"Mən qorxmuram uzaq yola çıxmaqdan, " - 20 Yanvar şəhidindən bacısı danışır (VİDEO)


14:56     20 Yanvar 2018 Ulvi%20esger6.JPG


Femida.az -ın müsahibi 20 Yanvar hadisələrində şəhid olan istedadlı gənc şair Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadədir. Könül xanım müsahibəsində qardaşının qəhrəmanlığından, onunla keçirdiyi uşaqlıq illləri ilə bağlı xatirələrini danışıb.


- Könül Bünyadzadə kimdir?

- Könül Bünyadzadə fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitunun baş elmi işçisi, 8 fəlsəfi kitabın müəllifi və hazırda müqavilə ilə İstanbulda “ 29 Mayıs” Universitetində çalışan və ən əsası Ülvi Bünyatzadənin bacısıdır.

- Qardaşınızla keçən Göyçəli uşaqlıq illərinizdən danışaq.





- Göyçədə 5 yaşımıza qədər yaşamışıq. O zaman Ülvi 4-cü sinifdə oxuyurdu. Uşaqlığımız gözəl idi. Evimizin böyüyü Ülvi idi. Hər şeydə bizə nümunə idi. Orada özümüz üçün dünya qurmuşduq. İki qardaşın bir bacısı idim. Uşaq vaxtı özümüz üçün dava-dava oynayırdıq. Kiçik bir dünyamızı üçümüz doldururduq. Ən sevdiyimiz oyun öz aləmimizdə “uçmaq” idi. Elə zənn edirdik ki, başımız buludlara dəyir. Həmin bu oyunu sevimli itimiz də bizimlə bərabər oynayırdı. Böyük bir bağımız da var idi. Uşaqlığımız çox gözəl keçirdi...

- Göyçəli günləriniz hansı səbəbdən bitdi?

- Atam geoloqdur. Hələ ailə həyatı qurmamışdan əvvəl Rusiyada çalışırdı. Evlənəndən sonra Ermənistanın Zod qəsəbəsində qızıl mədənlərində işləyirdi. Daha sonra atamın işi ilə bağlı Daşkəsən rayonuna köçdük. Atam orada dağ mədənində işləyirdi. Həyatımızın qalan hissəsi orada keçdi. Orta məktəbi də Daşkəsəndə oxuduq. Ali məktəbə daxil olduqdan sonra Bakıya köçdük.

- Görüşümüzün əsas məqsədi 20 yanvar hadisələrində şəhid olan qardaşınız Ülvi Bünyadzadə ilə bağlıdır. Sizin üçün Ülvi Bünyatzadə kimdir?


- Ülvi mənim üçün hər şeydən əvvəl böyük qardaşımdır. Uşaqlıqdan mənim üçün nümunə olan bir şəxsdir. Hələ o əsgərlikdə olanda orta məktəbdə oxuyurdum. O vaxtlarda qardaşıma məktub yazıb, ondan məsləhət alırdım. Yeddinci sinifdə oxuyanda Ülviyə dedim ki, mənim başqa idealım yoxdur, ancaq sənsən. Fəlsəfə doktoru olduqdan sonra Ülviyə bir daha, fərli gözlə baxdım. Onda daha çox şeyləri gördüm. Ülvi 20 yaşında böyük bir qəhrəmanlığı, yaradıcılığı sığışdıran bir insandır. Özü də böyük hərflərlə adı yazılan bir şəxs. Elə o illərdə “Gəncliyin fəlsəfəsi” ni yazdım. Ülvini də həmin kitabımda qəhrəman seçdim. Burada fərqli insanlarla Ülvini müqayisə etdim.

- Qardaşınızın yaradıcılığından danışaq. Hardan idi bu gənc oğlanda bu böyüklükdə istedad?

- Atam geoloq olsa da, yaxşı şeirlər də yazırdı. Evimizdə şeirlərin, əsərlərin müzakirələri gedərdi. Anamsa gözəl bir xalça ustası idi. Şair bir atanın, ilmələrlə naxış yaradan ananın uşaqlarıyıq biz. Bütün bunlar Ülviyə də təsir edirdi. O ilk şeirlərini hələ 5 yaşında olarkən yazmışdı. Şeirlərini yazıb, atama göstərirdi. Ülvi böyüdükcə şeirlərinin məzmunu da böyüyürdü. Fəlsəfəsi güclü idi.

- 19 yaşında gənc şairin ailəsinə, bacısına həsr etdiyi şeir olmuşdu?

- Ülvinin kiçik bir hekayəsi anamıza həsr edtmişdi. Bizə hər hansı bir şeir yazmayıb. Onun yazdığı şeirlərin əsas mövzusu Vətənlə bağlıdır. Bir neçə il əvvəl Ülvinin oxuduğu məktəbdə oldum. Həmin məktəb Daşkəsəndə dağların qoynunda yerləşir. Elə o mənzərəni görəndə dedim ki, burda oxuyan elə şair olar...

- Bəs, qardaşınızın hansı şeirlərini əzbər bilirsiniz?

- Şeir əzbərləmək üçün yaddaşım o qədər də güclü deyil. Amma Ülvinin bir neçə misrası var ki, yaddaşıma həkk olunub.

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun, şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun, acısından, ağrısından, «Ölüm» adlı yuxusundan mən qorxmuram.

Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür,
Dünənimdən, bu günümdən, sabahımdan ötür keçir.

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki, dünyadakı bütün yollar, Anamın təndir evinin qaba ğından ötür keçir.







Bu misralarda Ülvi öz taleyini yazıb...

Atama oğul deyil əm, Anama oğul deyil əm.
Bu ocağın kor çırağı, Yanmayacaq işığıyam.
Atam-anam zəmanədir, Mən zəmanə uşağıyam



Yazdığı şeirlər çoxdur. Sibirdə yazdığı gözəl bir şeiri düşür yadıma.

Pəncərəmi döyür Sibir küləyi,
Qəm sovurur kipriyimdən, qaşımdan.
Düşündükc ə ötüb-keç ən günləri,
Burum-burum duman qalxır başımdan.

Şeirlər çoxdur...Hər şeir də özündə bir xatirə yaşadır.

Ülvinin bir şeirində ölümündən sonra anasına səbr diləyir. Bu da təsirli şeirdir.

Ülvinin ən böyük poeması Əfqanıstan döyüşçülərinə həsr olunub. Poemanı oxuyanda bilmirsən ki, bu Əfqanıstana yazılıb, ya Qarabağa.

- Ülvi Bünyatzadə adını Azərbaycan xalqı üçün əbədiləşdirən onun 20 yanvar hadisələri zamanı şəhidlik zirvəsinə ucalması ilə bağlıdır. Nə xatirinizdə qalıb həmin günlə bağlı?

- Həmin vaxt Daşkəsəndə yaşayırdıq. Mən də orta məktəbdə oxuyurdum. Qardaşlarım isə Bakıda tələbə idi. Yanvarın 20-si günü Daşkəsəndə söz yayıldı ki, Bakıda güllə-boran olub, insanları qırıblar. O dəqiqə anam dedi ki, Ülvi də orada olacaq. Çünki onu yaxşı tanıyırdıq. Çətinliklə Bakı ilə əlaqə saxladıq. Bizə telefonda dedilər ki, Ülvi yaralıdır. Amma anamgil buna inanmadı. Çünki Ülvi fiziki cəhətdən zəif uşaq idi. Amma mən onun yaralı olduğuna inanırdım. İnana bilməzdim ki,.... ( Gözləri dolur)

Yolda gələ-gələ Ülviyə verəcəyim sualları hazırlayırdım. Həmin gecə nə baş vermişdi. Görəsən? Şəhərə çatanda qorxulu mənzərə ilə rastlaşdıq. Şəhərin girişində gördüm ki, cavan bir oğlan Sovet Azərbaycanının bayrağını dirəkdən qırıb, yerə atdı. Mən də o vaxt uşaq idi. Özlüyümdə fikirləşdim ki, bu niyə bayrağı yerə atır? Çox təəccübləndim. Bir qədər şəhərin içərisinə girəndə gördüm ki, adamlar ağlaşır. Nə baş verdiyini bilmirdim.







- Qardaşınızın şəhid olma xəbərini sizə kim çatdırdı?

- Qardaşım Bakıda babamgildə qalırdı. Əmimgil onu “Semaşko” dan tapmışdılar. Biz babamgilə gələndə Ülvi bizi tər-təmiz qarşıladı... Həmişəki kimi... (Gözləri dolur)

- Şəhid olduğu yer haqqında nə bilirsiniz?

- Ülvi Xarici Dillər Universitetində oxuyurdu. Özü də imtahan vaxtı imiş. O imtahanı vaxtından əvvəl veribmiş və müəllimlərinə deyib ki, axşam tanklar gələcək. Müəllimləri onu saxlamaq istəsələr də, o dayanmayıb. Bir neçə gənclə birlikdə şəhərə girən tankların qarşısına çıxıb. Əvvəlcə onlar elə bilib ki, tanklar silahsızdır. Ülvi insanları çölə çıxmağa qoymayıb. Amma özü silahsız tankların qarşısına çıxıb və deyib ki, burada olanlar silahsızdır, atmasınlar. Elə həmin vaxt açılan atəşdən sonra o şəhid olub.

- Sevimli qardaşınızla son vida günü oldu həmin gün...

- Azərbaycan necə vidalaşdısa, biz də helə vidalaşdıq. Evimizin əzizini göndərdik... Getdi...

Yadımdadır ki, Xarici Dillər Universitetinə kimi onu piyada gətirdilər. Həmin vaxt izdihamın içərisində itdim. Gördüm ki, hər kəs bizim kimidir. Biz tək deyilik. Bu məni qorxudan xilas etdi. Şəhidlər Xiyabanına kimi Ülvini piyada apardıq. Elə görürdüm ki, insanlar karvan kimi keçir. Ömrümdə o qədər qərənfil və insan görməmişdim... (Red- Gözləri dolur) Bunlar mənim daşlaşmış xatirəm oldu...

- Qərənfili sevirsiniz, ya nifrət edirsiniz?

- Yox... Qərənfilin nə günahı var ki? Qara yanvar onun da taleyini qara gətirdi. Qərənfillə bağlı bir esse yazdım. “Bir çiçəyin nağılı.” Orada bir gülün faciəsini yazmışam. Həmin gün Ülvinin məzarından bir qərənfil götürüb, Ülvinin uşaqlıq albomunun arasına qoydum. Hələ də onu saxlayıram. Qərənfillər şəhidlərlə yanaşı acı taleh yaşamış bir çiçəkdir. Artıq onu heç kim sevgi çiçəyi hesab etmir.

- Bəs, bütün olanların günahı kimdədir?

- Sovet İmperiyası özünü qoruyub saxlamaq istəyirdi. Bütün bunlar siyasi proseslər idi. Bütün belə proseslər qanlı qurbanlar tələb edir. Mən buna fəlsəfi cəhətdən yanaşıram. İlk uşaq doğulanda ağlaya-ağlaya doğulur. 20 yanvarda da bütün Azərbaycan ağladı. Çox qurbanlar verdik. 20 yanvarda yeni Azərbaycan doğuldu. Böyük qurbanlar hesabına...Azərbaycan ağlaya-ağlaya yenidən doğuldu.







- Qardaşınızla bağlı çoxmu cavabsız suallarınız var?

- Əlbəttə... Ülviyə veriləsi suallarım çox idi. Hadisələr vaxtı şagird idim. Sonralar öz peşəmi yox, Ülvinin peşəsini seçdim. Bax bunu Ülvidən soruşmaq istərdim ki, o necə baxır buna... Bəzən onu yuxumda görürəm. Onunla yuxuda danışırıq.

- Son görüşünüz yadınızdadır?

- Bəli, onunla sonuncu dəfə görüşdük. Mənə tələbləri çox idi. O sonuncu görüşümüzdə dərslərim barədə danışdıq. Ona dedim ki, Tibb Universitetinə hazırlaşıram. Qardaşımla qol-boyun o baş, bu başa getdik. Hər kəsə böyük qürurla göstərdim ki, mənim belə qardaşım var. Bu görüşdən 3 ay sonra o şəhid oldu.

- Artıq 27 il keçir. Az müddət deyil...

- Doğurdan... ?! Heç buna fikir verməmişdim. Bu rəqəm mənim üçün çox böyük göründü. Elə şeylər var ki, illər onun yanında acizdir. Ülvi bu gün də mənim üçün 20 yaşında bir qardaşdır. O mənim üçün bu gün də var. Nə qədər ki, Azərbaycanımız sağdır, Şəhidlərimiz də ölmür.

- Yəqin ki, bir çoxları kimi sizin də görüş yeriniz Şəhidlər Xiyabanıdır?

- Yox. Bizim ruhlarımız görüşür. Orada olanlar sadəcə daşdır...

- Sizə şəhid bacısı kimi müraciət edəndə etiraz etdiniz. Səbəb nədir?

- Ülvi mənim üçün yaşayır. O hiss olunur axı... Onun haqqında keçmiş zamanda danışmıram. Düz deyil axı...

Müsahibəni şəhid Ülvi Bünyatzadənin Azərbaycan bayrağına həsr etdiyi bu şeirlə bitirirəm.

Qabar tutar əllərimin məlhəmi,
Sənsən mənim ürək qanım, bayra ğım.
Qurub-tikən ürəyimin ilhamı,
Sevimli Az ərbaycanım – bayra ğım!
Şan-şə r əfim, adım, şanım, bayra ğım!



Müxbir : Miri Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az

Açar sözlər: Şəhid   20Yanvar   Ülvi   Bünyatzadə   Femida.az   Yanvar    

Oxunub: 22992