Torpaq satışı zamanı nə qədər vergi ödəməliyik? - Hüquqi şərh


23:20     05 Noyabr 2017 torpaq%2056.jpg

Torpaq satışının vergiyə cəlb edilməsinin praktiki izahı. Hüquqşünas Sirac Piriyevin Femida.az-a şərhi.




İlk növbədə qeyd etmək istərdim ki, 1 yanvar 2017-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrinin satışı həmin əmlakın əldə olunması zamanı çəkilən xərclər çıxılmaqla əldə olunan gəlir hissəsindən hesablanırdı. Yeni dəyişikliyə görə isə artıq notariuslar alqı-satqı zamanı torpağın ümumi sahəsinə görə vergiləri hesablayıb dövlət büdcəsinə ödənilməsini təmin edəcəklər. Son bir ildə yaşayış sahələrinin təqdim edilməsi üzrə tətbiq olunan bu təcrübə müsbət nəticələr verdiyi üçün torpaq sahələrinin satışında da tətbiq olunması barədə qanunvericliyə dəyişikliklər edildi. Yeni qanunvericilik torpaq sahələrinin təqdim edilməsi zamanı verginin məbləğinin onun təyinatına görə hesablanmasını nəzərdə tutur. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqların satışı üzrə sadələşdirilmiş verginin məbləği həmin torpaq sahəsi üzrə hesablanmış illik torpaq vergisinin 2 misli qədər olacaq.
(torpaq sahəsi x şərti bal x 0,06) – torpaq vergisinin hesablanması qaydası


Kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti ballar Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilib.


Yaşayış fondlarının, həyətyanı torpaq sahələrinin satışı zamanı hər kvadratmetrə görə ödənişin məbləği isə 50 qəpik olaraq müəyyən olunub. Torpaq sahəsinin yerləşməsindən asılı olaraq bu məbləğə Vergi Məcəlləsinin 220.8.1-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əmsallar tətbiq ediləcək:

Bakı şəhəri üzrə yerləşmə yerinə uyğun olaraq - 1,2 - 4 ; (ümumilikdə 12 zonanı əhatə edir)
Gəncə, Sumqayıt, Xırdalan üzrə -1,5

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə - 1,2



Digər rayon və qəsəbələr üzrə - 0,5

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı zamanı isə yuxarıda qeyd etdiyimiz qaydaya əlavə olaraq aşağıdakı əmsallar tətbiq edilir:

Bakı şəhəri üzrə - 1,5

Gəncə, Sumqayıt, Xirdalan şəhərləri üzrə - 1,3
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə - 1,2

Digər rayon və qəsəbələr üzrə - 1,1

Əlavə olaraq bildirirəm ki, torpaq sahəsi hədiyyə, maddi yardım və miras kimi ailə üzvlərindən alındığı halda, aktivlər ər-arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə, eyni zamanda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" AR Qanununa əsasən fiziki və hüquqi şəxslərə torpaq alınması şərtilə ödənilən kompensasiyalar vergiyə cəlb edilməyəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 13075