Yetim qalan əkizlərin küçə həyatı - VİDEOREPORTAJ


23:20     12 Yanvar 2017 seadet%20qardasi12.jpg

Nə anaları var, nə də ataları. Heç yaşamağa evləri, yeməyə yeməkləri və geyinməyə isti paltarları da yoxdur. Söhbət valideynlərini kiçik yaşlarında itirən 3 gəncdən gedir: Səadət, Sabit və Sadiq. Femida.az onların acınacaqlı həyat hekayəsini təqdim edir:


Yaxın vəkil dostlarımızın birindən gənclərin rastlaşdığı çətinlikləri eşitdikdən sonra onlarla görüşmək qərarına gəldim. Ancaq harada görüşək? Onların yaşamağa evləri yoxdur. Çəkiliş etmək üçün gənclərin xalasının məskunlaşdığı Pirşağıda yerləşən məcburi köçkünlərin yaşadığı ərazini təyin etdik. Artıq deyilən vaxtda Pirşağıdayıq. Bizi ilk olaraq qarşılayan Sabitdir. Söhbət edə-edə dağılmış yollarla onların müvəqqəti qaldığı xala evinə gedirik. Sabitin ilk sözü bu olur: “İnşallah əziyyətinizin xeyri olar. Bu uzaqlıqda yolu gəlmisiniz. Bizim də səsimizi eşidərlər.”





Piyada xeyli yol qət etdikdən sonra uçuq-sökük bir yerə çatdıq. Bura Xocalıdan və digər işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin məskunklaşdığı keçmiş sanatoriyadır. Onsuz da qəzalı vəziyyətdə olan tikililəri yaxınlıqdan çəkilən yol xətti bir qədər də qəzalı vəziyyətə salıb. Evlərin 5-10 metrliyindən keçən yük maşınlarının yaratdığı təhlükə isə tam başqa mənzərədir. Yük maşınlarının evlərdə yaratdığı çatlar və qəza vəziyyəti isə tam başqa bir zamanın söhbətidir.
Qapının kandarında bizi uşaqların xalası Səfurə xanım qarşılayır. O da çox ümidlidir. Allah adamı olduğunu deyir. Otağa girərkən cavan bir qızın divanda əyləşdiyini görürəm.

Ruhiyyə xanım (red- ailənin hüquqlarını müdafiə edən vəkil) deyən rəssam qız sizsiniz? Sualını ona ünvanlayıram. O da çox mülayim və asta səslə bizi salamlayır. Elə ilk söhbətimizi də gənc rəssam-modelyer Səadətlə başlayır. O özü haqqında bizə qısa tanışlıq verir:







“ Adım Abdullayeva Səadətdir. Ailədə 3 uşağıq. Mənim bir əkiz qardaşım da var. 3 yaşımız olarkən valideynlərimizi itirdik. Cavanşir küçəsi, 8 ünvanında yerləşən 1 saylı yataqxanada yaşayırdıq. Valideynlərimiz vəfat edəndən sonra xalam bizi himayəyə götürdü. Həmin yataqxanada çox çətin günlərimiz keçib. Yataqxana yaşayış üçün təhlükəli olduğu üçün dövlət tərəfindən söküldü. Söküntü aparılan vaxt bizim payımıza düşən 45.000 manat kompensasiya ödənişi edilmədi. Buna görə də biz vəkil Ruhiyyə xanımın dəstəyi ilə məhkəməyə müraciət etdik. 3 məhkəmədə qalib gəldik . Məhkəmənin qərarına əsasən, Xətai Rayon İcra Hakimiyyəti bizə 45.000 manat kompensasiya ödəməlidir. Ancaq bu günə kimi onlar Ali Məhkəmənin qərarını yerinə yetirmirlər. Deyirlər ki, ödəməyə pulumuz yoxdur. İki ildir ki, biz küçələrdə qalırıq. Mənim əkizim qardaşım Sabitdir. Onun da psixoloji problemləri var. Belə çətin vəziyyətdən sonra daha da pisləşir.”



Elə bu andaca söhbətin ondan getdiyini görən Sabit söhbətə müdaxilə edir. O da yaşamadığı uşaqlığından gileylənir. Sabit deyir ki, onun belə əsəbi olmasının səbəbi qaldıqları yataqxana sökülən zaman yaşanılan gərginliklə bağlıdır.







“1997-ci il təvəllüdlüyəm. 3 yaşımda olarkən anamızı itirdik. Çox çətinliklə bu yaşa qədər çatmışam. Yaşadığım çətinliklər məndə psixoloji problemlərin yaranmasına gətirib çıxardı. Anamın ölümü indiyə kimi yadımdadır. Ondan sonra özümü çox pis hiss edirdim. Yaşadığımız yataqxana söküldükdən sonra küçələrdə qalmağa məcbur olduq. Bacımı qış olduğu üçün xalamın yanına gətirdim. Burada yer olmadığı üçün küçələrdə qalırdım. Çox istəyirdim ki, hərbiyə gedəm və qulluq edəm. Hərbiyə böyük marağım var. Amma sağlamlığım buna imkan vermir. İstəyirəm ki, qanuni haqqımız olan pulu bizə ödəsinlər. Biz də normal həyat yaşayaq. İşləyib bacımı saxlamaq istəyirəm. Bu gün dolanışığımız çox çətindir. Xalam da xəstədir. Ailəsini saxlaya bilmir. Biz də ona əlavə yükük. Evimiz olsa, mən işləyib ailəmizi saxlayaram.”

Səfurə xanım (red- uşaqların xalası) özünün və uşaqların sürdüyü çətin həyat tərzindən danışır. Onun da arzusu bacısından yadigar qalan bu 3 övladın xoş gününü görməkdir. Ancaq özünün də problemləri çoxdur. Səhhətində olan ciddi problemlər, ağır həyat tərzi və üstəlik də 3 bacı yadigarının çəkilməz dərdi. Buna baxmayaraq o da ümidlidir.







“ Gördüyünüz kimi qəzalı şəraitdə yerləşən bu tikilidə yaşayırıq. Biz özümüz Ağdam rayonundan məcburi köçkünük. Dərdim o qədərdir ki... Amma hamısını unutmuşam. Bu 3 uşağın dərdi hamısına üstün gəlir. Mənim də bir övladım var. Hazırda əsgərdir. Onkoloji xəstəyəm. İşləyə də bilmirəm. Səadət qızımız çox istdadlı rəssamdır. Gözəl əl qabiliyyəti var. Amma şərait yoxdur. Onun sənətini davam etdirməsi, yaradıcılıqla məşğul olması üçün sakit yer lazımdır. Həddindən artıq kasıb olduğumuz üçün ona lazım olan ləvazimatları da ala bilmirik. Üstəlik də bu uşaqlara ödənilməli olan pulu da vermirlər. O pulu versələr, normal həyata başlayarlar.”

Səfurə xanımın sözünü dinləyə-dinləyə gənc rəssamın çəkdiyi rəsmlərə baxıram. Onunla yaradıcılıq və təhsil barədə söhbət zamanı problemlərinin olduğunu başa düşürəm. Amma demək istəmir. Başa düşürəm ki, tələbə qızın təhsil alması üçün tələb olunan müəyyən xərclər var. Hələ bunun qışda geyimi, yol xərcləri, qidalanması da var...
Səadət bu problemlərdən söz açmasa da, arzusundan danışır. Gənc qızın ən böyük arzusu ailəsi ilə birlikdə özünün evinin olması və sərbəst şəkildə rəssamlığını davam etdirməkdir.








“Mən özüm Azərbaycan Dövlət Pedaqoji Kollecinin III kurs tələbəsiyəm. Özüm də bir sıra rəsm sərgilərində qalib olmuşam. İstərdim ki, yaxşı boyalarım olsun. Daha keyfiyyətli işlər yaradım. Amma imkanımız çox zəifdir. Mənə də bunları vəklimiz Ruhiyyə xanım alıb. Ümumiyyətlə həyatmızda o xanımın rolu böyükdür. Bütün məhkəmələri bizim üçün təmənnasız aparıb. Ondan əlavə başqa dəstəkləri də olur. Ona həyatım boyu minnətdaram. Elə bilirəm o da mənim xalamdır. Şəraitimiz olsa, rəsmləri çəkib, sataram. Bununla da dolana da bilərik. Bircə evimizin pulunu versələr, həyatımız düzələr.Ondan sonra yavaş-yavaş özümüz ayaqüstə dayana bilərik.”

Səadətlə söhbət zamanı onun ikinci qardaşının harada olduğunu soruşuram. Sən demə böyük qardaşı Sadiq hazırda tələbədir, İstanbulda oxuyur. Bəs, onun xərclərini kim çəkir? Suallarıma Səadət təmkinlə və asta səslə cavab verir.
“Böyük qardaşım Sadiq çox savadlı oğlandır. Çox çalışırdı. Çətinliklə məktəbi bitirdikdən sonra dostunun köməyi ilə Türkiyədə Universitetə qəbul oldu. İndi orada yaşayır. Gündüzlər oxuyur, gecələr də işləyir. Onun da orada vəziyyəti çox çətindir. İstəyir universiteti bitirdikdən sonra Bakıya gəlsin. Burada işləsin. Qardaşım bizim burada çətinliyimizi eşidəndə çox narahat olur. Onun özünə bu dəqiqə kömək lazımdır.”







Söhbətimiz zamanı gözüm otağın tavanına sataşır. Onlar təəcübümü görəndə sakit səslə “Hələ bu harasıdır... Siz bizə yağış yağanda gəlin. Evdə sudan oturmaq olmur.” Daş betondan ibarət olan tikilidə yalnız kustar üsulla düzəldilmiş qızdırıcıdan istifadə olunur. Zahir isti olan otaqda, əslində böyük bir soyuqluq yaşanır. Kimisi itirdiyi torpağ həsrətini, ev-eşiyinin həsrətini çəkir, kimisi isə vaxtsız itirdiyi valideyn qəmini. Təkcə bu otaqda xoşbəxt görünən qızdırıcının istisində qızınan pişikdir. O da artıq ailənin sevimlisinə çevrilib. Özünün xüsusi ədası var.







Qonaq olduğumuz xaricən kasıb, daxilənsə zəngin bir ailə ilə reportajımızı artıq bitirmək üzrəyik. Səadətlə otaqdan sağollaşıb çıxan zaman bizə əziyyətimizi halal etməyimizi istəyir. Təbii ki, bu bizim insanlıq və jurnalist borcudur cavabını verib, evi tərk edirik. Çöldə qarşılaşdığımız mənzərə də heç də ürəkaçan deyil. Qonşular evin ətrafına toplaşıb. Elə zənn ediblər ki, "Azəravtoyol" ASC-nə yazdıqları müraciətə cavab olaraq jurnalistlər çəkilişə gəlib. Axı, onların evinin cəmi 5 metrliyindən təzə yol xətti çəkilir. Bu abadlıq işi onlara sevinclə yanaşı problemlər də gətirib. Bu isə başqa bir reportajın mövzusudur. Sakinlərlə sağollaşıb geriyə qayıdırıq. Bu reportajdan bizə qalan xatirə Sabitin gözündə olan kədər, Səadətin üzündə olan nur və Səfurə xanımın gözündə olan ümid oldu.










Müxbir: Miri Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az


Açar sözlər:

Oxunub: 104763


Oxşar xəbərlər