Mehriban Əliyeva fransalı dövlət katibini qəbul edib


22:04     11 Yanvar 2017 14841418115796454113_1000x669.jpg

Yanvarın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Femida.az AzerTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirib. Azərbaycanın birinci xanımı qeyd edib ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söylədi. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1007