`Vətəndaş elə bilir ki, məhkəmə işçisiyik` - Vəkillə müsahibə (VİDEO)


18:44     10 Yanvar 2017 sadiq%20efendiyev.jpg

“Vəkil göstərdiyi hüquqi yardımın keyfiyyətinə təminat verə bilər, məhkəmənin çıxaracağı akta yox”; “Vəkil ədalətli yox, vicdanlı olmalıdır”


Femida.az “de-yure” layihəsini davam etdirir.

Bu dəfəki müsahibimiz vəkil Sadiq Əfəndiyevdir.

Müsahibəni oxuculara təqdim edirik:

Hər kəs sizi müstəntiq kimi tanıyırdı, lakin sonradan vəkillik fəaliyyətinə başladınız. Bunun səbəbini nə ilə izah edərdiniz?

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinin əyani şöbəsini bitirmişəm. Həmin vaxt daxili işlər naziri Ramil Usubovun şəxsi seçimi və universitetin göndərişi ilə bəzi tələbələr daxili işlər orqanlarında orta rəis heyətində vəzifəyə qəbul olundular. Mən də həmin tələbələrdən biri oldum. Daxili işlər orqanlarının müxtəlif xidmətlərində, o cümlədən istintaq, əməliyyat, təhqiqat xidmətlərində çalışdım. Əmək fəaliyyətim dövründə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırıldım. Hətta vəzifədə irəli də çəkildim. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, eləcə də vəkillik sahəsində aparılan islahatlar Azərbaycanda vəkillik fəaliyyətinin genişlənməsinə səbəb oldu. İstər-istəməz bir hüquqşünas kimi bu, mənim marağımı və diqqətimi cəlb etdi və məndə bu sahəyə həvəs oyandı. Bu səbəbdən mən müstəntiq vəzifəsindən vəkilliyə keçid etdim. Hüquq-mühafizə orqanlarındakı vəzifələr ənənəvi olaraq nüfuzlu peşələr sayılıb. Lakin son dövrlər vəkillik peşəsinin nüfuzunun artması hüquq-mühafizə orqanlarından bu sahəyə axını şərtləndirib.

Azərbaycanda müstəntiqlərin fəaliyyətindən razısınızmı?

Daxili işlər orqanlarında çalışmağa başladığım gündən müstəntiqlərin fəaliyyəti məni çox təəccübləndirmişdi. Bir çox müstəntiqlərin elementar hüquqi biliklərinin olmaması, araşdırmaların səthi aparılması və s. bu kimi məsələlər məndə doğrudan da təəccüb yaratmışdı. Lakin son dövrlər bu sahədə islahatların aparılması, hüquq-mühafizə orqanalarına qəbulun imtahan yolu ilə aparılması bilikli və hazırlıqlı kadrların bu sahəyə gəlməsinə səbəb oldu. Əvvəlki illərlə müqayisədə müstəntiqlərin intellekt səviyyəsi hiss olunacaq dərəcədə artıb. Ən ciddi problemlərdən biri də istintaq prosesində müstəntiqlərin həmişə ağır ittiham tərəfini önə çəkməsidir. Bu da hesab edirəm ki, Cinayət Prosessual Məcəllədə müəyyən olunmuş qaydalardan irəli gəlir. Əgər müstəntiqin məhkəməyə təqdim etdiyi cinayət işi üzrə ittiham məhkəmədə ağırlaşarsa, həmin cinayət işi yenidən istintaq olunmaq üçün geri qaytarılır. Bu isə müstəntiq üçün mənfi rəyin formalaşmasına, onun barəsində xüsusi qərar çıxarılmasına səbəb olur. Təbii ki, heç bir müstəntiq barəsində xüsusi qərarın çıxarılmasını istəməz. Buna görə də müstəntiqlər həmişə ağır ittiham tərəfini tuturlar ki, məhkəmədə ittiham ağırlaşası olmasın. Ola bilər ki, məhkəmənin qərarı ilə ittiham daha yüngül maddəyə tövsif olunsun. Lakin bu, müstəntiq üçün heç bir problem yaratmayacaq. Məhz qanunvericiliyin bu tələbinə görə müstəntiqlər ağır ittiham tərəfini tuturlar. Bu da təbii ki, insan hüquqlarının tələblərinə ziddir. Birdən elə olur ki, məhkəmə əsassız ağır ittihamı yüngül maddəyə tövsif etmir və nəticədə vətəndaş əsassız olaraq ağır cəzaya məhkum olunur.

Bizə tez-tez müraciətlər daxil olur. Vətəndaşlar müstəntiqlərin işi qərəzli aparmasından şikayətlənir. Vaxtilə müstəntiq işləmiş biri kimi bu cür halların səbəbini nədə görürsünüz?

İlk növbədə qeyd etməliyik ki, müstəntiqin həyata keçirdiyi istintaq prosesində vətəndaşlar müxtəlif cinayət prosessual statuslarda iştirak edirlər. Bunlara aiddir: təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid və s. Ən çox narazılıq təqsirləndirilən və zərərçəkmiş şəxslər tərəfindən edilir. Bu narazılıqlar da təbii qarşılanmalıdır. Təcrübə də göstərir ki, çox az qisim insan cəlb olunduğu məsuliyyətlə razılaşır. Lakin bəzən onların haqlı narazılığı da olur. Məsələn, müstəntiq təqsirləndirilən şəxsə qarşı qərəzli mövqe tutaraq onun barəsində istintaqı obyektiv aparmırsa, ona əsassız ittiham verərərk onu qanunsuz tutursa, bu zaman müstəntiqə verilən hansısa qanunsuz göstərişin mövcudluğundan danışa bilərik. Yox əgər, müstəntiq cinayət törədən şəxsi məsuliyyətdən kənarda saxlayırsa yaxud onun əməlini əsassız olaraq yüngül maddə ilə tövsif edirsə, təbii ki, bu, zərərşəkmiş şəxsin narazılığına səbəb olacaqdır və bu halda müstəntiqin korrupsiya maraqlarının olmasını daha çox ehtimal edə bilərik.

Sizcə, müstəntiqlərin səlahiyyəti artırılmalıdır?

Mən müstəntiqlərin səlahiyyətlərinin artırılmasından daha çox onların müstəqil qərar qəbul etmək imkanının təmin edilməsini daha zəruri hesab edirəm. Bu, bir reallıqdır ki, müstəntiqlər prokurorun göstərişlərini daha üstün tuturlar. Cinayət Prosessual Məcəlləyə görə, müstəntiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini, prokurorun göstərişini və öz daxili inamını əsas tutmalıdır. Lakin təcrübə göstərir ki, müstəntiqlər prokurorun qanuni, yaxud qanunsuz olmasından asılı olmayaraq göstərişlərini əsas tuturlar. Bu da təbiidir. Çünki müstəntiqlər ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tabedirlər. Yəni hər an müstəntiqlər prokurorların nəzarətindədirlər. Prokurorun müstəntiqin fəaliyyətindən təqdimat vermək hüququ var. Həmin təqdimat da təbii ki, müstəntiqin cəzalandırılmasına səbəb olur. Buna görə də müstəntiqlər müstəqil qərar qəbul etməkdə çətinlik çəkirlər.



Dünya praktikasında necədir? Müstəntiqin tam şəkildə müstəqil olduğu ölkə var?

Azərbaycanın mövcud qanunvericiliyi müstəntiqin prosessual tabeçiliyini prokurora aid edir. Daxili işlər orqanlarında, istintaq aparatlarının olduğu digər mərkəzi icra hakimiyytəti orqanlarında isə təşkilati-intizam qaydasında idarə rəislərinə tabedir. Bu gün dünyanın qabaqcıl ölkələrində müstəntiqlərin müstəqil fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür, müstəqil istintaq komitələri yaradılır. Ümid edirəm ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində bu məsələlərə xüsusi diqqət ayrılacaq.

Əvvəllər müstəntiq olmağa can atan xeyli sayda gənc var idi. Lakin görünən odur ki, bu sahəyə maraq zəifləyib. Sizcə, niyə?

Müstəntiq peşəsi həm əvvəllər, həm də indi nüfuzlu peşələrdən olub. Bu sahəyə axının güclü olmasını sovetlər dönəmindən qalma bir düşüncə tərzi kimi dəyərləndirirəm. Həmin dövrdə inzibati amirlik sistemi hökmran idi və hüquqmühafizə orqanlarına geniş səlahiyyətlər verilmişdi. Bu baxımdan həmin vaxtlar hüquqşünasların hüquq-mühafizə orqanlarında işləmək istəyi çox yüksək idi. Digər tərəfdən isə həmin vaxtlar vəkillik institutu çox zəif təşkilatlanmışdı. Xüsusilə mülki dövriyyədə vəkillərin fəaliyyətinə görünməz idi. Vəkilliyə marağın yüksəlməsi hüquqşünas məzunların seçim imkanını genişləndirdi. Bu isə müstəntiq olmaq istəyənlərin də sayında müəyyən azalmaya gətirib çıxardı. Müstəntiq vəzifəsi ən çətin peşələrdən biridir. Müstəntiq olmaq üçün hüquqşünaslardan yüksək intellekt, hüquqi biliklər, xüsusi tədqiqat aparmaq bacarığı tələb edilir. Və hansısa müstəntiqdə qənaətbəxş hüquqi biliklərin olmaması, onun onsuz da gərgin olan iş rejimini ağırlaşdırır, bu da onun həmin vəzifədən uzaqlaşmasına səbəb olur.

Vəkillik məsuliyyətli peşədir, yoxsa müstəntiq olmaq?

Hər iki peşə hüquqşünas peşəsidir. Hər iki peşənin öz mahiyyətlərinə uyğun qanunla müəyyən olunmuş məsuliyyəti vardır. Lakin hesab edirəm, müstəntiq vəzifəsi vəkillikdən daha məsuliyyətlidir. Müstəntiqin səhlənkarlığı, onun vəzifə öhdəliklərinu düzgün yerinə yetirməməsi son anda hansısa bir şəxsin qanunsuz azadlıqdan məhrum edilməsinə, yaxud da cinayət törətmiş bir şəxsin məsuliyyətdən yaxa qurtarmasına səbəb ola bilər. Vəkil müqavilə öhdəliklərini lazımincə yerinə yetirmədiyi təqdirdə mülki məsuliyyət daşıyır. Lakin müstəntiq vəkildən fərqli olaraq, atdığı yalnış addıma görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu baxımdan hesab edirəm ki, müstəntiq daha məsuliyyətli peşədir.

Belə bir deyim var: “Hər iki tərəfə işləyən vəkillər”. Doğrudanmı bu cür vəkillərimiz var?

Düzü, öz fəaliyyətim dövründə bu cür vəkillərlə qarşılaşmamışam. Ancaq od olmasa tüstü çıxmaz. Yəqin bu cür hallar var ki, belə bir deyim də formalaşıb. Belə hərəkətlərə yol vermiş vəkillər anlamalıdır ki, bu cür hərəkətlər onların müəyyən maddi ehtiyaclarının ödənilməsi üçün xeyirli ola bilər, amma eyni zamanda onlar uzunmüddətli karyeralarını təhlükəyə atmış olurlar. Vəkil öz işini vicdanla görməlidir. Ədalətli vəkil anlayışı yoxdur, məhkəmə hakimləri ədalətli ola bilər. Vəkil vicdanlı olmalıdır.

Bəzən elə olur ki, vəkil əvvəlcədən pulu vətəndaşdan alır, daha sonra işə məsuliyyətsiz yanaşır. Ya proseslərdə iştirak etmir, ya da telefonlara cavab vermir. Bir növ, qeyb olur. Bu cür hallarla qarşılaşmamaq üçün vətəndaşlara tövsiyələriniz nələrdir?

Vəkilin bu cür hərəkəti iki səbəbdən qaynaqlana bilər. Vəkilin iş yükü çox ola bilər və buna baxmayaraq müştərini qaçırmamaq üçün onunla müqavilə bağlaya bilər. Digər səbəb isə vəkilin bacarıqsızlığından irəli gələ bilər. Hər iki hal vəkillik peşəsini gözdən salan amillərdir. Vətəndaşlara tövsiyyəm odur ki, onlar yaxşı, etibarlı vəkil seçməyi bacarsınlar. Seçmək istədikləri vəkil barəsində araşdırma aparsınlar. Aldadıcı ucuz reklamların yox, real məlumatların arxasınca getsinlər.

Bəzi vəkillər var ki, vətəndaşlara qələbə qazanılacağı ilə bağlı 100 faiz təminat verir. Buna münasibətiniz necədir?

Bəli, bu cür hallar da olur. Bəzən vətəndaşlar işin nəticəsi ilə bağlı təminat istəyir. Etiraf etməliyik ki, vətəndaşlarımızda vəkillik haqqında təsəvvürlər çox zəifdir. Bəzi vətəndaşlar hətta elə bilir ki, məhkəmə işçiləriyik. Nəzərə almaq lazımdır ki, vəkilin əvvəlcədən vətəndaşa təminat verməsi düzgün deyil. Məhkəmənin çıxaracağı qərarla bağlı vəkil nə cür təminat verə bilər axı?! Çıxarılacaq məhkəmə aktı vəkilin iradəsindən asılı deyil. Vəkil özünün göstərdiyi hüquqi yardımın keyfiyyətinə təminat verə bilər, məhkəmənin çıxaracağı akta yox. Müştəri-vəkil münasibətləri tapşırıq müqaviləsinin şərtlərinə uyğun tənzimlənir. Tapşırıq müqaviləsi isə nəinki müştəriyə konkret nəticəyə əvvəlcədən təminat verməyi nəzərdə tutmur, hətta bunu qadağan edir. Buna görə də bu cür təminatlar verən vəkillər ya müştərisini aldadır, yaxud da ki, hakimə və ya müstəntiqə rüşvət verməyə hazırlaşır.

Bir vəkil kimi peşənizlə bağlı ən çox nədən narazısız?

Digər sahələrdə olduğu kimi, vəkillik fəaliyyətinin də öz çətinlikləri vardır. Götürək adicə vəkil sorğusunu. Mövcud qanunvericiliyə görə, vəkillərin idarə, təşkilat və müəssisələrdən zəruri sənədləri tələb etmək, materialları almaq və s. bu kimi səlahiyyətləri vardır. Bu səlahiyyətləri reallaşdırmaq üçün vəkil müvafiq orqana, idarə və təşkilata sorğu ilə müraciət etməlidir. Lakin digər həmkarlarımız da təsdiq edər ki, bəzi təşkilatlar ya sorğuya cavab vermir, ya gecikdirilmiş cavab verirlər, yaxud da gecikdirilmiş cavabla sorğuya mahiyyəti üzrə cavab verməkdən imtina edirlər. Təbii ki, bu da vəkilin müdafiə fəaliyyətini iflic vəziyyətə salır. Lakin vəkil sorğularına cavab verməyən şəxslərlə bağlı hansısa məsuliyyət müəyyən olunmayıb. Hələlik bu sahədə müəyyən boşluqlar var. Bir müddət əvvəl vəzifəli şəxslərin sorğulara cavab verməməsinə görə məsuliyyətin müəyyən olunması ilə bağlı İnzibati Xətalar Məcələsinə dəyişikliklər edildi. Lakin yaxşı olardı ki, vəkil sorğularını cavabsız qoyan, öz peşə fəaliyyətini həyata keçirərkən vəkilə yardım etməyən, onun fəailiyyətinə maneə yaradan vəzifəli şəxslərlə bağlı məsuliyyət tədbirləri konkret formada qanunvericilikdə göstərilərdi.

Dünyada ən gəlirli peşə vəkillik fəaliyyətidir. Bəs, siz əldə etdiyiniz gəlirdən razısınız?

Dünyanın qabaqcıl ölkələrində vəkillərin qazancları da çox yüksək olur. Qanunçuluq və vəkillərin gəlirləri, bunlar bir-biri ilə düz mütənasiblik təşkil edən məfhumlardır. Qanunçuluq güclüdürsə, vəkillik də güclüdür. Vəkillik güclüdürsə, vəkilə müraciət edənlərin sayı da çoxluq təşkil edir. Və son nəticədə vəkillərin gəlirləri artıq olur. Azərbaycanda da qanunçuluq möhkəmləndikcə vəkilliyin nüfuzu artacaq və bu da onların qazancının artmasına səbəb olacaq.

Azərbaycanda vəkil-hakim münasibətləri nə cür qurulub?

Hakim və vəkillərin fəaliyyəti prosessual qanunvericiliklə tənzimlənir. Onlar bir-birləri ilə yalnız prosessual münasibətlərdə ola bilərlər. Qanunvericilik nəinki vəkillə hakim arasındakı münasibətləri, bütövlükdə proses iştirakçıları arasında qeyri-prosessual münasibətləri qadağan edir.

Gələcəkdə hakim olmağı düşünürsüz?

Hazırda elə bir fikrim yoxdur. Hər halda hakimlik nüfuzlu hüquqşünas peşəsidir və gələcəkdə belə bir istəyim olarsa, yəqin ki, olmaq istəyərəm.

Sizcə, ədalətli hakimlər çoxdur, yoxsa ədalətsiz?

Ədalətli hakim də var, ədalətsiz hakim də. Arzu edək ki, ədalətlilərin sayı daha çox olsun.

Fəaliyyətiniz dövründə ədalətsiz hakimlərlə qarşılaşırsız?

Əlbətttə ki...

İcra məmurlarının fəaliyyətsizliyi həmişə müzakirə mövzusuna çevrilir. Bu sahədə problem nədədir?

İcra məmurlarının fəaliyyəti ilə bağlı əsas narazılıq mülki işlərlə bağlı çıxarılmış məhkəmə aktlarının icrası zamanı özünü göstərir. İcra mərhələri məhkəmə prosesinin ən çətin mərhələsidir. Avropa İnsan Hüquqları Məhkəməsi icra məhələsini ədalətli məhkəmə araşdırması hüququnun bir elementi kimi qəbul edir. İcra mərhələsində əsas narazılıq icra məmurunun hərəkətsizliyindən qaynaqlanır. İcra məmurunun hərəkətsizliyinin obyektiv və subyektiv tərəfləri olur. Məhkəmə prosesində iddiaçı və cavabdeh icra mərhələsində tələbkar və borclu qismində iştirak edir. İcraçı borcluya icra sənədinin könüllü icra olunması üçün bildiriş və qərarın surətini göndərir. Könüllü icra olunmadıqda icra məmurları məcburi icra tədbirlərini həyata keçirmək hüququ qazanır. Bəzən elə olur ki, məcburi icra tədbirləri də heç bir effekt vermir. Yəni son nəticədə borclunun gəliri, əmlakı yoxdursa, iş icra olunmamış qalır. Bunlar icraçının hərəkətsizliyinin obyektiv səbəbləridir. Subyektiv səbəblər isə bir çox məsələlərdən qaynaqlana bilər. Bura icra məmurunun qarşı tərəfdən müəyyən məbləğdə rüşvət almasını və bunun müqabilində hərəkətsizlik etməsini göstərə bilərik.

Gənc vəkillərə nələri tövsiyyə edərdiniz?

İlk növbədə onlar bilik səviyyələrini genişləndirməyə çalışsınlar, öz üzərlərində daima işləsinlər. İştirak etdikləri məhkəmə proseslərində vəkil etikasına riayət etməyə çalışsınlar. Gənc vəkillər bilməlidir ki, hər bir sahədə çətinliklər olur. Vəkillik fəaliyyəti müddətində müəyyən əngəllərlə qarşılaşdıqları zaman ruhdan düşməsinlər. Vicdanlı olmağa çalışsınlar və vəkil adını həmişə yüksək tutsunlar.

Müsahibəni apardı: Ceyhun Əhmədli
Video: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

Femida.az

Açar sözlər:

Oxunub: 31382