“Ermənistandan təzminat tələb etmək lazımdır”


20:16     23 Aprel 2015 eziz54656.jpg

“Erməni məsələsi Azərbaycan üçün prioritet məsələdir”

Müsahibimiz Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.

- Əziz müəllim, aprelin 24-ü ermənilər qondarma “soyqırımı günü”nü qeyd etməyə hazırlaşırlar. Əslində isə həm soydaşlarımıza, həm abidələrimizə, mədəniyyətimizə, ən əsası, tariximizə qarşı ermənilər əsl soyqırımı həyata keçirib. Biz bilirik ki, bu sahədə sizin geniş tədqiqatlarınız var. Bu gün araşdırmalarınızla hansı nəticələri əldə etmisiniz?

– Epidemiya kimi, dünyanın hər tərəfinə yayılmış, daha doğrusu, bir çox ölkələrə və insanlara zorla yoluxdurulmuş erməni xəstəliyinin 24 aprel sindromunu biz azərbaycanlılar, xüsusilə 1960-cı illərdən etibarən daha yaxından müşahidə etmiş, bu xəstəliyin kəskinləşdiyi hər ilin həmin aprel günündə erməni millətçilərinin insanlıqdan hər dəfə necə çıxdıqlarını gözlərimizlə görmüşük. Təsəvvür edin, indiki nəsil ermənilərin bəlkə də heç biri 1915-ci il hadisələrini şəxsən görməyib, nəinki özləri, heç ata-babaları o tarixdə o məkanda, yəni Türkiyədə yaşamayıblar, amma onların beyinlərini elə zəhərləyiblər ki, yeddi nəsli tamam başqa məkanda - Suriyada, Livanda, Yunanıstanda, Rusiyada yaşayan bir erməni də ortalığa çıxıb, ağzı köpüklənə-köpüklənə soyqırımından danışır. Bunun bircə adı var: bu millət xəstədir! Dünya alimləri “erməni xəstəliyi” ifadəsini elmi dövriyyəyə təsadüfən daxil etməyiblər. Bu, psixoloji bir xəstəlikdir, bizim qarşımızda psixikası pozulmuş, necə deyərlər, insanlıq geni dəyişdirilmiş anormal bir toplum dayanır. Bu, bəşər tarixində unikal bir hadisədir. Bu topluma artıq heç nəyi sübut eləmək mümkün deyil, görünür, buna heç çalışmaq da lazım deyil. Onlar üçün heç bir müqəddəs dəyər yoxdur, onlar daltonik bir millətdirlər, hər şeyi qara rəngdə görürlər.

- Bəs çıxış yolu nədədir?
– Çıxış yolu bu toplumu mükəmməl öyrənməkdədir. Dünyanın harasında yaşayırlar-yaşasınlar, sanki ermənilərin hamısı eyni bir sxemlə idarə olunurlar. Bax, bu sxemi öyrənmək, bu sxemi pozmaq lazımdır.

-Onda nə olacaq?
– Onda onların təzədən insana çevrilmək ehtimalı var. Bu, həm də onların xilasıdır. Əks təqdirdə, bu mübarizə yer üzündə sonuncu erməni qalana qədər davam edəcək. Fikir verirsinizmi, ermənilər hansı cinayəti törədirlərsə, dərhal şivən qoparırlar ki, guya bu cinayəti türklər onlara qarşı törədiblər. 1915-ci ildə də elə. Birinci Dünya müharibəsində Türkiyəyə arxadan zərbə vuran da, yüz minlərlə dinc türk-müsəlman əhalini qəddarcasına qətlə yetirən də onlar, bunu Türkiyənin adına vurub, dünyanı ayağa qaldıran da onlardır. Hələ bu bir yana, bütün dünya bilir ki, 1917-1921-ci illərdə ancaq dini və etnik zəmində erməni silahlı dəstələri bütün Cənubi Qafqazda və Cənubi Azərbaycanda yüz minlərlə dinc əhalini vəhşicəsinə qətlə yetiriblər. Minlərlə fakt, sənəd, sübut var. Götürək sonuncu Qarabağ müharibəsini. Yaxud Xocalının qanı hələ qurumayıb. Amma yenə də başqalarını soyqırımında ittiham edirlər. Daha bir məsələ. Bütün dünya bilir ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı ərazisində yaranıb, tarixən o ərazidə ancaq biz yaşamışıq və deməli, min illər boyu o torpağın altında və üstündə mövcud olan bütün maddi mədəniyyət nümunələri həmin torpaqların aborigen sakinlərinə, yəni Azərbaycan türklərinə mənsubdur. Bəs hanı o torpaqların əsl sahibləri, hanı o sakinlərin min illər boyu yaratdığı mədəniyyət nümunələri? Yoxdur! Əvəzində nə var? Əvəzində tarixən Qafqaza heç bir aidiyyəti olmayan hibrid bir etnik toplum, uydurulmuş tarix, saxtalaşdırılmış mədəniyyət nümunələri. Amma bütün dünyanı inandırmağa çalışırlar ki, guya dünyanın ilk insanları bunlardır, hətta Nuh peyğəmbər də 4500 il əvvəl Ağrıdağdan enəndə 19-cu yüzilliyin ortalarında əsası Xaçatur Abovyan tərəfindən qoyulmuş müasir erməni dilində - aşxarabarca “Yerevume” (yəni “görünür”) deyib və 2500 illik tarixi olan Yerevan şəhər adı da həmin sözdən yaranıb. Halbuki hamı bilir ki, “İrəvan” şəhər adının “Yerevan” şəklinə salınması məhz 1936-cı ildə dövlət qərarı ilə baş verib. Maraqlıdır ki, ermənilər bu yalanları uydurur, sonra o qədər təkrar edirlər ki, uydurduqlarını unudur və öz yalanlarına özləri də inanmağa başlayır, sonra da bu yalanlara dünyanı inandırmağa çalışırlar.

-Bəs dünya niyə buna inanır?

– Mən düşünmürəm ki, dünya buna inanır, sadəcə, bir sıra ölkələr regionda öz siyasi, coğrafi, iqtisadi, dini və s. maraqlarına görə özünü inanmış kimi göstərirlər, istifadə olunmağa hazır olan bir toplumdan - ermənilərdən və istifadə edilməsi sərf edən bir ideyadan - qondarma erməni soyqırımından məharətlə istifadə edirlər. Qərbin ikili və ikiüzlü standartları buradan qaynaqlanır.

-Əziz müəllim, bu gün İrəvan xanlığı ərazilərində olan hansı abidələrimiz dağıdılıb? Onların mövcud vəziyyəti haqqında məlumatlar əldə edilirmi?

– Həmin ərazilərimiz tarixi coğrafiyamızda çox vacib, strateji bir regiondur. Orada tariximizin çoxlu oxunmamış səhifələri qalır. Maddi və mənəvi mədəniyyətimizin nadir inciləri o torpaqlarla bağlıdır. Çox təəssüf ki, Qarabağ ağrısı o qədər acı oldu ki, biz, demək olar ki, İrəvan xanlığı dərdimizi unutduq. Bu, bağışlanmaz bir tarixi səhvdir. İrəvan xanlığı ilə bağlı bizim təkcə tariximizdə yox, həm də şüurumuzda və ruhumuzda elə bir boşluq yaranır ki, bu boşluq sabah dərin bir quyuya çevrilib bizi uda bilər. Sanki biz o torpaqlarımızla bağlı hər şeyi unutmağa doğru gedirik. O cümlədən abidələrimizi. 15-ci yüzilliyə qədər İrəvan xanlığı ərazisində, o cümlədən bütün Qafqazda heç bir hay-erməni faktı mövcud olmadığı üçün həmin tarixəqədərki bütün abidələr bu ərazinin əzəli sakinləri olan Azərbaycan türklərinə - azərbaycanlıların etnogenezində iştirak edən müxtəlif türk və qeyri-türk boylarına mənsub olub. Həmin abidələrin haylaşdırılmasına isə 16-cı yüzillikdən başlanıb. 19-cu yüzillikdən etibarən isə kütləvi hal alıb. Sonuncu mərhələ 1988-ci ildə oldu. Həmin ildə 300-ə yaxın azərbaycanlı kəndindən 250 min nəfər soydaşımız qovulub çıxarıldı, 600-ə qədər qəbiristanlığımız, yüzlərlə tarixi abidəmiz düşmən içində qaldı. Onların indiki vəziyyətini təsəvvür etmək o qədər çətin deyil. İnternetlə girib öz kəndlərimizə baxa bilirik, həmin kəndlərdəki qəbiristanlıqların əksəriyyəti məhv edilib, yerində meşə zolaqları, meyvə bağları salınıb ki, izi tamam itsin. Pirlər, ocaqlar məhv edilib, məscidlər ya dağıdılıb, ya da başqa məqsədlər üçün istifadə olunur. Sizə bir fakt deyim, məsələn, çox böyük tarixi əhəmiyyətə malik olan Urud qəbiristanlığı qayaların əhatəsində yerləşdiyindən üstünə iki metr hündürlüyündə torpaq verib, yerini itirməyə çalışıblar. Əlimizdəki məlumatlara əsaslanıb, belə faktların sayını istənilən qədər artırmaq olar.

-Dünya tarixçiləri dünyanın qədim abidələrini, sirli qalan tarixi izləri bu gün də araşdırırlar və onlara biganə qalmırlar. Ancaq minilliklərə dayanan, qədimliyi hələ dünyanın tarixi ilə bir olan qədim abidələrimizin və tariximizin erməni daşnaqları tərəfindən işğal edilməsi və dağıdılmasına dünya tarixçiləri necə biganə qala bilir və göz yumurlar?

– Çox maraqlı və haqlı sualdır. Amma gəlin görək, biz öz üzərimizə düşən işi görmədiyimiz halda, dünyadan nəyisə gözləməkdə və ya tələb etməkdə haqlıyıqmı? Biz nə vaxt dünyaya car çəkdik ki, tarixi torpaqlarımızda bizim hansı abidəmiz düşmən tərəfindən dağıdılıb?! Gözümüzün qabağında İrəvan xanı Hüseynəli xanın 18-ci yüzillikdə İrəvanda ucaltdığı Göy məscidi Fars məscidi kimi bərpa edib İrana hədiyyə etdilər, Qaraqoyunlu Əmir Sədin və oğlu Pir Hüseynin İrəvan yaxınlığında Cəfərabad kəndindəki 15-ci yüzilliyin əvvəllərinə aid məqbərəsi türkmən abidəsi kimi bərpa olunub Türkmənistana hədiyyə edildi. Bu hadisələrdən qabaq həmin unikal tarixi abidələrin, yaxud Urud qəbiristanlığının və başqa abidələrin məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdıra bilməzdikmi? Nəticəsindən asılı olmayaraq, səsimizi qaldıra bilərdik. Heç bu gün də qaldırmırıq.

-Dağıdılan abidələrimizlə bağlı Ermənistandan təzminat tələb etmək mümkündürmü? Bununla əlaqədar erməniləri beynəlxalq məhkəməyə verə bilərikmi?

- Təbii ki, mümkündür. Lakin bundan da əvvəl tarixi və doğma torpaqlarımızdan, dədə-baba yurdlarından qovulan 250 min nəfər soydaşımızın ictimai və fərdi təsərrüfatlarda qalan on milyardlarla ABŞ dolları həcmində əmlakının davasını beynəlxalq məhkəmələrə çıxarmaq və təzminat tələb etmək lazımdır. Bunun üçün də gecikmədən həmin əmlakların qiymətləndirilməsi aparılmalıdır. Lakin biz nə edirik? Biz oturub gözləyirik ki, erməni bizə qarşı təzminat davası qaldırsın və bundan sonra biz də tələm-tələsik bu istiqamətdə nəsə bir iş görməyə başlayaq. Onda da gec olacaq. Tamamilə haqlısınız, təcili, gecikmədən İrəvan xanlığı ərazisindəki xalqımıza məxsus bütün maddi mədəniyyət abidələrinin qeydiyyatı aparılmalı, qiyabi də olsa, monitorinqi keçirilməli, dünya ictimaiyyətinə çatdırılmalıdır ki, sabah onların başına bir iş gəlsə, Ermənistan hökumətini beynəlxalq məhkəməyə vermək mümkün olsun. Biz düşmən tərəfindən əsir götürülmüş vətəndaşlarımızın azadlığa buraxılması üçün çalışırıq, bu, çox vacibdir, bu sahədə Azərbaycan rəhbərliyi böyük səylər göstərir və inşallah, bunun müsbət nəticəsini görəcəyik. Lakin unuduruq ki, o torpaqlarda bizim nə qədər tarixi abidəmiz, müqəddəs yerlərimiz əsirlikdədir, o abidələr də canlıdır, tarixin canlı şahidləridir, onların da azadlığa çıxması üçün əlimizdən gələni etməliyik.
-Ermənilərin qondarma “soyqırımı günü”nün ifşa olunmasında hansı işlər görülür? 31 Mart soyqırımı və Xocalı soyqırımını beynəlxalq arenada tanıtmaq üçün hansı addımlar atılmalıdır?

– Etiraf etmək lazımdır ki, erməni yalanlarının ifşası ilə bağlı son bir ildə çox böyük işlər görülüb, həm bizdə, həm də Türkiyədə. Lakin yenə də təəssüf hissi ilə qeyd etməliyəm ki, məhz son bir ildə. Təbii ki, bu da qondarma erməni soyqırımının 100 illiyi ilə bağlıdır. Yenə erməni təbliğatı öz yalanını yeritdi, bir tərəfdən Papa Fransisk, digər tərəfdən Avropa Parlamenti öz ikiüzlü, ədalətsiz, xristian və Qərb dünyasına utanc gətirən qərarını verdi. Ona görə belə bir nəticə ilə üzləşdik ki, erməni yüz ildir öz təbliğatını aparır, amma biz qondarma soyqırımının 100 illiyini gözləmişik. 600 ildir erməni yalanları ilə, 200 ildir ermənilərin bizə qarşı soyqırımları ilə, 27 ildir də ki, Qarabağ müharibəsi ilə üz-üzəyik. Fikir verin, “Xocalıya ədalət” kampaniyası çərçivəsində son illərdə dünyada nə qədər işlər görülüb. Bu, böyük bir hadisədir və təqdir olunmalıdır, amma belə bir işi təkcə Qarabağla yox, həm də İrəvan xanlığı ilə bağlı aparmaqla, təsəvvür edin, erməniyə nə dərəcədə zərbə vura bilərik. Erməni məsələsi Azərbaycan üçün prioritet məsələdir, bunun üçün bütün intellektual və maliyyə resursları səfərbərliyə alınmalıdır.

- Əziz müəllim, sədrlik etdiyiniz Azərbaycan Qaçqınlar Cəmiyyətinin bu istiqamətdə müəyyən planları varmı?

– Təbii ki, var. Biz bu istiqamətdə ciddi işlərə başlamışıq. Cəmiyyətin nəzdində Soyqırımı Arxivi, Soyqırımı Muzeyi və Soyqırımı İnstitutu yaradılıb, hər üç strukturun formalaşması istiqamətində müəyyən addımlar atılıb. Qəti şəkildə bildirirəm ki, bu gün indiki Ermənistanda azərbaycanlıların 1988-ci il soyqırımı ilə bağlı faktlarla, sübutlarla, sənədlərlə iş görmək imkanı ancaq Azərbaycan Qaçqınlar Cəmiyyətinə məxsusdur. Bu Cəmiyyət Azərbaycanda indi Ermənistan adlanan bütün tarixi torpaqlarımızdan olan qaçqınları öz sıralarında birləşdirən yeganə qurumdur. Məramımız aydın və qətidir: Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan millətinə, dövlətinə və dövlətçiliyinə xidmət, qaçqınların hüquqları və tarixi torpaqlarına qayıtması uğrunda mübarizə. Qısa vaxtda Azərbaycan Qaçqınlar Cəmiyyətinin erməni yalanlarına qarşı mübarizə mərkəzinə çevriləcəyinə inanıram.

Femida.az

Açar sözlər:

Oxunub: 524