Lotereya bileti, yoxsa fırıldaq?


22:38     28 İyul 2015 Lottery_150908.jpg



Lotereya biletləri, ərzaq məhsullarının qablaşdırılmasının içərisindəki uduşlar hansı qanunla tənzimlənir?

Femida.az bu sahədə kiçik araşdırma aparıb. Lotereyaların oynanılması, satışı, çap olunması necə tənzimlənir? Bu sahədə konkret qanun varmı?

Hüquqşünas Cəmil Adışov :


"Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu və Lotereyaların təşkili və keçirilməsi Qaydaları mövcuddur. Lotereya biletləri (digər formada məlumat daşıyıcıları olan lotereya biletləri istisna olmaqla) bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığa (lisenziyaya) sahib olan hüquqi şəxslər tərəfindən hazırlanmalıdır. “

Hüquqşünas Mehman Muradlı:

“Lotereyalar haqqında” Qanuna uyğun olaraq stimullaşdırıcı lotereyanın təşkilatçısı lotereya obyektinin keyfiyyətinə görə cavabdehdir. Yəni, təşkilatçının həm stimullaşdırma yolu ilə satdığı məhsul, həm də stimullaşdırma üçün istifadə etdiyi hədiyyələr sanitar-gigiyenik tələblərə cavab verməli, qanunvericiliklə nəzərdə tutulan uyğunluq sertifikatı olmalıdır. Əgər, belə uyğunluq yoxdursa, stimullaşdırıcı lotereyaya razılıq verilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Qanununa uyğun olaraq, malın (işin, xidmətin) qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Bu tələb stimullaşdırıcı lotereyadan istifadə olunmaqla satılan mallara da aiddir. Özü də bu halda həmin tələb malın satışını stimullaşdırmaq üçün uduşa qoyulan əşyalara və hədiyyələrə də şamil olunur. Məsələn, satışı stimullaşdırmaq üçün istifadə olunan uşaq oyuncağının təhlükəli kimyəvi maddələrdən hazırlandığı aşkar olunarsa, bunun qarşısı dərhal alınmalı, konkret zərərçəkmiş şəxslərə dəyən ziyanın əvəzi ilə yanaşı, mənəvi zərər görə kompensasiya da tələb olunmalıdır. “Reklam haqqında” Qanunda göstərilir ki, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir. Deməli, tum paketlərində hədiyyələr də yerləşdirməklə satış təşkil olunmasına Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən razılıq verilmədikdən sonra belə lotereyanın keçirilməsi qadağan edilmişdirsə, bunun reklamına yol verilə bilməz. Yuxarıda göstərilən qanuni tələblərin pozulması inzibati məsuliyyətə səbəb olmaqla əhəmiyyətli məbləğdə cərimələrin tətbiqinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 221-1-ci maddəsinə əsasən, keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına görə fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir. Bu fəaliyyət nəticəsində xüsusilə ciddi qanun pozuntuları olduqda və bu, ağır nəticələrə səbəb olduqda konkret tərkib əlamətlərindən asılı olaraq belə əməl iqtisadi fəaliyyət sahəsində cinayət kimi qiymətləndirilməklə cinayət məsuliyyətinə səbəb ola bilər.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2778