

Sərbəst mühakimə yürüdən bir uşağın istəyinə qarşı çıxmaq, seçim hüququnu əlindən almaq, onu zorakı yolla bərk-bərk sarıldığı anasından ayırmağın bir adı var: mənəvi işidçilik!

Demək, valideynlər ayrılır, uşaq anası ilə qalır. Ana dünyasını dəyişir. Uşaq xalanın himayəsində böyüyür. Ananın xəstə vaxtında, ölüm ayağında onun səhhəti ilə maraqlanmayan, başqası ilə ailə həyatı qurmağa başı qarışan atanın yadına övladı illərdən sonra düşüb. Bəs, deməzsənmi, qız uşağını “özgə qapısında” böyütmək olmaz, onu mütləq mamasından qoparmaq lazımdı. Baxıb ki, uşağı isinişdiyi ocaqdan, yəni ana bildiyi xalasından ayıra bilməyəcək, üz tutub məhkəmələrə. Qəlbiqırıq bir qızcığazın taleyini zorla dəyişdirmək üçün məhkəmələrdə “mən ölüm”, “sən öl”lə hərəkət edən bioloji ata öz xeyrinə qərar çıxartdırır. Burda qəti şəkildə bildirirəm, uşağın arzu və istəyinin başına taxta çəkiclə vuraraq çıxarılan qərar hüququn hansısa qaydasına uyğun ola bilər, amma qeyri-insani olduğu göz qabağındadı.

Sonra da məhkəmə icraçıları bioloji ata ilə birləşərək son ümid içərisində yalvaran uşağı mənəvi anasından qoparıb, analıq yanına aparmaq istəyirlər. Az qalırlar, anasına zəncir kimi sarılan qızcığazın qollarını laqonda ilə kəsib yeganə sığınacaq adası olan anasından ayıralar. Nəhayət, onu da eləyirlər, ancaq laqondasız. Uşağın anasına sarmaşıq elədiyi qollarını burub açır, onu yerlə atasına doğru sürüyürlər. Diqqət edin, əhvalat məhkəmə zalında baş verir.

Vicdanlı bir hüquq müdafiəçisinin səyi nəticəsində hadisə ictimailəşdi və faciə sanki bütün Azərbaycan xalqının gözü qarşısında oynanıldı. Bütün xalq bu faciəni izlədi.

Mən burada öz düşündüyümü yazacam. Birincisi, özünü həkim adlandıran o bioloji atanın vicdanlı bir həkim olmasına inanmıram. Ölümü üfüqlərdə görünən həyat yoldaşından ayrılan, sonra da heç onun səhhəti ilə maraqlanmayan adamdan nə həkim? Qızının taleyini hansı yollarlasa nail olduğu məhkəmə qərarıyla əymək istəyən bir vətəndaş cəmiyyət üçün necə simpatik olar? Bəri başdan deyirəm, mən o adama nifrət elədim, bu öz yerində.

İkincisi, tutaq ki, o bioloji ata uşağı zorla öz evinə apardı. Bəs sonrası necə olacaq? Hələ özünü zorla övlada sevdirmək üçün həb kəşf olunmayıb!

Üçüncüsü, ölüm gününə qədər anasının səhhətilə maraqlanmayan bir atanı cocuq necə bağışlasın?

Dördüncüsü, əgər ata doğrudan da övladının xoşbəxtliyini istəyirsə, nə üçün onu ana bildiyi doğma adamdan vəhşicəsinə ayırmalıdı?

“Yooox! Sən nə danışırsan? Uşaq nədi, özbaşına buraxdı nədi?! Qız uşağı baldız yanında böyüməz! Bunun elçisi var, ərə getməyi var! Adama el-oba nə deyər? Uşaqdı, hələ ki, ağlı kəsmir, qələt eləyir! Böyüyəcək, özü hər şeyi başa düşəcək! Toynan-cehiznən ərə verəndən sonra biləcək ki, atası kim imiş!”

Bir cocuq ətrafında qurulmuş tor, qazılmış xəndək bax budu!

Murad Köhnəqala
Femida.az

Açar sözlər:

Oxunub: 5701